AZ

Şimal qonşumuz Şimali Koreyanı müharibəyə cəlb etməklə nə demək istəyir? - TƏHLİL

Şimali Koreya hərbi kontingentinin Ukraynada döyüş üçün göndərilməsi dünya siyasi gündəmində müzakirə olunan məsələlərdən biridir. 

Mövzu ilə bağlı Sitat.info-ya açıqlama verən Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, siyasi şərhçi Aqşin Kərimov hesab edir ki, Rusiyanın Şimali Koreya kartı ilə müharibə kampaniyasını davam etdirməsi Vladimir Putinin Ukraynadakı maksimalist səylərinin ikiqat artdığını göstərir:

"Uzaq şərqdən gəlmiş hərbi kontingentin dəqiq nə edəcəyi qaranlıq qalsa da, Rusiya Şimali Koreya qoşunlarından müdafiə məqsədləri üçün deyil, hücum məqsədləri üçün istifadəyə üstünlük verəcək. Rusiyanın hücum kampaniyasının cari tablosu əsasən Donetsktin tamamilə tutulmasına yönəldiyindən, burada Ukraynanın ciddi müqaviməti ilə üzləşə biləcəyindən ehtiyatlanır. Şimali Koreya qoşunlarının portreti Rusiya ordusunun komplektləşdirilməsinə, ruslardan və koreyalılardan ibarət hibrid taborların, briqadaların yaradılmasına hesablanmış əməliyyat kimi görünür. Cənubi Koreya kəşfiyyatı Şimali Koreya hərbçilərinin təlim keçmiş xüsusi təyinatlı qüvvələr olduğunu bildirir ki, bu da yuxarıda dediyimiz “hücum əməliyyatları” məqsədlərini təsdiqləyə bilər". 

A.Kərimov vurğulayıb ki, Rusiya strategiyasının mahiyyətini Şimali Koreya amili ilə uyğunlaşdırmaqla böyük ölçülü dizayn formalaşdırır: "Kreml Şimali Koreyanın Ukraynaya qarşı müharibədə iştirakına hüquqi əsaslandırmalar axtararkən, eskalasiya dairəsinin regional çərçivədən çıxıb qloballaşma təhlükəsi artacaq. Rusiya bununla NATO-nun Ukraynadakı dəstəyinə meydan oxumaq, “xaosu” Asiya-Sakit Okeanı regionuna qədər genişləndirib, Qərbə qarşı Çin mövqeyini sərtləşdirmək niyyətində ola bilər.

Putin beynəlxalq səviyyədə təcrid olunmadığını, lazım gəldikdə əlavə resurslardan istifadə etməklə Avro-Atlantik məkanın təhlükəsizliyində Rusiyanın da payı olduğunu nümayiş etdirir. Bütün bunlar Rusiya-Ukrayna münasibətləri fonunda o deməkdir ki, Rusiya indiki şərtlər altında sülh bağlamağa tələsmir və maksimalist mövqeyini saxlamağa davam edir. Ukraynada qış aylarında enerji böhranı kəskinləşdikcə bu tendensiyalar daha da sürətlənəcək".

Siyasi şərhçinin fikrincə, Şimali Koreyanın Ukrayna poliqonuna yerləşməsi strateji müstəvidə Çin, Şimali Koreya və Rusiyadan ibarət müttəfiqlik görüntüsünü gücləndirir: "Çin iki “müttəfiqi” ilə iddia edilən sövdələşməni Qərbin qorxularını gücləndirmək üçün istifadə edir. Çin ABŞ-nin Tayvana dəstəyinə qarşı sərtləşən mövqeni Ukraynadakı Şimali Koreya epizodu ilə əlaqələndirməkdə həvəslidir. Çünki Çin Ukraynada Şimali Koreyanın sayəsində ehtiyatlanan Qərbin Uzaq şərqdə təsirlərini zəiflədə biləcəyini güman edir".

Seymur,

Sitat.info

 

Seçilən
1
2
sitat.info

2Mənbələr