AZ

“Vosmoy” bazarı haqda SON DƏQİQƏ XƏBƏRİ – İcra hakimiyyətindən açıqlama

Xəbər verdiyimiz kimi, Bakının Nizami rayonunda “Vosmoy” bazarı kimi tanınan “8-ci km Ticarət Mərkəzi”nin ətrafında küçə ticarətinin yığışdırılmasına başlanılıb. Hətta ərazidə olan köşk və piştaxtalar artıq sökülüb. Bu, ictimaiyyətdə ciddi narazılığa səbəb olub. Obyekt sahibləri əvvəlcədən söküntü ilə bağlı məlumat verilmədiyini iddia edir və yerdə qalan mallarını harada satacaqlarını bilmirlər.

“Vosmoy” bazarında nə baş verir?

Globalinfo.az məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyətinə sorğu ünvanlayıb.

Sorğuya cavab olaraq obyekt sahiblərinə öncədən xəbərdarlıq edildiyi bildirilib:

“Bazarın özündə heç bir söküntü işləri aparılmayıb. Lakin bazar ətrafında və yol kənarında yerləşən küçə ticarəti piştaxtaları sökülür. Bir ay öncədən ticarətçilərə xəbərdarlıq da edilib. Onlar küçə ticarəti ilə məşğul olublar, fəaliyyətləri də qanunsuz idi. Ona görə də onların yenidən fəaliyyət göstərməsi üçün yerin ayrılması nəzərdə tutulmur”.

Sözügedən bazarla bağlı vaxtaşırı xəbərlər yayılır. Ötən il dekabr ayının əvvəlində “8-ci km bazarı”nın köçürüləcəyi barədə xəbər yayılmışdı. Bu, ordakı ticarətçilərin narazılığına səbəb olmuşdu. Bildirilirdi ki, bazar ləğv ediləcək.

Bu ticarət mərkəzi uğrunda uzun illər oliqarxlar, nazirlər arasında amansız mübarizə gedib. Xeyli adamın pulu batıb, bir neçəsi azadlığını itirib. Eldar Mahmudovun, Akif Çovdarovun timsalında generalların bu “yüksəklik” uğurunda amansız savaşı da cəmiyyətə məlumdur. Hətta “8-ci km bazarı”nın məsələsi Akif Çovdarovun məhkəmə iclaslarında xüsusi araşdırılıb. Bazarın yenidən gündəmə gəlməsi, ətrafında təmizlik işlərinin aparılması bəzi narahatlıqlar və suallar yaradır.

Mövzunu diqqətdə saxlayacağıq.

Seçilən
65
turkustan.az

1Mənbələr