“Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022 – 2026-cı illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində Azərbaycan Respublikası Baş Prokurorluğun Elm-Tədris Mərkəzi tərəfindən Elm və Təhsil Nazirliyinin əməkdaşları üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilir.
Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, ikigünlük təlimin 30 oktyabr tarixində baş tutan ilk günündə açılış nitqi ilə çıxış edən Elm-Tədris Mərkəzinin rəisi Talıb Cəfərov təlim iştirakçılarına mərkəzin fəaliyyəti və proqram barədə məlumat verib.
Daha sonra çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli dövlət qulluğunda dürüstlüyün və hesabatlılığın vacibliyini vurğulayıb, korrupsiya hallarına qarşı mübarizənin və bu sahədə maarifləndirmənin Elm və Təhsil Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biri olduğunu qeyd edib.
Təlimin ilk günü Baş Prokurorluğun Elm-Tədris Mərkəzi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən “Etik davranış qaydaları milli qanunvericiliyin kontekstində”, “Cinayətin anlayışı, cinayətdə iştirakçılıq və onun növləri” və digər müvafiq istiqamətlər üzrə çıxışlarla yekunlaşıb.