AZ

Sosial şəbəkələrdə başqasının fotolarını icazəsiz yayanlar - Onları hansı cəzalar gözləyir?

Sosial şəbəkələrdə, xüsusilə də son dövrlər “Tiktok” platformasında insanların şəkilləri, videoları müxtəlif məqsədlərlə paylaşılır. Bəzən bu fotoların, videoların üzərinə nalayiq ifadələr yazılır, bəzən də dələduzluqla pul qazanmaq üçün başqalarının fotolarından istifadə olunur.

Məsələ burasındadır ki, digər sosial şəbəkələrdə həmin səhifələri “spam” edərək bağlamaq olur. Amma “Tiktok”da bunu etmək çox çətindir. Baxmayaraq ki, sözügedən platformada da həmin funksiya var. Siz fotonuzu paylaşan səhifəni “Tiktok”a şikayət edə bilərsiz. Dəfələrlə cəhd etsəniz də, səhifələr adətən bağlanmır.

Bəs qanunvericilik bu barədə nə deyir?

Avtosfer.az xəbər verir ki, hüquqşünas Günay Abbasova Bizim.Media-ya bu barədə məlumat verib:

“Azərbaycan Respublikasının qanunvericiliyinə görə şəxsə məxsus şəkil və videolar şəxsi məlumatlar hesab olduğundan Tiktok, Instagram, Facebook kimi istifadəçi sayı çox olan platformalarda paylaşılması üçün müvafiq şəxsin razılığı tələb olunur. Əks halda foto, video və ya şəxsin şəxsiyyətini müəyyən etməyə imkan verən istənilən məzmundan icazəsiz istifadə edən şəxslər şəxsi həyatın toxunulmazlığının pozulması ilə bağlı məsuliyyətə cəlb oluna bilərlər”.

Təzminat tələb edə bilərsiniz…

“İcazəsiz paylaşılan fotoşəkil şəxsin sosial media hesabında paylaşdığı bir fotoşəkil deyilsə, yalnız dostuna göndərdiyi və ictimaiyyətə açıq olmasını istəmədiyi bir fotoşəkildirsə, şəxs onun şərəf, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi, eləcə də ailə həyatının toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər.

Əgər müvafiq məlumatlar mediada yayılıbsa, həmin mediada da təkzib edilməlidir. Barəsində şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış şəxs həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzininin ödənilməsini tələb etmək hüququna da sahibdir”,- deyə hüquqşünas bildirib.

Başqalarına aid olan məlumatların istifadəsi zamanı təhqirə yol vermək…

Hüquqşünas bildirib ki, bu cür paylaşımlarda təhqirə yol verilməsinə aid də qanunvericilikdə maddələr var:

“Kütləvi çıxışlarda, mediada və ya internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə təhqir cinayəti hesab olunur. Bununla belə, Cinayət Məcəlləsində internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən, yəni ad, soyad və ya ata adına dair yalan məlumat yerləşdirilmiş və ya belə məlumatlar gizlədilmiş, habelə digər şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilməklə yaradılmış saxta istifadəçi adlar, profil və ya hesablardan istifadə etməklə vətəndaşları təhqir edən şəxslər də məsuliyyətə cəlb edilir. Həmin şəxslər min manatdan iki min manatadək miqdarda cərimə və ya 360 saatdan 480 saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılırlar”.

Seçilən
81
50
avtosfer.az

10Mənbələr