AZ

Yaşıl dünya naminə - FOTO

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində  Bakı Slavyan Universitetinin Jurnalistika kafedrası tərəfindən “Yaşıl dünya naminə” mövzusunda seminar keçirilib.

Seminarda Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, Aydın Hüseynov, Müşfiq Cəfərov, universitetin bir qrup akademik-inzibati heyət üzvü, həmçinin tələbələr iştirak ediblər.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbiri giriş sözü ilə açan Bakı Slavyan Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmlər doktoru, prof. Aytən Bayramova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladıb və  noyabr ayında respublikamızda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un  əhəmiyyətindən bəhs edib. Vurğulayıb ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq məqsədi daşıyır.  COP29-un ölkəmizdə keçirilməsi qərarı Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəldiyini göstərir.  Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.

 Çıxış edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə təhsil müəssisələrində iqlim dəyişikliyi və COP29 ilə bağlı maarifləndirmə kampaniyalarının aparılmasının vacibliyindən danışaraq bu seminarın təşkilinin gənclər, tələbələr üçün maraqlı və düşündürücü olacağını vurğulayıb, “Yaşıl dünya naminə həmrəylik ili”ndə COP29-un Azərbaycan üçün iqtisadi, siyasi, elmi əhəmiyyətindən söhbət açan millət vəkili diqqətə çatdırıb ki, Azərbaycanın COP29-a ev sahibliyi beynəlxalq ictimaiyyət tərəfindən ölkəmizə böyük hörmət və etimadın, eləcə də respublikamızın milli, regional, qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

Milli Məclisin deputatı  bildirib ki, tarixən neft ölkəsi kimi tanınan və nüfuz qazanan Azərbaycan bu gün, eyni zamanda, qaz və elektrik enerjisi ixracatçısına çevrilib. Ölkəmizin COP29-a ev sahibliyi onu göstərir ki, Azərbaycan özünü qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi tanıdıb. Bu mötəbər tədbir çərçivəsində Azərbaycanın bərpaolunan enerji mənbələrinin inkişafı, yaşıl enerjiyə keçid və iqlim dəyişiklikləri ilə mübarizədə qarşısına qoyduğu məqsədlər və bu istiqamətdə gördüyü işlər daha geniş auditoriyanın diqqətinə çatdırılacaq.

Vüqar Rəhimzadə qeyd edib ki, COP29-un Azərbaycanda keçirilməsi iqlim dəyişikliyi ilə mübarizədə ölkəmizin iradə və qabiliyyəti ilə yanaşı, liderlik rolunu da nümayiş etdirir. Bu konfrans dünyada gərginliyin azaldılmasına, sülhün bərqərar olunmasına da təsir göstərəcək. COP29, həmçinin Azərbaycanın milli maraqlarının dünyada təbliği, ölkəmizin beynəlxalq aləmdə sülhün və sabitliyin inkişafına dəstək missiyasını həyata keçirməklə bir çox dövlətlərlə yeni əməkdaşlıq əlaqələri qurması baxımından da əhəmiyyətli olacaq. Eyni zamanda, COP29 Azərbaycanın beynəlxalq nüfuzuna yeni əlavələr edəcək, yeni əməkdaşlıq formatlarının yaradılmasına stimul olacaq.

Milli Məclisin deputatı, COP29-un Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva diqqətə çatdırıb ki, Azərbaycan daha bir qlobal tədbir ərəfəsindədir. Ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirə evsahibliyi edəcək. İndiyə qədər ölkəmizdə keçirilən qlobal tədbirlərin təşkilatçılıq tarixi təcrübəsindən çıxış edərək əminliklə vurğulaya bilərik ki, Azərbaycan bu mötəbər beynəlxalq tədbirin təşkili səviyyəsi ilə də gələcək ev sahibləri üçün yeni standartlar, meyarlar formalaşdıracaq. Belə bir möhtəşəm tədbirin Azərbaycanda keçirilməsi, beynəlxalq ictimaiyyətin bununla bağlı yekdil qərarı ölkəmizə olan böyük hörmət və etimadın, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti sayəsində bu gün tarixinin ən qüdrətli mərhələsinə çatmış respublikamızın uğurlarına münasibətin, eləcə də milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfələrimizə verilən yüksək qiymətin ifadəsidir. Dünya bir daha bizim imkan və bacarıqlarımızın, dövlət və qeyri-hökumət sektorunun harmonik əməkdaşlığının, vətəndaşlarımızın intellektual səviyyəsinin, ümumilikdə isə insan potensialımızın gücünün və perspektivlərinin şahidi olacaq.

Təşkilat Komitəsinin üzvünün sözlərinə görə, bu konfransda ciddi ekoloji problemlərin müzakirəsi və həlli yollarının axtarılması ilə yanaşı, Ermənistanın  işğal etdiyi 30 il ərzində Azərbaycan ərazilərini ekoloji terrora məruz qoyması bir daha sivil dünyanın diqqətinə çatdırılacaq.

Milli Məclisin deputatı Aydın Hüseynov çıxışında vurğulayıb ki, COP29-un ev sahibi olan Azərbaycan bu mötəbər beynəlxalq tədbir vasitəsilə qlobal iqlim təşəbbüslərinə liderlik etmək və öz reallıqlarını dünyaya çatdırmaq üçün nadir bir fürsət qazanır. İctimai maarifləndirmə, mükəmməl bu prosesdə medianın iştirakı COP29-da yaradılan dinamikanın davamlı iqlim fəaliyyətinə çevrilməsi üçün həllledici əhəmiyyət kəsb edəcək. Doğru liderlik və cəmiyyətin bütün sektorlarının iştirakı ilə Azərbaycan qlobal iqlim əməkdaşlığında yeni bir dövrün başlanmasına kömək edərək daha təhlükəsiz və davamlı bir gələcəyin təmin olunmasında mühüm rol oynaya bilər. COP29 çərçivəsində Azərbaycan enerji keçidi, ətraf mühitin mühafizəsi, ekosistemlərin qorunması və təmiz texnologiyalar sahəsindəki nailiyyətlərini qlobal auditoriyaya təqdim edərək beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək.

Millət vəkili Müşfiq Cəfərov bildirib ki, COP29 konfransına ev sahibliyi etməsi Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə sahəsində öz milli strategiyalarını və siyasətlərini yenidən nəzərdən keçirməsi və təkmilləşdirməsi üçün də yeni bir imkandır. Bu tədbir, həmçinin bərpaolunan enerji mənbələrinin genişləndirilməsi, karbon emissiyalarının azaldılması və ekoloji təşəbbüslərin artırılması sahəsində ölkənin fəaliyyətini stimullaşdıracaq. Eyni zamanda, COP29 Azərbaycana iqlim dəyişikliyi ilə mübarizə sahəsində üzərinə götürdüyü öhdəlikləri daha effektiv şəkildə yerinə yetirmək üçün beynəlxalq dəstək və təcrübə qazandıracaq. Ev sahibi statusu bu öhdəliklərin icrasını sürətləndirəcək və ölkənin qlobal iqlim hədəflərinə çatmasına kömək göstərəcək. COP29 zamanı onminlərlə xarici qonaq və iştirakçı Azərbaycana səfər edəcək. Bu isə ölkəmizin turizm potensialını daha da genişləndirəcək, Azərbaycanın mədəni irsinin qlobal auditoriyaya tanıdılmasına töhfə verəcək, ölkə iqtisadiyyatına turizm gəlirlərini artırmaqda dəstək olacaq. Tədbirdə iştirak üçün Azərbaycana gələn qonaqlar ölkəmizin zəngin mədəniyyəti, tarixi və qonaqpərvərliyi ilə tanış ola biləcək və bu, milli mədəniyyətimizi qlobal səviyyədə nümayiş etdirmək üçün daha bir əhəmiyyətli fürsətə çevriləcək.  İctimaiyyətin iqlim məsələlərinə daha çox cəlb olunması, ölkə daxilində iqlim dəyişiklikləri, ətraf mühitin qorunması və dayanıqlı inkişaf məsələlərinə dair ictimai şüurun və maarifləndirmənin artması baxımından da COP çox mühüm tədbirdir. Nəticə etibarilə COP29 tədbirinə ev sahibliyi Azərbaycana həm ekoloji, həm iqtisadi, həm də diplomatik sahələrdə geniş imkanlar yaradacaq.

Daha sonra Bakı Slavyan Universitetinin Pedaqogika və psixologiya kafedrasının müdiri, professor Piralı Əliyev, Humanitar və sosial elmlər fakültəsinin dekanı Əzim Əliyev, Regionşünaslıq kafedrasının müdiri İbrahim Quliyev çıxış edərək ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərin əhəmiyyətindən, təbiətin və yaşıllığın qorunmasının vacibliyindən danışıblar. Qeyd olunub ki, belə bir tədbir Azərbaycanın iqlim dəyişikliklərinə qarşı mübarizədə həyata keçirdiyi layihələrin beynəlxalq aləmdə tanınmasına və bu sahənin sürətli inkişafına yeni investisiyaların cəlb olunmasına əlverişli imkan yaradır. 

BSU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, filologiya elmləri doktoru,P professor Aytən Bayramovanın  yekun çıxışı ilə “Yaşıl dünya naminə” mövzusunda seminar öz işini yekunlaşdırıb.

Yaqut Ağaşahqızı,”İki sahil”

Seçilən
61
ikisahil.az

1Mənbələr