AZ

Nağdsız ödənişlərə nəzarət gücləndirilir

Nağdsız

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq, pərakəndə ticarət və iaşə obyektlərində nağdsız ödənişlərin POS-terminal deyil, kartdan-karta köçürmə əməliyyatları vasitəsilə həyata keçirilməsi hallarının davam etdiyi müşahidə olunur. Dövlət Vergi Xidmətinin məlumatına görə, qeyd edilən halların qarşısının alınması üçün Dövlət Vergi Xidməti bu istiqamətdə nəzarəti tədbirlərini gücləndirib.

Belə ki, Bakı şəhərində iaşə və pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan vergiödəyicilərinə məxsus obyektlərdə keçirilən nəzarət tədbirləri zamanı nağdsız ödəmələrin POS-terminal vasitəsilə deyil, kartdan-karta köçürülməsinin təşkili ilə bağlı bir sıra faktlar qeydə alınıb. Tədbirlər nəticəsində 43 obyektdə açıq şəkildə kart nömrələrinin gözlə görünən yerlərdə nümayiş olunduğu, bir sıra obyektlərdə müştərilərə sistematik şəkildə kartdan-karta köçürmələr etmək təklif olunduğu müəyyənləşdirilib.

“Vergi orqanlarının ilkin xəbərdarlıqlarına baxmayaraq, həmin obyektlərdə bu halların davam etdiyi nəzərə alınaraq, sahibkarlıq subyektlərinə protokollar tərtib olunub və maliyyə sanksiyalarının tətbiqi barədə qərarlar qəbul edilib. Eyni zamanda, POS-terminallardan istifadədən imtina halları müşahidə olunduğundan Bakı şəhəri ərazisində monitorinq və vergi nəzarəti tədbirləri davam etdirilir. Dövlət Vergi Xidməti bir daha bildirir ki, nağdsız vəsaitin qəbulu yalnız POS-terminal vasitəsilə həyata keçirilməli və bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanının yaradılması vergiödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Sahibkarlar maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödəmələr zamanı POS-terminallardan istifadəni təmin etməlidirlər”, - deyə xidmətin yaydığı məlumatda bildirilir.

“Nağdsız hesablaşmalar haqqında” qanunun 3.2-ci maddəsinə əsasən, hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada həyata keçirilə bilər. “Nağdsız hesablaşmalar haqqında” qanunun 3.1.1-ci maddəsinə əsasən, nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) ilə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur. Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə vergi ödəyicilərinə Qanun pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Mərkəzi Bank da qanunsuz fəaliyyət göstərən ödəniş bazarı iştirakçılarına xəbərdarlıq edib. “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə fəaliyyət göstərən ödəniş təşkilatları və elektron pul təşkilatları Azərbaycan Respublikasının Mərkəzi Bankından (AMB) müvafiq lisenziya əldə etməlidirlər. AMB-dən bildirilib ki, həmin Qanunun 65.1-ci maddəsinə görə Mərkəzi Bank lisenziya almış ödəniş təşkilatları və elektron pul təşkilatının ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Beləliklə, hər hansı şəxsin müvafiq fəaliyyət növü üzrə lisenziyasının mövcudluğu Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunan ödəniş və elektron pul təşkilatlarının siyahısından yoxlanıla bilər.

“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 51.3-cü maddəsinə əsasən Mərkəzi Bank maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və ya hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir. Mərkəzi Bank bu barədə məlumatı özünün rəsmi internet səhifəsində və mediada açıqlayır, habelə qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir. Bu baxımdan lisenziyası olmadan ödəniş və ya elektron pul təşkilatı kimi qanunsuz fəaliyyət göstərən şəxslər aşkar edildiyi təqdirdə bu barədə Mərkəzi Bankın məlumatlandırılması xahiş olunur. Mərkəzi Bank tərəfindən məlumat verən şəxs barədə konfidensiallıq təmin olunacaq.

Nağdsız ödənişlərin inkişafı strategiyası 2026-cı ilədək davam etdiriləcək. Yeni strateji yanaşma nağdsız ödənişlərin inkişafı üçün əlavə stimul yaradacaq. Rəqəmsal texnologiyaların dinamik inkişafı pandemiya dövründə öz səmərəliliyini göstərib. İnternet bankçılıq, mobil bankçılıq artıb. Bundan başqa, elektron kommersiya böyüyüb. Rəqəmsallaşmanın yeni mərhələsi maliyyə ehtiyatlarını da artırır. Mərkəzi Bank (MB) həmçinin vətəndaşlarımızın nağdsız ödənişlərinin təmin olunması üçün bir sıra proqramlar reallaşdırıb.

Ölkədə Rəqəmsal İdentifikasiya Sistemi yaradılıb. Rəqəmsal bankçılığın inkişaf etdirilməsi məqsədilə elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platformalarında qarşılıqlı istifadənin genişləndirilməsi istiqamətləri müəyyənləşdirilib, elektron imza sertifikatlarından bütün növ rəqəmsal bank xidmətlərinin alınmasında və hökumət platfonnalarında qarşılıqlı istifadə üzrə texniki imkanlar yaradılıb.

Bunlarla yanaşı, bu sahədə bank sektoru hələ çox işlər görməlidir, ən azından əhalinin banklara inamı artırılmalıdır. Bankların qazanc əldə etmək maraqları başa düşüləndir, ancaq bu, yüksək xidmətlər, etibarlı tərəfdaşlıq və etimad mühiti, müştəri məmnuniyyəti hesabına olmalıdr. Xüsusilə də nəğdsiz hesablaşmalarla bağlı risklər düzgün qiymətləndirilməli və minimuma endirilməlidir. Hər halda Azərbaycanda açıq və rəqəmsal bankçılığa keçid nəzərdə tutulur. Azərbaycanda həm də maliyyə texnologiyalarının dəstəklənməsi üçün baza inkişaf etdirilməli, MB sahibkarlıq və bankçılıq risklərinin azaldılması, eləcə də cəmiyyətin rəqəmsal həllər barədə məlumatlandırılması proqramları həyata keçirməlidir.

2024-cü ilin yanvar-sentyabr ayları ərzində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 130 milyon 573,9 min manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.

Nağdsız ödəmələrin stmullaşdırılması məqsədilə nağdsız ödənişlər üzrə geri qaytarılan ƏDV məbləğinin faiz dərəcəsi 15 faizdən 17,5 faizə qədər artırılıb ki, bu da istehlakçılarda nağdsız ödəmələr aparmağa əhəmiyyətli maraq yaradır. Təkcə 2022-ci ildə layihə çərçivəsində nağdsız qaydada alınmış mallara və ya əldə edilmiş xidmətlərə görə istehlakçılara 68,4 milyon manatdan çox ƏDV geri qaytarılıb.

Qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı 3 məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-in bir hissəsinin qaytarılması yalnız yeni nəsil kassa aparatlarının tətbiq edildiyi obyektlərdə mümkündür. İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim etməlidir. Malların dəyəri nağdsız qaydada ödənildikdə və POS-terminal nəzarət-kassa aparatı ilə inteqrasiya olunmadıqda, istehlakçıya POS-terminaldan çıxarış da verilməlidir. Artıq insanlar da elektron ticarət və nağdsız ödənişlərin üstünlüklərini əyani şəkildə görür, vaxt itkisi və əlavə prosedurların olmaması, ödəmənin asanlılığı baxımından nə qədər əlverişli olduğunu başa düşür. Belə ki, kartla ödəniş zamanı vəsaitin xərclənməsini izləmək, onu geri qaytarmaq və ödənişi ləğv etmək mümkündür. Pulları kart hesabında mühafizə etmək onları oğurluqdan və itkidən tamamilə qoruyur.

Mahir

Seçilən
55
xalqcebhesi.az

1Mənbələr