AZ

Andına sadiq qalan...

Hər bir azərbaycanlının Prezidenti

Bu gün müstəqil Azərbaycan bütün dünyada yüksək inkişaf dinamikasına malik olan dövlət kimi tanınır. Ölkəmiz tarixdən gələn ənənələri, milli-mənəvi dəyərləri qorumaqla müasirləşmə yolunda inamlı addımlarını atır. Ölkəmizin beynəlxalq nüfuzu kifayət qədər yüksəkdir. Azərbaycan beynəlxalq hüquqa, müstəqillik və suverenlik kimi prinsiplərə əsaslanan siyasət həyata keçirir, bütün səviyyələrdə milli maraqlarını qətiyyətlə qoruyur. Məhz buna görədir ki, ölkəmiz dünyada ləyaqətli dövlət kimi tanınır və ona böyük etimad göstərilir. Respublikamızın gücü, potensialı o səviyyədə artıb ki, biz hədəflərimizə, ümummilli məqsədlərimizə kənardan dəstək gözləmədən, sırf öz gücümüzə nail oluruq.  Belə uğurlu siyasətin əsasında isə ilk dəfə 2003 cü il oktyabrın 15 keçirilən Prezident seçkilərində dövlət başçısı seçilən İlham Əliyevin strateji düçüncə və yanaşmaları, gərgin fəaliyyəti dayanır.  Həmin seçkilərin nəticələrinə uyğun olaraq Prezident İlham Əliyev tarixin bu günündə - 31 oktyabr 2003-cü ildə and içib və ötən dövrdə andına sadiq qalıb.

Xalqın inamının təməlində dayanan iki mühüm amil

Seçkilər, adətən, ölkədəki ab-havanın, ictimai-siyasi mühitin barometri kimi dəyərləndirilir. İnsanların dövlətin apardığı siyasətdən, liderlərin fəaliyyətlərindən razı qalıb-qalmamaları məhz seçkilərdə özünü təzahür etdirir. Bu mənada respublikamızda 2003-cü il 15 oktyabr tarixində keçirilən prezident seçkiləri də istisna olmadı. Seçkilərdə İlham Əliyevin mütləq səs çoxluğu ilə-seçicilərin 76,86 faizi Ona səs vermişdi-qalib gəlməsi bir sıra zəruri amillərlə şərtlənirdi. Burada mühüm məqamlardan biri kimi, Azərbaycan xalqının dahi siyasətçi Heydər Əliyevin şəxsiyyətinə hörmət və ehtiramını, Onun əsasını qoyduğu siyasətə inamını qeyd edə bilərik. Heydər Əliyev Azərbaycanın intibahı üçün fundamental əsaslar yaradan tarixi şəxsiyyətdir. Onun portretini tamamlayan ştrixlər kifayət qədər zəngin və çoxşaxəlidir. Bu dahi şəxsiyyət  barəsində söhbət açanda yada düşən və minnətdarlıq hissi ilə xatırlanan ilk məqamlardan biri Onun müdrikliyi və milli təəssübleşliyi, xalqına bağlılığıdır. O, Azərbaycana rəhbərliyi ideoloji baxımdan fərqli formasiyalarda həyata keçirsə də, həmişə xalqımızın gələcəyinə, milli maraqlarına hesablanan fəaliyyət həyata keçirib. XX yüzillikdə ikinci dəfə qazandığımız müstəqilliyimizin xilası da məhz bu böyük şəxsiyyətin adı ilə bağlıdır. Gənc dövlətimizin müqəddəratının təhlükə qarşısında olduğu 1993-cü ilin yayında xalq Ona üz tutaraq Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini təkid etdi. Xalqın çağırışını qəbul edərək həmin çətin dönəmdə Azərbaycana rəhbərliyi üzərinə götürən Heydər Əliyev Ona xas olan müdriklik və uzaqgörənliklə xilaskarlıq missiyasını yerinə yetirdi.

Daim Azərbaycanın gələcəyini düşünən Heydər Əliyev seçkilərdən bir qədər əvvəl-2003-cü il oktyabrın 1-də Azərbaycan xalqına müraciət ünvanlayaraq öz namizədliyini siyasi varisi İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirdi və seçiciləri prezidentliyə namizəd, Yeni Azərbaycan Partiyası Sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırdı. Azərbaycan xalqı müdrik oğlunun bu çağırışını məmnuniyyətlə qəbul etdi. Seçkilərin təyin olunduğu gün seçki məntəqələrində, sözün əsil mənasında, böyük qələbəlik yaşanırdı. İnsanlar sübh tezdən dəstə-dəstə seçki məntəqələrinə gəlir və burada öz iradələrini ifadə edirdilər.

2003-cü il oktyabrın 15-də yüksək seçici fəallığı şəraitində keçən seçkilərdə xalqın İlham Əliyevə etimad göstərməsinin təməlində dayanan digər mühüm amil isə bilavasitə Onun özünün şəxsiyyəti ilə bağlı idi. O, indiyədək çox uğurlu və şərəfli bir yol keçmişdi, tapşırılan bütün vəzifələrdə layiqincə çalışmış və yüksək nəticələr qazanmışdı. Bütün bunlar da seçkilərdə xalqın Ona inamını şərtləndirən əsas amillərdən oldu.

Xalqın gücü, dəstəyi ilə ölkəni gücləndirmək hədəfi

Hər bir azərbaycanlı ölkəmizi güclü dövətlər sırasında görmək istəyir. Prezident İlham Əliyevin 2003-cü ildə ilk dəfə Prezident seçilərkən verdiyi vədlərdən biri Azərbaycanın gələcəkdə çox zəngin və qüdrətli ölkəyə çevriləcəyi bağlı idi. O bildirirdi ki, neft strategiyasını davam etdirərək, qısa müddət ərzində ölkəmizin hərtərəfli inkişafına nail olacağıq. Prezident İlham Əliyev vəd vermişdi ki, xüsusilə qeyri-neft sektoruna böyük diqqət göstəriləcək, yeni zavodlar, fabriklər istifadəyə veriləcək. Sahibkarlığın inkişafı üçün tədbirlər planının, Azərbaycanda iqtisadi inkişaf proqramının hazırlandığını deyən İlham Əliyev əminliklə bildirirdi ki, bu çoxşaxəli inkişaf proqramı Azərbaycanı qısa müddət ərzində zəngin dövlətə çevirməyə imkan verəcək. Prezident İlham Əliyev bu vədləri verərkən respublikamızın güclü potensialına istinad edirdi. O, bildirib ki, bizdə bütün imkanlar - təbii sərvətlər, insan potensialı və ən önəmlisi, xalqın iradəsi vardır. Biz hamımız birləşərək və bir nöqtəyə vuraraq Azərbaycanı zəngin, qüdrətli dövlətə çevirəcəyik.

Ötən 20 ildə dövlətimizin başçısının qətiyyətli siyasi iradəsi ilə geniş əhatə dairəsinə malik olan islahatlar reallaşdırılıb, ölkədə iqtisadi inkişaf üçün bütün şərtlər təmin edilib. Bu illər ərzində transmilli şirkətlərlə imzalanan müqavilələr üzrə ölkəmizə gələn gəlirlərin müəyyən bir hissəsi məqsədyönlü şəkildə sosial və iqtisadi önəm daşıyan infrastruktur layihələrinin icrasına, qeyri-neft sektorunun inkişafına yönəldilib. Respublikamızda sahibkarlıq mühiti davamlı olaraq optimallaşdırılıb, yerli istehsal və ixrac təşviq edilib. Bütün bunların nəticəsində də milli iqtisadiyyatımız dinamik şəkildə inşişaf edib. Sevindirici haldır ki, hazırda Azərbaycan dünya üzrə iqtisadi müstəqilliyini yüksək səviyyədə təmin edən azsaylı ölkələr sırasında yer alır. İqtisadi müstəqilliyin təmin edilməsi ölkəmizin milli maraqlar əsasında müstəqil siyasi kurs həyata keçirməsinə zəmin yaradıb. Bu gün Azərbaycan heç bir güc mərkəzindən asılı deyil, heç kim ölkəmizlə diktat dili ilə danışa bilməz və danışmır da.

Azərbaycan ərazi bütövlüyünün və suverenliyinin təmin olunması məqsədinə çatıb

Ötən üç onillik ərzində ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması xalqımızın əsas ümummilli ideyasını təşkil edib. Prezident İlham Əliyevin 2003-cü ildə verdiyi əsas vədlərdən biri də məhz bununla bağlı idi. Cari il fevralın 14-də Milli Məclisdə baş tutan son andiçmə mərasimində söylədiyi nitqində həmin vədini xatırladan dövlətimizin başçısı deyib: “Verdiyim vədlər arasında təbii ki, ilk növbədə, ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O vaxt və ondan sonrakı illərdə, o cümlədən 2018-ci ildə bax bu kürsüdən andiçmə mərasimində demişdim ki, Ermənistan-Azərbaycan münaqişəsi yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır, heç vaxt Azərbaycan xalqı öz ərazisində ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcək və nəyin bahasına olursa-olsun biz öz doğma torpaqlarımızı azad edəcəyik. O gündən cəmi 2 il yarım keçdi və Azərbaycan xalqı bir yumruq kimi birləşərək Vətən müharibəsi nəticəsində torpaqlarımızın böyük hissəsini azad etmişdir, 300-dən çox şəhər və kənd azad olunmuşdur, o cümlədən bizim mədəniyyət paytaxtımız Şuşa şəhəri işğalçılardan azad edilmişdir. Biz qan tökərək, şəhidlər verərək tarixi ədaləti bərpa etdik”.

Vətən müharibəsindən sonra Azərbaycan ötən il sentyabrın 19-20-də təxminən 23 saat davam edən uğurlu antiterror tədbirləri həyata keçirərək Qarabağda özünün suverenliyini tam təmin etdi. Bununla da Qarabağda separatçı rejimin mövcudluğuna son qoyuldu. İlham Əliyev ötən il 15 oktyabr tarixində - ilk dəfə Prezident seçilməsinin 20 ilinin tamam olduğu gündə Xankəndidə Azərbaycan Bayrağını ucaltmaqla xalqımıza, bütün dünya azərbaycanlılarına  sonsuz qürur hissi yaşatdı.

Həm 44 günlük Vətən müharibəsində, həm də 23 saatlıq antiterror tədbirlərində qazanılan qələbələr son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasətin məntiqi nəticələridir. Prezident İlham Əliyev ötən dövrdəki fəaliyyətində ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasını Azərbaycanın gündəliyiin mərkəzində saxladı. Güclü iqtisadi inkişaf, ölkənin maliyyə imkanlarının artması qarşıda duran bütün vəzifələri icra etməyə qadir olan müasir Ordu qurmağa imkan verdi. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini məhz hərbi-siyasi yolla təmin etdi. Ordunun möhkəmləndirilməsi qarşıdakı illərdə də ölkəmizin əsas hədəfləri sırasında olacaq.

Həmişə xalqla bir yerdə

Prezident İlham Əliyev hələ 2003-cü ildə “Mən hər bir azərbaycanlının Prezidenti olacağam” vədini vermişdi. Oldu da. Biz son 20 ildə müşahidə edirik ki, dövlətimizin başçısının ölkənin mənafeyi naminə aldığı bütün qərarlar, atdığı addımlar bilavasitə xalqın sosial sifarişinə əsaslanır. O özünü məhz xalqın etimadını doğrultduqda, ölkədə vətəndaş məmnunluğu artdıqda, ümummilli ideyalarımız həyatda təsdiqini tapdıqda  xoşbəxt sanır.

Azərbaycanın uğurlarını şərtləndirən ən əsas amillərdən biri milli inkişaf stretegiyasında ardıcıllığın təmin edilməsidir. O cümlədən Prezident İlham Əliyev ilk dəfə dövlət başçısı seçildiyi 2003-cü ildən etibarən ölkəmizin sosial siyasətində varisliyi yüksək səviyyədə təmin edir. Dövlətimizin başçısı müxtəlif auditoriyalar qarşısında etdiyi çıxışlarında dəfələrlə birmənalı şəkildə bildirib ki, ölkədə aparılan siyasətin mərkəzində Azərbaycan vətəndaşlarının maraqları və mənafeyi dayanır. Müəyyənləşdirilən bu siyasi kurs praktiki müstəvidə davamlı tədbirlərlə və islahatlarla təsdiqənir. Ötən dövrdə Prezident İlham Əliyev ölkə vətəndaşlarının rifah halının yaxşılaşmasını, gəlir imkanlarının artırılmasını, məşğulluğun daha geniş miqyasda təmin edilməsini hədəfləyən çoxsaylı sənədlər imzalayıb, bir neçə proqramı təsdiqləyib.

Dövlət başçısının tapşırıqları əsasında ölkə iqtisadiyyatının güclənməsinə, maliyyə imkanlarının artmasına adekvat olaraq sosial sahədə aparılan islahatların əhatə dairəsi genişlənir. Büdcə xərclərində bir sıra üstün istiqamətlər müəyyənləşdirilib ki, sosial sfera da bu sırada yer alır. Azərbaycanın dövlət büdcəsi ənənəvi olaraq sosialyönümlü olması ilə fərqlənib. Biz büdcədə sosial məqsədlər üçün ayrılan vəsaitlərin ildən-ilə artırıldığının şahidi oluruq. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırıqları əsasında ölkədə həyata keçirilən şəffaflaşdırma tədbirlərinin nəticəsi olaraq büdcəyə cəlb olunan bütün əlavə vəsaitlər də məhz sosial sferaya yönəldilir.

Eyni zamanda, Onun rəhbərliyi ilə respublikamızın zirvələrə yüksəlməsi, ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması bütün dünya azərbaycanlıları üçün sonsuz qürur mənbəyidir. “2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik”, - deyə Prezident İlham Əliyev cari il fevralın 14-də Milli Məclisdə keçirilən növbəti andiçmə mərasimindəki nitqində respublikamızın son 20 ildə keçdiyi yola nəzər salaraq bildirib.

Mübariz FEYİZLİ

Seçilən
61
yeniazerbaycan.com

1Mənbələr