AZ

GPON texnologiyasının tətbiqinin ətraf mühitə təsirləri

2015-ci ildə BMT-nin bütün üzv dövlətləri tərəfindən qəbul edilən "2030: Dayanıqlı İnkişaf Məqsədləri" Yer kürəsinin, onun əhalisinin və digər canlıların qorunmasını, ölkələrdəki sənaye və bizneslərin inkişafını ehtiva edən 17 məqsəddən ibarətdir.

Olaylar xəbər verir ki, biznes mühitinin dayanıqlılığının, müxtəlif qruplar üçün baza xidmətlərinin əlçatanlığının təmin edilməsi, ümumilikdə isə rəqəmsal uçurumun aradan qaldırılması və insanların həyat keyfiyyətinin yaxşılaşdırılması üçün dünya dövlətləri GPON (Gigabit Passive Optical Network) və digər genişzolaqlı internet infrastrukturunun qurulmasını təşviq edirlər.

Genişzolaqlı internet infrastrukturunun faydalarını dünyada qabaqcıl şirkətlərin və inkişaf etmiş ölkələrin aktiv tətbiq etdiyi 3P Dayanıqlı İnkişaf Modeli (3P - People, Planet, Profit) çərçivəsində dəyərləndirdiyimiz zaman insanlar və mənfəət faktoru ilə bağlı kifayət qədər geniş bilginin olduğunu müşahidə etsək də, həmin infrastrukturun ətraf mühitə təsiri ilə bağlı məlumatın daha az olduğunu görürük.

GPON texnologiyası genişzolaqlı internet xidmətləri sahəsindəki inkişafla yanaşı, ətraf mühitin qorunmasında da mühüm rol oynayır. Bu texnologiya məlumatların ötürülməsi üçün optik liflərdən istifadə edərək daha səmərəli və ekoloji cəhətdən təmiz bir alternativ təqdim edir. GPON-un ətraf mühitə təsirlərini araşdırarkən enerji səmərəliliyi, karbon emissiyalarının azaldılması və resursların qənaətindən bəhs etmək vacibdir.

Enerji səmərəliliyi - GPON şəbəkələrində, aktiv komponentlərdən daha çox passiv komponentlərdən istifadə edilir, bu da enerji istehlakını əhəmiyyətli dərəcədə azaldır. Beynəlxalq təşkilatların araşdırmalarına görə, mis şəbəkələrlə müqayisədə GPON şəbəkəsi 80% daha az enerji istehlak edir.

Bu texnologiyanın tətbiqi nəticəsində çoxsaylı texnoloji obyektlərdə quraşdırılan avadanlıqlar yeni çöl tipli texnoloji avadanlıqlarla əvəz edilərək enerjiyə qənaət olunur.

Qeyd olunanlar da GPON texnologiyasının tətbiqinin daha səmərəli olduğunu göstərir.

Karbon emissiyalarının azaldılması - Enerji istehlakına tələbin azalması öz növbəsində karbon emissiyalarının miqdarında da öz əksini tapır. GPON şəbəkələrinin tətbiqi, şəbəkə infrastrukturunun enerji sərfini azaldır, bu da ətraf mühitə müsbət təsir edir. Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) tərəfindən dərc edilən hesabatda karbon emissiyasının 30-40% azaldığı vurğulanır.

Resursların səmərəli istifadəsi - GPON şəbəkəsinin qurulmasında istifadə edilən optik liflərin istehsalında mis kabellərlə müqayisədə daha az xammal tələb olunur. Avropa Telekommunikasiya Standartları İnstitutu (ETSI) tərəfindən aparılmış tədqiqatın nəticələrinə görə, mis kabellərlə müqayisədə optik liflərin istifadəsində 80% az xammaldan istifadə olunduğunu deməyə əsas verir.

"Ağıllı" şəhər layihələri - GPON texnologiyasının tətbiqi, "ağıllı" şəhər layihələrində dayanıqlı və etibarlı internet bağlantısını təmin edir. Bundan əlavə, "Smart Cities Council" təşkilatının hesabatlarına görə, GPON texnologiyasının tətbiqi 20-30% enerjiyə qənaət olunmasına gətirib çıxarır.

Digər tərəfdən, daha yüksək və keyfiyyətli internetin iş mühitinə tətbiqi zamanı məhsuldarlıqla yanaşı, ekoloji təsiri də diqqətə alınmalıdır.

Məsafədən işləmə - Pandemiya dövründə aktuallaşan uzaqdan işləmə modeli hazırda da davam etməkdədir. Rəqəmsal kommunikasiya vasitələri insanlara evdən işləmə imkanı yaratmaqla, əhalinin fərdi və ictimai nəqliyyatdan asılılığını azaltdı. Bu da öz növbəsində karbon emissiyasının azaldılmasına müsbət təsir göstərdi. Beynəlxalq araşdırmalara görə, uzaqdan iş sayəsində təkcə ABŞ-də hər il 3 milyon ton karbon emissiyası azaldılır.

Onlayn təhsil və toplantılar - Rəqəmsal cihaz və alətlər habelə genişzolaqlı internet işgüzar fəaliyyətin və təhsilin onlayn mühitə keçməsini intensivləşdirir. Bu, fiziki səyahətin azalmasına, toplantı yerlərində enerji sərfiyyatının minimallaşdırılmasına və digər resurslardan daha az istifadəyə gətirib çıxarır. Ümumiyyətlə, onlayn təhsil və virtual konfranslar təhsil müəssisələrinin enerji sərfiyyatını və nəqliyyatın yaratdığı karbon emissiyalarını əhəmiyyətli dərəcədə azaldır.

Qeyd edək ki, Azərbaycanda 2017-ci ildən etibarən GPON texnologiyasının tətbiqinə başlanılsa da, 2021-ci ildən start götürən "Onlayn Azərbaycan" layihəsi ilə proses daha da intensivləşib. Layihə ölkənin ən ucqar yaşayış nöqtələrində də əhali və təşkilatlar üçün yüksəksürətli internetə çıxışı təmin etməklə insanların rifahını yaxşılaşdırmaq məqsədi daşıyır. Artıq ölkədə mövcud ev təsərrüfatları və biznes subyektlərinin 99.1%-nin genişzolaqlı internetə çıxışı təmin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
1
olaylar.az

2Mənbələr