COP29-la əlaqədar paytaxt daxili yolların bir çoxuna giriş-çıxış məhdudiyyətləri tətbiq olunacaq. Digər tərəfdən, Bakının bir sıra küçə və prospektlərində tədbirlə bağlı marşurt xətləri hazırlanıb. Hazırda bir çox vətəndaşlar rayonlardan Bakıya gəliş-gedişin mümkün olub-olmayacağı ilə bağlı tərəddüd edir.
Bir çoxlarına görə, tədbir ərzində paytaxt ərazisinə giriş qadağan edilə bilər.
Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert İlqar Hüseynli bildirib ki, hələlik bu mövzuda hansısa qadağa və yaxud məhdudiyyət nəzərdə tutulmayıb:
“Ümumiyyətlə, COP29-la bağlı nəqliyyatın hərəkəti və tənzimlənməsi ilə bağlı nəzərdə tutulan müəyyən normalar var. Bunlar artıq cəmiyyətə bəyan edilib. Bəyan olunan normalar içərisində rayondan gələn nəqliyyat vasitələrinin Bakı şəhərinə daxil olması ilə bağlı konkret qadağalar hələlik qüvvəyə minməyib. Bu barədə müəyyən tövsiyələr ola bilər. Yəni təcili işləri olmayan insanlar Bakı şəhərinə COP29-dan sonra gəlsələr, daha yaxşı olar. Mən düşünürəm ki, giriş-çıxış üçün hansısa qadağa tətbiq olunmayacaq”.
Ekspert qeyd edib ki, COP29-la bağlı məhdudiyyətlər daha çox paytaxt daxili bəzi prospekt və yollara aiddir:
“Amma bir məsələ var ki, Bakının bir sıra prospektlərinə giriş-çıxış məhdudiyyəti var. Bildiyiniz kimi, COP29-un marşrut xətləri ilə bağlı artıq yollar ayrılıb. Bu zolaqlara giriş-çıxış qadağandır. Çox tövsiyə olunandır ki, tədbir dövründə vətəndaşlar daha çox Bakı şəhərindən kənarda istirahətə üstünlük versinlər. Vətəndaşlarımız bilavasitə bu kimi addımlarla COP29-un daha yaxşı keçirilməsinə öz töhfələrini vermiş olacaqlar”.