Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən deyib ki, uşaqlara erkən yaşdan vaxtı düzgün idarə etməyi öyrətmək lazımdır ki, dərs yükünün ağırlığından şikayət olmasın: “İndiki dərs yükü otuz il əvvəlki dərs yükündən fərqlidir. İndi təhsil alan uşaqlar 21-ci əsrin uşaqlarıdır. Bu uşaqlar gələcəkdə işləyəcəklər və buna indidən hazırlaşmalıdırlar. Uşaqlara erkən yaşdan vaxtı düzgün idarə etməyi öyrətmək lazımdır ki, dərs yükünün ağırlığından şikayət olmasın”, - deyə Məleykə Abbaszadə qeyd edib.
Moderator.az xəbər verir ki. təhsil eksperti Kamran Əsədov Musavat.com-a şərhində uşaqlara müasir təhsilin tələb etdiyi bacarıqların tədricən öyrədilməsinin tərəfdarı olduğunu bildirib:
“Uşaqlara erkən yaşdan vaxtı düzgün idarə etməyi öyrətmək müasir təhsilin əhəmiyyətli komponentlərindən biridir. Erkən yaşlardan vaxtın düzgün idarə edilməsini mənimsəmək, uşaqlara dərs yükünün ağırlığını idarə etməyi, stresdən uzaq qalmağı və hədəflərə çatmaqda daha effektiv olmağı öyrədir. Bununla belə, uşaqların psixoloji və fiziki inkişafı nəzərə alınaraq, bu bacarıqların tədricən öyrədilməsi daha məqsədəuyğundur. Vaxtı idarəetmə bacarığı erkən yaşlarda formalaşdırılarkən bir çox amil nəzərə alınmalıdır. İlk növbədə uşaqların yaşlarına uyğun, mərhələli yanaşma tətbiq edilməlidir. Çünki məktəbəqədər yaşdan başlayaraq bir sıra bacarıqlar əldə edən uşaqlar, fərqli yaş dövrlərində müxtəlif dərəcələrdə məsuliyyət götürməyə hazır olur. Birinci sinifdə olan uşaqla, yuxarı sinif şagirdinin vaxt idarəetmə bacarığı arasındakı fərq çoxdur və ona görə də bu bacarıqların öyrədilməsi də pilləli şəkildə qurulmalıdır. Həddindən artıq dərs və ya planlaşdırılmış vaxtda ciddi dəyişikliklər, uşaqlar üçün uyğun olmayan dərs yükləri onlarda psixoloji təzyiq və stres yarada bilər. Uşaqlarda vaxt idarəetmə bacarıqlarını inkişaf etdirməyin bir neçə mərhələsi və üsulu mövcuddur. Erkən yaşlarda vaxtı idarəetmə vərdişləri sadə gündəlik tapşırıqlar əsasında formalaşdırılmalıdır. Məsələn, oyun və təhsil fəaliyyətləri arasındakı balansın yaradılması, gündəlik rutinlərin tənzimlənməsi uşaqlara vaxtın önəmini anlamağa və onunla effektiv davranmağa kömək edir. Burada valideynlər və müəllimlərin rolu böyükdür. Onlar uşaqlara dəstəkləyici və motivasiyaedici şəkildə yanaşmalı, vaxt idarəetmə bacarıqlarını öyrətməli və bu prosesdə onları dəstəkləməlidirlər. Yeni təhsil sisteminin və dərs proqramlarının uşaqlara təqdim olunması mərhələli şəkildə olmalıdır. Bu yanaşma uşaqların adaptasiya qabiliyyətini artırır və onlara yeni dərs mühitinə, proqramlara daha asan uyğunlaşmağa kömək edir. Dünyanın bir çox ölkəsində mərhələli təhsil sistemləri tətbiq olunur. Məsələn, Finlandiyada uşaqlara dərs yükləri yaşa uyğun şəkildə tədricən artırılır, bu isə şagirdlərin öyrənmə motivasiyasını qorumağa və vaxt idarəetmə bacarıqlarını inkişaf etdirməyə yardım edir. Bu, uşaqların tədris prosesindən sıxılmaması və bacarıqlarını itirməməsi üçün vacibdir”.
K.Əsədov prosesdə valideynlərin xüsusi rolu olduğunu vurğulayıb:
“Valideynlər də uşaqlara vaxt idarəetmə bacarıqlarını öyrətməli, bu prosesdə övladlarına dəstək olmalıdırlar. Uşaqlara erkən yaşdan vaxtın səmərəli idarə olunmasının nə qədər əhəmiyyətli olduğunu göstərmək valideynlərin ən vacib vəzifələrindəndir. Həddindən artıq təzyiq etmək əvəzinə, onlara tapşırıqları necə bölüşdürməyin daha məqsədəuyğun olduğunu öyrətmək daha faydalıdır. Beləliklə, uşaqlar öz təhsil həyatlarında və gələcəkdə daha planlı, təşkilatlı və uğurlu olurlar. Azərbaycan təhsil sistemində bu cür mərhələli yanaşmalara daha çox ehtiyac duyulur. Uşaqların həyatında vaxt idarəetmə vərdişlərinin tədrisi önəmlidir, lakin bu proses tədricən və mərhələli olaraq həyata keçirilməlidir ki, onların inkişafına mənfi təsir göstərməsin və onları təzyiq altına salmasın”.