AZ

Qanunsuz miqrantlar yeməkdən imtina etdikdə görüləcək tədbirlər müəyyənləşir

Qanunsuz miqrantların saxlanılması mərkəzlərinə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayan şəxs yeməkdən imtina etdikdə görüləcək tədbirlər müəyyənləşir.

“İki sahil” xəbər verir ki, bu, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Təklif olunan dəyişikliyə əsasən, yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda mərkəzin rəisi saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün dərhal tədbirlər görəcək. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, şəxsə müvafiq izah verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görüləcək.

Yeməkdən imtina edən şəxs mərkəzdə saxlanılan digər şəxslərdən ayrı saxlanılacaq və ona həkim nəzarəti təyin ediləcək. Onun mərkəzdə saxlanılma rejiminin öhdəliklərindən azad edilməsi həkimin tibbi rəyi əsasında həyata keçiriləcək. Miqranta bu barədə müvafiq qeyd aparılmaqla gündə üç dəfə yemək təklif ediləcək. Bu təklif rədd edildikdə, yeməkdən imtina yeməklərin gətirilməsi haqqında qeydiyyatın aparıldığı vərəqdə qeyd olunacaq və onun şəxsi işinə əlavə ediləcək.

Şəxsin həyatı üçün təhlükə yarandıqda və o, özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə, həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə şəxsin səhhətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər, o cümlədən həmin şəxsin ləyaqətini alçaltmamaq şərtilə məcburi qaydada qidalandırılması həyata keçiriləcək.

Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin yemək qəbulundan imtina etməsi onun digər mərkəzlərə göndərilməsinə mane olmayacaq və bu, tibb işçisinin müşayiəti ilə həyata keçiriləcək.

Seçilən
16
9
ikisahil.az

10Mənbələr