Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər heç bir halda işgəncəyə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qala bilməzlər.
"Operativ Media" xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, tibbi müayinə zamanı aşkar edilən işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi ehtimal edilən bədən xəsarətləri barədə yazılı məlumatlar müvafiq icra hakimiyyəti orqanı vasitəsilə araşdırma aparılması üçün dərhal müvafiq prokurorluq orqanına göndəriləcək. Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəzə qəbul edildiyi andan 24 saat müddətində tibbi müayinədən keçiriləcək, qəbul edilən hər bir əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə tibbi kitabça tərtib olunacaq. Tibbi müayinə digər şəxslərin iştirakı olmadan (təhlükəsizlik tədbirləri ilə bağlı hallar istisna olmaqla) tibb işçiləri tərəfindən aparılacaq.
Tibbi müayinə zamanı əcnəbidə və vətəndaşlığı olmayan şəxsdə bədən xəsarətləri və ya Mərkəzə yerləşdirilənə qədər onun hər hansı işgəncəyə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftara məruz qalması müşahidə olunarsa, bu barədə tibb işçisi tərəfindən dərhal Mərkəz işçisinə məlumat verilməlidir.
İşgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftarla əlaqədar şikayətlər, habelə tibbi müayinə zamanı aşkar edilən işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi ehtimal edilən bədən xəsarətləri barədə yazılı məlumatlar müvafiq icra hakimiyyəti orqanı vasitəsilə araşdırma aparılması üçün dərhal müvafiq prokurorluq orqanına gondərilməlidir.
Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs xəstələndikdə və ya bədən xəsarəti aldıqda, onların tibbi müayinəsi tibb işçiləri tərəfindən dərhal həyata keçiriləcək. Tibbi müayinənin nəticələri qeydə alınaraq, Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə, eləcə də müraciət olduqda, həmin əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müdafiəçisinə təqdim ediləcək.
Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin, yaxud onun müdafiəçisinin vəsatəti ilə Mərkəz rəisinin qərarı əsasında tibbi müayinəyə başqa tibb müəssisələrinin həkim mütəxəssisləri cəlb edilə bilərlər. Bu halda, dəvət edilən həkim mütəxəssislər tərəfindən keçirilən tibbi müayinənin xərcləri bu barədə vəsatət verən şəxsin vəsaiti hesabına ödəniləcək.
Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəzdən azad edilməzdən (və ya buraxılmazdan) və ya digər Mərkəzə köçürülməzdən əvvəl tibb işçiləri tərəfindən tibbi müayinədən keçirilməli və bu barədə tibbi kitabçada qeyd aparılmalıdır.
Layihəyə əsasən, yaxın qohumunun ölümü, həyatını təhlükə altına alan ağır xəstəliyi və təbii fəlakətlə əlaqədar Qanunsuz miqrantların saxlanılması mərkəzində məcburi yerləşdirilən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə əlavə telefon danışığına icazə veriləcək. Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı Mərkəzdə saxlanılan digər əcnəbilər və vətəndaşlığı olmayan şəxslər və ya başqa şəxslər tərəfindən təhlükə yaranarsa, o, Mərkəzin rəisinə təhlükəsizliyinin təmin olunması üçün yazılı və ya şifahi qaydada müraciət etmək hüququna malikdir. Mərkəzin rəisi belə təhlükəyə məruz qalan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməlidir.
Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatına və sağlamlığına, yaxud şəxsiyyətinə qarşı Mərkəzin işçiləri tərəfindən təhlükə yaranarsa, Mərkəzin rəisi belə təhlükəyə məruz qalan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin təhlükəsizliyini təmin etmək üçün dərhal lazımi tədbirlər görməli və bu barədə müvafiq icra hakimiyyəti orqanını məlumatlandırmalıdır.
Eyni zamanda layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Mərkəzdə yerləşdirilməsi barədə qərarın ona elan olunduğu andan görüşlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiəçisi və qanuni nümayəndəsi ilə təklikdə görüşməsinə və konfidensial ünsiyyət saxlamasına şərait yaradılır.
Mərkəzə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəzə qəbul edildikdən dərhal sonra Mərkəzdə saxlanılması barədə yaxın qohumlarına və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərə bu barədə məlumat vermək üçün bir dəfə telefonla zəng etmək hüququna malikdir. Mərkəzə məcburi yerləşdirilən əcnəbi və vətəndaşlığı olmayan şəxs həftədə dörd dəfə 25 dəqiqəyədək bu Məcəllənin tələbləri gözlənilməklə telefonla danışmaq hüququna malikdir. Yaxın qohumunun ölümü, həyatını təhlükə altına alan ağır xəstəliyi və təbii fəlakətlə əlaqədar Mərkəzdə məcburi yerləşdirilən əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə Mərkəzin rəisi tərəfindən əlavə telefon danışığına icazə verilir.
Müdafiəçisi ilə telefon danışıqları və görüşləri istisna olmaqla, Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin telefon danışıqlarından və görüşlərdən istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə cinayət prosesini həyata keçirən orqanın və ya Mərkəzdə rejimi təmin etmək zərurəti yarandıqda, Mərkəzin rəisinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş vəzifəli şəxsin yazılı razılığı olduqda istifadə edir. Bu maddədə nəzərdə tutulan hüququn məhdudlaşdırılmasına dair qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər.
Mərkəzdə yerləşdirilən şəxsin Mərkəzdə saxlanıldığı (tutularaq gətirilən şəxslərin isə həmçinin tutulduğu yer) barədə onun vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinə və ya konsulluğuna, yaxud ona himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilata dərhal məlumat verilir və belə məlumatın verildiyi qeydə alınır.
Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə vətəndaşı olduğu və ya daimi yaşadığı dövlətin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi və ya konsulluğu ilə, habelə himayədarlığı öz üzərinə götürmüş milli, yaxud beynəlxalq təşkilatlarla dərhal əlaqə saxlamaq imkanı yaradılır.