AZ

Qarşılaşdığımız hadisələrin İZAHI: Alın yazısı, tale, qədər, yoxsa İRADƏ?

İnsan taleyinin, qədərinin izahını verən ekspertlər iddia edirlər ki, bu, Allahın baş vermiş və baş verəcək hər şeyi bilməsi, alın yazısı deməkdir. Yəni, Allah bizim necə biri olduğumuzu, nə cür davranacağımızı öncədən bilir, taleyimizi də məhz buna əsasən yazır. Psixologiyada isə belə bir anlayış var ki, insanın formalaşmasında cəmiyyətin, mühitin, ailənin böyük rolu var.

Əgər bizim yaşayacağımız tale bəllidirsə, formalaşmağımızda cəmiyyətin nə kimi rolu var? Tale və şəxsi iradə bir-birindən nə ilə fərqlənir? Xüsusən də son dönəmlərdə artan zorakılıq, cinayət hadisələrində qurban olan şəxslərin taleyində bu hadisələr var idimi, yoxsa baş verənlər iradənin məhsuldur?

Mövzu ilə bağlı Medianews.az-a danışan Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan İlahiyyat İnstitutunun dosenti, fəlsəfə üzrə fəlsəfə doktoru Elvüsal Məmmədov bildirib ki, tale, qədər mövzusu ilahiyyatın mürəkkəb, ən çox müzakirəyə səbəb olan mövzularından biridir.

Onun sözlərinə görə bu mövzuların düzgün başa düşülməməsi insanların ətrafa, hadisələrə, əşyalara münasibətinə mənfi təsir göstərir: “Unutmaq olmaz ki, insan Allah tərəfindən iradə ahibi olaraq yaradılmışdır. Allah istəyir ki, insan həyat adlanan zaman kəsiyində insan olduğunu isbatlasın. Məhz bu fəlsəfə nöqteyi-nəzərindən insana öz davranışlarını tənzimləmək baxımından mütləq iradə verilmişdir. Ümumiyyətlə, insanın yaxşı insan olmaq istiqamətindəki davranışları öncədən Allah tərəfindən müəyyən edilmir. Təəssüf ki, bu, çox vaxt səhv başa düşülür. Allah insan oğlunun necə birisi olacağını əvvəldən bilir və görür. Çünki o hər şeyi biləndir. Bu nöqteyi-nəzərdən insan oğlu Allah istədi deyə o cür olmur. Əksinə, o necə olacaqsa Allah da öncədən görür. Əlbəttə, insanın formalaşmasında ətraf mühitin, aldığı tərbiyənin, kiçik sosial qrupların, daha yaxın dar sosial qrupların, ailənin rolu vardır. Allah bütün bunları qabaqcadan mütləq elmi ilə bilir və görür. Biz Allah gördü və yaxud da əvvəldən onu bildi deyə, hər hansı bir davranışa yol vermirik. Bu baxımdan insan özünün davranışlarını, ətrafdakı prosesləri əsla yanlış olaraq qabaqcadan müəyyənləşdi deyə qiymətləndirməməlidir. Çünki islamda insan imtahan üçün yaradılmışdır. Buna uyğun olaraq o, ya mükafatlandırılacaq, ya da cəzalandırılacaqdır”.

İlahiyyatçı-alimin qənaətincə, islamda imtahan, cəza və mükafat institutunun mövcudluğu bir daha göstərir ki, insan iradə sahibidir, o, yanlış olaraq bunu öncədən Allah tərəfindən yazılma kimi qəbul etməməlidir: “İlahi biliyin nəyisə əvvəldən bilməyi əsla onun baş verməsini şərtləndirmir. Əksinə, müəyyən zaman kəsimində bu və ya digər halın baş verməsini ilahi bilik öncədən görür. Əyani misalla bunu belə izah edə bilərik. Ayın tutulmasını müəyyənləşdirmək üçün astronomik cədvəllər təyin edilir. Astronomik cədvəllərdə Ayın nə vaxt, hansı tarixdə tutulacağı qeyd olunur. Yəni, cədvələ görə Ay tutulmur. Əksinə Ay tutulacaq deyə, cədvəl müəyyən edilir. Yaxud bir şəhərdən digər şəhərə hərəkət edən qatarın şəhərdən çıxma və şəhərə qayıtma saatları qatarın hərəkətinə uyğun müəyyən edilir. Qatarın hərəkəti əsla o vaxtı şərtləndirmir. Yəni, cədvəl qatarın hərəkətinə, onun potensialına uyğun müəyyənləşdirilir. İlahi bilik də belədir. İlahi biliyə görə, biz hərəkət etmirik, əksinə, ilahi bilik bizim harada, necə, nəyi edəcəyimizi bilir. Bu, insanların nəzərində qədər, tale adlanır. Halbuki, Quran terminologiyasında biz alın yazısı, qədər, tale kimi ifadələrə rast gəlmirik”.

İlahiyyatçı Elşad Miri də Medianews.az-a açıqlamasında deyib ki, bu gün haqqında bəhs edilən, baş verən proseslərlə bağlı dilə gətirilən tale, alın yazısı, qədər anlayışı doğru yanaşma deyil: “Allahın nəyi bilib-bilmədiyini biz bilmirik. Biz Allahın bilib-bilmədiyinə görə deyil, Allahın verdiyi ağıla, iradəyə görə hərəkət edirik. Bu hərəkətin nəticəsinə uyğun olaraq da əvəzini, qarşılığını görəcəyik. Yoxsa ki, mənim alnıma belə yazılıb deyə, hansısa işi görür, əməli törədirəm kimi anlayış yoxdur. Yəni, bu gün haqqında bəhs edilən, baş verən proseslərlə bağlı dilə gətirilən tale, alın yazısı, qədər anlayışı doğru yanaşma deyil”.

Nailə QASIMOVA

Seçilən
61
50
medianews.az

10Mənbələr