AZ

FƏDAKAR ƏMƏYİ İLƏ UCALAN INSAN » AzadMedia.az


Konfutsi: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”.

İllər ötür, yaş üstünə yaş gəlir. İnsanlar arxada qalan həyat yoluna yenidən boylanır. Zamanın süzgəcindən necə keçdiyinə bir daha nəzər salır. Belə anlarda yaşadığı illərə, tutduğu əməllərə görə peşman deyilsə, deməli, o, xoşbəxt adamdır. Uzun illər yaxından tanıdığım, bu gün haqqında fəxrlə, qürurla söhbət açdığım Əkrəm Babayev də belə maraqlı ömür sahiblərindən biridir…

Onu hamı zəhmətkeş, məsuliyyətli, öz işinə tələbkar yanaşan vəzifə sahibi, yaxşı mənada, mühafizəkar insan kimi tanıyır. Çalışdığı sahələrdə təşkilatçılığı və xeyirxahlığı ilə seçilib, həmişə kollektiv üzvlərinin sevgisini qazanıb. Belələri üçün müdriklər nahaq deməyiblər: "Xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür".

Doğma yurdla nəfəs alan insan

Əkrəm qardaşımız ömrünün çox hissəsini zəhmətə bağlayıb. Uşaqlığını ucu-bucağı görünməyən, bərəkətli, Azərbaycanın mirvarisi İsmayıllıda keçirib. Elə buna görə də İsmayıllı rayonu, bu guşənin hər yeri, hər daşı ona doğma və əzizdir. Doğma yurdla nəfəs alan, qəlbində özünə əbədi ünvan tapmış İsmayıllı onun yüksəlişində, arzularının çiçəklənməsində mühüm rol oynayıb. Həyatının mənasını burada anlayıb, burada ailə qurub, ev-eşik sahibi olub, çoxlu dost tapıb. Bu səbəbdəndir ki, o, rayonun cazibəsindən çıxa bilmir, özünü bu gözəl məkandan ayrı təsəvvür etmir. Onun haqqında, “sinəsi İsmayıllı ilə döyünür” desək, daha doğru olar.
Əkrəm timsallı insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliklərini, səadətlərini, varlıqlarını vətənə, xalqa ləyaqətlə xidmətdə görürlər. Bu cür insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudurlar, - desək səhv etmərik. Söhbətlərimiz, uzun illərin tanışlığı və dostluğu nəticəsində öyrənmişəm ki, o, əsl söz adamı, deyib-gülən, zarafatından qalmayan insandır. Söz-söhbətindən, şirin danışığından doymaq olmur. ..

Şərəfli ömrün anları

Haqqında bəhs etdiyim Əkrəm Babayev hazırda Qəbələ Oğuz Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru vəzifəsində çalışır. Yazımızın bu yerində dəyərli oxucularımızı Əkrəm müəllimin tərcümeyi-halı ilə məlumatlandırmaq istərdik.
Əkrəm Kərəm oğlu Babayev 1976- cı il aprel ayının 24-də İsmayıllı rayonunun Buynuz kəndində anadan olub. 1982-ci ildə kənddədki məktəbin 1- ci sinfinə gedib. Orta məktəbi əla qiymətlərlə - fərqlənmə ilə bitirib. 1992- ci ilin noyabr ayında orta məktəbin 11-ci sinfində oxuyarkən evdən qaçaraq I Qarabağ müharibəsinin döyüşlərinə qatılıb. 1993- ci ilin may ayında döyüşdən qayıdıb, orta məktəbin buraxılış və ali məktəbin qəbul imtahanlarına qatılıb. Elə həmin ildə Kənd Təsərrüfatı Akademiyasının
(indiki Azərbaycan Dövlət Aqrar Universitetinin) Meşəçilik fakültəsinə qəbul olunub. 1997- ci ildə ali təhsilini başa vurduqdan sonra İsmayıllı rayon Meşə İdarəsində işə başlayıb.

O, 1998-cu ildə Yeni Azərbaycan Partiyasına qəbul edilib. Bir müddət sonra isə Bakıya - nazirliyə işə dəvət olunub və burada baş mütəxəssis kimi işləyib. 2010- cu ilə Oğuz rayon Meşə İdarəsinin, 2013-ci ildən isə Qusar rayon Meşə İdarəsinin müdiri vəzifələrində çalışıb. Çox keçmədi, regional idarələr yarandı və Əkrəm Babayev İsmayıllı rayonu üzrə həmin idarənin baş mütəxəssisi təyin olundu. 2020- ci ildə başlayan II Qarabağ müharibəsi zamanı könüllü orduya yazılaraq zabit kimi döyüşlərə qatıldı.
I Qarabağ müharibəsi zamanı Mərzilidə, Ergidə, Əmralılarda və Ağdam şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib. Ağdam vurulan zaman döyüş yoldaşı Namiq Şalbuzov şəhid olub, Bəhruz Məmmədov isə yaralanıb.
I I Qarabağ döyüşlərinə leytenat kimi qatılıb. Murov uğrunda gedən döyüşlərə görə ona baş leytenant hərbi rütbəsi verilib. Sonrakı döyüşlərdə isə kapitan rütbəsinədək yüksəlib.
44 günlük müharibə dövründə bir çox ərazi və yüksəkliyin geri alınmasında iştirak edib, şücaət göstərib. Müharibədən sonra yenidən işinə qayıdıb. Müharibədə iştirak edən Ə.Babayev "Kəlbəcərin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Vətən müharibəsinin iştirakçısı" və "Döyüş xidmətlərinə görə" medalları ilə təltif olunub.
Öz peşənin fədakarı olan Ə.Babayev 2021- ci ildə Şəki-Qax Regional Meşə Təsərrüfatı Mərkəzinə direktor təyin olundu. 2023- ci ilin fevralından isə Qəbələ-Oğuz Regional Meşə Təsərrüfatı Mərkəzində direktor işləyir. Ailəlidir, 4 qızı, 2 oğlu və 3 nəvəsi var.
FƏDAKAR ƏMƏYİ İLƏ UCALAN INSAN

… sevinci o da yaşayır…

Əkrəm müəllim öz peşəkarlığı və insanlara qayğıkeşliyi ilə seçilən insandır. Şərəfli vəzifəyə2 yiyələnən Ə.Babayev bu işin müqəddəsliyini qoruyub saxlayır. Kömək etdiyi hər kəsin çöhrəsində sevinc görəndə özünü rahat hiss edir, həmin sevinci o da yaşayır.
O, Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmənna güdmədən, tutduğu vəzifədən, eləcə də vəzifədə olub-olmamağından asılı olmayaraq Azərbaycan Prezidenti İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sadiqliyini sübut edib. Heç bir qüvvə onu heç vaxt əqidəsindən döndərə bilməz.

Onun böyüklüyü sadəliyindədir

O, böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır. Yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi qabiliyyətə malik istedad sahibi kimi də hörmət qazanıb. O, həmçinin ani və düzgün qərar qəbul edən nadir insanlardandır. Prezident İlham Əliyevdən nümunə götürən Əkrəm müəllimin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədir. İnsanlara maksimum diqqət və qayğı ilə yanaşır, onların problemlərini müsbət həll edir, özünün dövlətimizə və Prezidentimizə inamını artırır. Onun təcrübəsinə istinadən deyə bilərik ki, Əkrəm müəllim öz işinin əsl peşəkarıdır.
O, hər zaman dövlətə, dövlətçiliyə, xalqa, millətə, Ulu Öndərin ideyalarına və onun siyasi kursuna sədaqətlə xidmət edib. Şükürlər olsun ki, bu tendensiya bu gün də davam edir. Onun həyat salnaməsinə nəzər salanda görürük ki, o, hər zaman işinin öhdəsindən layiqincə gəlib, həm rəhbərliyin, həm də böyük ülfət bağladığı kollektivin rəğbətini qazanıb. O, hər zaman, bir rəhbər kimi, öz işində pirinsipial qətiyyətli və dürüst mövqe tutub.
Biz də bu çətin və şərəfli işini böyük ləyaqət və vicdan hissi ilə icra etdiyi üçün Əkrəm müəllimə təşəkkür edir, gələcək işlərində uğur və müvəffəqiyyətlər arzu edirik.

Qalıb xalqın Qalib zabiti

Əkrəm Babayev haqqında daha çox yazmaq olar. O, həm qayğıkeş ata, həm ləyaqətli baba, həm də sədaqətli dostdur. Qısa bir zaman kəsiyində böyük bir ömür yaşayıb. Qanında və canında mərdlik var. 17 yaşında I Vətən müharibəsinə, 44 yaşın isə 44 gün davam edən II Vətən müharibəsinə qorxmadan qatılddı. 2020- ci ilin sebtyabrında balalarını və nəvələrini, ailəsini, valideyinlərini, dostlarını geri dönüşü sual ola bilən bir yola çıxdı və 100 gün sonra Qalıb xalqın Qalib zabiti kimi başı vüqarlı sinəsi medallarla ana yurduna – İsmayıllıya qayıtdı.

Əkrəm müəllim mənə çox danışıb keçdiyi döyüş yolundan, müharibənin amansızlıqlarından. Müharibədir, təbii ki, şəhid də olacaq, yaralı da. Amma əsas komandir kimi əsgəri ruhlandırıb özü ilə döyüşə apara bilmək, döyüşdən qalib çıxmaq əzmini yaratmaqdır. Qorxmamaqdır!.. Əkrəm Babayev də qorxmadı. Geriyə belə boylanmadı. Qoyub gəldiyi 6 övladını düşünmədən döyüşlərə atıldı. Əslində yanında olanlar da onun övladları idilər. Əsgərlərini övladı kimi sevdi, əzizlədi. Kim bilməsə də, mən bilirəm ki, Murov dağlarında daim qar və soyuq olur. Amma Əkrəm kimi mərd və qorxmaz zabitlərimizin, əsgərlərimin hesabına yenilməz dağları aşdı və 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımız geri alındı. Qarşıdan 8 noyabr Zəfər günümiz gəlir. Bu günü qeyd eləmək ən çox da Əkrəm müəllimin, müharibədə kişi kimi döyüşən minlərlə zabit və əsgərin haqqıdır. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirik. Vətən sizin kimi oğulları ilə Vətəndir! Sən də baban kimi şərəfli döyüş yolu keçdin. Bu gün övladların və nəvələrin sənlə qürur duyur Əkrəm Ata, Əkrəm Baba!
Zəfər Günün mübarək olsun Vətən oğlu!

Və sonda nə demək istərdim? Söz düşəndə Əkrəm qardaşımız onu da deyir ki, ömrünün qazancları içərisində ən çox fəxr etdiyi ailəsidir. Həqiqətən onun gözəl ailəsi var. O, vaxtı ilə el qeyrətli valideynlərindən aldığı təmiz və saf tərbiyəni öz övladlarına aşılayıb. Ailədəki səmimiyyət uşaqlarına da sirayət edib…

Ömür nərdivanının 50-ci pilləsinə doğru addımlamaqdadır. Maraqlı və mənalı 48 illik ömür Əkrəm qardaşımız üçün artıq bir keçmişdir. Qarşıda onu uzun, həm də qurub-yaratmağı ilə zəngin bir yol gözləyir. Bu yolda ona sağlam həyat, bol-bol uğurlar arzulayıram. Belə yerdə dahi Konfutsinin bu kəlamı yada düşür: “Böyük insanlar həyatın mənasını özündə, kiçik insanlar isə özgələrində axtarır”.

Yusif MƏHƏMMƏDOĞLU
Seçilən
34
1
azadmedia.az

2Mənbələr