AZ

“Valideynlik hüququndan məhrum edilə bilər”- əlilliyi olan şəxs aliment ödəməlidir?-AÇIQLAMA

Ailə Məcəlləsinə əsasən yetkinlik yaşına çatmayan uşaqlar ata və anaları tərəfindən saxlanılmağa borcludur. Eyni zamanda nikahı pozulmuş və uşaqlarından ayrı yaşayan valideynlər, atalar və ya analar uşaqlarını saxlamaq üçün müəyyən məbləğdə pul ödəməyə borcludurlar. Həmin pul və məbləğ aliment adlanır. Bəs görəsən əlilliyi olan şəxsin nikahı pozulubsa o aliment ödəməlidirmi?
 
Hüquqşünas Nəriman Əliyev Moderator.az-a açıqlamasında mövzuya münasibət bildirib.
 
“Əlilliyi olan şəxslər aliment ödəməkdən imtina edə bilməzlər. Qanunvericilikdə əlilliyi olan şəxslərdən aliment tutulması ilə bağlı hansısa qadağa yoxdur. Əgər əlilliyi olan şəxsin əmək qabiliyyəti varsa aliment onun qazancından və gəlirlərindən tutulur. Əgər əlilliyi olan şəxsin əmək qabiliyyəti yoxdursa aliment onun aldığı pensiya və müavinətlərdən tutulur” deyə o deyib.
 
Hüquqşünas bildirib ki, ailə məcəlləsi alimentin miqdarını da təyin edib.
 
“Ailə məcəlləsinin 76-cı maddəsinə əsasən əgər tərəflər arasında aliment ödənilməsi barədə razılaşma yoxdursa, tutulan alimentin miqdarı bir uşağa görə qazancın və gəlirin 4-də 1-i, 2 uşağa görə 3-də 1-i, 3 və daha çox uşağa görə 2-də 1-i həddində müəyyən edilmişdir. Ailə məcəlləsinin 78-ci maddəsinə əsasən tutulan alimentin miqdarı sabit pul məbləğində də müəyyən edilə bilər. 2024-cü ili uşaqlar üçün yaşayış minimumu 235 manat həddində müəyyən edilmişdir. Məhkəmə tərəfindən şəxsin əlil olması, əmək qabiliyyətinin olub olmaması və s. bu kimi hallar nəzərə alınmaqla tutulan alimentin miqdarı daha aşağı halda da müəyyən edilə bilər” deyə o deyib.
Hüquqşünas bildirib ki, valideynin aliment ödəməyə imkanı yoxdursa uşağın nənə və babasından da aliment tələb etmək mümkündür. Şəxs aliment ödəməkdən imtina edirsə, ailə məcəlləsinin 64-cü maddəsinə əasən o valdeynlik hüququndan məhrum edilə bilər.
Seçilən
48
moderator.az

1Mənbələr