Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.
Bizim.Media xəbər verir ki, "Qondarma "siyasi məhbus" iddiası Bakıda həbsdə olan separatçılara görədir" adlı süjetdə rəsmi Bakının qlobal iqlim problemlərinin müzakirə edildiyi COP29 tədbirinə hazırlaşdığı vaxt Azərbaycana qarşı beynəlxalq müstəvidə qarayaxma kampaniyasının intensivləşməsindən bəhs olunub.
Bildirilib ki, Azərbaycanda qlobal əhəmiyyətli tədbirlərin keçirildiyi vaxt bəlli qüvvələr bunu siyasiləşdirərək, anti-kampaniya xarakterli hücumlar edir: "Bu 2012-ci ildə Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən Avropa Oyunları, eləcə də digər tədbirlər zamanı da olub. Eyni taktika yenidən işə salınıb. COP29-un mahiyyəti iqlim problemləri olsa da, bir sıra Avropa strukturlarında Azərbaycanla bağlı siyasi müzakirələr aparılır və bütün məsələləri məhz iqlim tədbirinə calamağa çalışırlar. Məqsəd Azərbaycana köklənmiş beynəlxalq diqqətdən istifadə edərək, rəsmi Bakıya təzyiq etmək və öz planlarını həyata keçirməkdir. Bu qüvvələr anti-Azərbaycan qüvvələri, eləcə də erməni diasporu və lobbisidir".
Qeyd olunub ki, Azərbaycana qarşı uydurma iddialar konkret hədəflərə hesablanıb: "Qondarma "siyasi məhbus" iddiası Bakıda həbsdə olan separatçılara görədir. Görünür, beynəlxalq səviyyədə Azərbaycana qarşı aparılan anti-kampaniya ilə rəsmi Bakını İrəvan qarşısında təslim olmağa məcbur etməyi planlaşdırırlar. Bu baxımdan, COP29 tədbiri zamanı, hətta tədbirdən sonra da Azərbaycana qarşı siyasi və informasiya müstəvisində təxribat hücumlarının davam edəcəyi gözləniləndir".
Sonda vurğulanıb ki, bütün bu cəhdlər heç bir nəticə verməyəcək və rəsmi Bakının milli maraqlara uyğun siyasəti dəyişməyəcək: "Bunu ən yüksək səviyyədə verilən bəyanatlar da təsdiq edir. Ermənilər və havadarları nə qədər çalışsa da, separatçılar öz cinayətlərinin cəzasını çəkəcək və Bakı İrəvanın qarşısına qoyduğu tələblərdən imtina etməyəcək. Azərbaycanlılar Qərbi Azərbaycana qayıdacaq, separatçılar isə törətdikləri cinayətlərin cəzasını çəkəcəklər".
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Ətraflı Baku TV-nin süjetində:
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta