AZ

İqtisadiyyatımızın əsas sahəsi...

Kənd Təsərrüfatı İşçilərinin bayramıdır

Əkib-becərməyi, heyvanları əhliləşdirməyi hələ öyrənməmiş olan əcdadlarımız yabanı bitkilər toplayaraq, vəhşi heyvanları ovlayaraq qidalanır və həyatda qalmağa çalışırdılar. İndiki həyatımızda isə kənd təsərrüfatı sayəsində bu, xeyli asanlaşıb. Əkinçilik, bağçılıq, arıçılıq, maldarlıq, üzümçülük və s. bir çox qida sahələrini əhatə edən kənd təsərrüfatı sahəsi qida tədarükçüsü kimi insan varlığının təməl daşını təşkil edir. Bu sahənin inkişafı əsrlər boyu sivilizasiyaların inkişafına böyük töhfə verib. Kənd təsərrüfatı bitki və heyvan mənşəli məhsulların istehsalını, onların keyfiyyətinin və səmərəliliyinin yoxlanılmasını, satışa çıxarılmasını özündə ehtiva edir.

İqtisadiyyatda mühüm rol oynayan kənd təsərrüfatı inkişaf etməkdə olan ölkələr üçün iqtisadi sistemin əsası hesab olunur. İqtisadi cəhətdən strateji əhəmiyyətli və səmərəli olan kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsi iqtisadiyyatın davamlı inkişafına zəmin yaradır. Ölkəmizdə bu sahənin inkişafına dövlət tərəfindən xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin 2008-ci il 9 oktyabr tarixli Fərmanı ilə hər il noyabrın 1-nin Azərbaycanda Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd olunması və bu günə həsr olunmuş xüsusi tədbirlərin keçirilməsi bunun əsas göstəricilərindəndir.

Dövlətimiz hər zaman kənd təsərrüfatı sahəsinin inkişafına və bu sahədə çalışan işçilərə xüsusi qayğı göstərir. Bu istiqamətdə atılan addımlardan biri də 2007-ci ildə Prezident İlham Əliyev tərəfindən kənd təsərrüfatına dövlət dəstəyi proqramına start verilməsidir. Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatının daha da inkişaf etdirilməsi üçün səmərəli fəaliyyət göstərərək ciddi nəticələr əldə edir. Nazirliyin təşəbbüsləri dövlət tərəfindən hər zaman dəstəklənir.

Son illərdə kənd təsərrüfatı sahəsində dinamik inkişaf qeydə alınır. Kənd təsərrüfatının ümumi məhsulunun dəyəri hər il daha da artır. Məhsulların ixracında müsbət nəticələr əldə olunur. İşğaldan azad edilmiş torpaqlarımızda kənd təsərrüfatının yenidən qurulması üçün “Ağıllı kənd” layihələri icra olunması da ölkəmizin hər keçən gün daha inkişaf edərək irəli getdiyinin sübutudur.

Azərbaycanda iş yerlərinin çoxu kənd təsərrüfatındadır. Bu sahənin həm iqtisadiyyatın inkişafında, həm də qida tədarükçüsü olaraq insanların həyatındakı rolu çox böyükdür. Məhz buna görə də kənd təsərrüfatı sahəsində çalışan işçilərin əməyi əvəzolunmazdır.

“Yeni Azərbaycan” olaraq kənd təşərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edirik!

Yeganə BAYRAMOVA

Seçilən
71
yeniazerbaycan.com

1Mənbələr