AZ

Seçici deputata gecə saatlarında da zəng edə bilər - Yeni deputatla İLK MÜSAHİBƏ

Mahir Süleymanlı: "Seçildim, bitdi, artıq deputatam, telefonumu söndürüm,- deyə bir şey yoxdur"


Milli Məclisin yeni və ən gənc deputatı Mahir Süleymanlı Modern.az saytına müsahibə verib.
 

- Mahir müəllim, Vll çağırış Milli Məclisin ən gənc deputatısınız. Bu, sizə nə verdi?


- Bu il növbədənkənar parlament seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) siyahısı üzrə ən gənc deputatlığa namizəd kimi qeydə alınmışdım. Buna görə partiyamızın sədri, cənab Prezidentimiz İlham Əliyevə və YAP sədrinin birinci müavini, çox hörmətli Birinci vitse-prezidentimiz Mehriban Əliyevaya göstərdikləri etimada görə öz təşəkkürümü bildirirəm.

Ümumiyyətlə, Prezidentimizin rəhbərliyi ilə son illərdə ölkəmizdə kadrların gəncləşmə siyasəti həyata keçirilir. Dövlət strukturlarında gənclərin sayır artır, gənc kadrlar yüksək vəzifələrə çəkilir.

Mən də partiyamızın dəstəyi ilə seçkilərdə 59.6% səslə 56 saylı Şabran-Xaçmaz Seçki Dairəsindən Milli Məclisin depuatatı seçildim. Göstərilən bu etimada görə Şabran və Xaçmaz rayonundakı seçicilərə də təşəkkürümü bildirirəm. Çalışacam ki, qarşıya çıxan məsələlərlə bağlı əlimdən gələni edim və rayonumuza, insanlarımıza yüksək xidmət göstərim.

Gənclər siyasətinin ölkəmizdə uğurla davam etdirildiyi bir vaxtda ən gənc deputat kimi parlamentdə təmsil olunmağım mənim üçün bir şərəfdir. Mən bir gənc deputat kimi çalışacam ki, parlamentdə yeni qanun layihələri hazırlanarkən fəal olum, komitə və plenar iclaslarda fikrimi bildirim, qanunvericiliklə bağlı təşəbbüsləri irəli sürüm. Təbii ki, gənclik həm də enerji deməkdir. Mən öz enerjimi həm qanunvericilik bazasının daha da möhkəmlənməsi, həm də insanlarımızın problemlərinin həlli baxımından istifadə etməyə çalışacam.


- Hər bir millət vəkili özünəməxsus cəhətlərinə görə yaddaşlarda qalır, tarixə düşür. Bu baxımdan siz indiki çağırış Milli Məclisin ən gənc deputatı kimi yadda qalacaqsınız. Atanız da millət vəkili idi. Onun Sizə tövsiyələri oldumu?
 

- Atam - Tahir Süleymanov 2000-2020-ci illərdə Dəvəçi-Siyəzən 54 saylı Seçki Dairəsindən Milli Məclisin 4 çağırışının deputatı olub. Hazırda Azərbaycan Ağsaqqallar Şurasında sədr müavini kimi ictimai fəalliyətini davam etdirir. Gənclərə tövsiyələr verir, ağsaqqalların tədbirlərində yaxından iştirak edir, dövlətimizə xidmət göstərir. İlk növbədə bunu qeyd edim ki, depuatat seçilməzdən əvvəl 7 ildən bir az çox müddətdə Milli Məclisin Aparatında fəaliyyət göstərmişəm. İnzibati hərbi qanunvericilik şöbəsində, Dövlət quruculuğu şöbəsində, İcra hakimiyyəti orqanları ilə əlaqələr şöbəsində çalışmışam. Tahir müəllimin mənə öyüd-nəsihəti deputat olmadan öncə, Aparatda çalışdığım illərdən başlayıb. O, hər zaman qeyd edib ki, cənab Prezidentin etimadını doğrultmaq lazımdır. Həmçinin bu müddətdə parlamentin rəhbərliyinin verdiyi tapşırıqları tam dəqiqliklə icra etməyimi, heç bir səhvə yol vermədən, qanunvericiliyi daha dərindən öyrənməyimi və çalışdığım zaman nümunəvi əməkdaşlardan birinə çevrilməyimi davamlı tövsiyə edirdi.

Deputat seçildikdən sonra da bizim söhbətlərimiz olub. Millət vəkili necə olmalıdır, atam mənə bunu izah edib. Qeyd etdiyim kimi, özümün də kifayət qədər təcrübəm var. Ancaq ağsaqqal məsləhətinə, valideyin tövsiyəsinə hər zaman ehtiyac duyulur.

Atam deyir ki, sən öncə insanların etimadını doğrultmağa çalışmalı, əhalinin həssas təbəqəsi ilə münasibət qurmağı bacarmalı və seçicilərin qayğıları ilə yaxından maraqlanmalısan. Vətəndaş deputata gecə saatlarında da zəng edə bilər, deputat hər zəngi cavablandırmalıdır, problemlərini həll etməyə çalışmalıdır. Sənin əsas işin deputat olduqdan sonra başlayır - seçildim, bitdi, artıq deputatam, telefonumu söndürüm, - deyə bir şey yoxdur. Sən dövlətinə, xalqına xidmət etmək üçün günün bütün saatlarında çalışmalısan. Ən əsası xalqın içində olmalısan - toylarda da, hüzr yerlərində də iştirak etməlisən. Düzdür, deputat əsasən qanunvericilik fəaliyyətlə məşğuldur - komitə, plenar iclaslarda çıxış edir, təkliflər verir. Amma eyni zamanda deputatın əhali ilə işləməsi lazımdır, o da deputatın bir işidir. Mən deputat kimi fəaliyyətə başlayandan bəri Tahir müəllimdən aldığım öyüd və tövsiyələr istiqamətində fəaliyyət göstərirəm. Artıq mənim iki görüşüm olub. Orada mənə müxtəlif istiqamətlərdə müraciətlər olundu. Bəziləri yerindəcə həll olundu, bəzilərinin isə həlli istiqamətində aidiyyatı üzrə müvafiq qurumlara müraciət edildi. Noyabrın 9-da və 21-də də Şabran rayonunun kəndlərində yenidən vətəndaş qəbulu keçirəcəyik. Orada da bizim dairəyə aid olan kəndlərin əhalisi ilə geniş tərkibdə görüşümüzün təşkil olunması nəzərdə tutulur. Çalışacağıq ki, insanlarımızın üzləşdikləri məsələlərlə yaxından tanış olaq, ən əsası şəhid ailələri ilə, qazilərlə görüşlər keçirək. Demək olar ki, Şabranda şəhid ailələrinin çoxunun evində olmuşam, onlarla görüşüb söhbətlər aparmışıq. Həm Birinci, həm də İkinci Qarabağ müharibəsində qazi olan rayon sakinlərilə də görüşlərimiz keçirilib. Onların hər biri dövlətimizdən, cənab Prezidentimizdən çox razıdır, dövlətimizin siyasətini dəstəkləyirlər və məndən də xahiş etdilər ki, Milli Məclisin iclaslarında onların təşəkkürlərini, minnətdarlıqlarını dövlət başçısına çatdıraq. Görüşlər zamanı əhalinin həssas təbəqəsi ilə bir araya gəlməyə çox can atırıq. Onlardan diqqətimizi əsirgəməməyə çalışırıq.
 


- Atanızın dostlarının xeyli hissəsi deputatadır. Onların sizə yanaşması necədir?


- Hazırda parlamentin deputatları arasında yaşlı nəslin nümayəndələri də fəaliyyət göstərir. Deyə bilərəm ki, hər biri ilə çox səmimi münasibətimiz var, dəyərli və dövlətimizə xidmət edən insanlardır. Həm rəsmi, həm də qeyri-rəsmi görüşlərimizdə mənə deyirlər ki, hansı bir sualın, nə çətinliyin olsa, canla-başla kömək etməyə hazırıq. Mən də onlara bu baxımdan təşəkkürümü bildirirəm. Hiss olunur ki, Tahir müəllimin ətrafı, yaxınları həqiqətən dəyərli dostlardır, dostluğa dəyər verən insanlardır.
 

- Siz həm də Gənclər və idman komitəsinin üzvüsünüz. Bu sahədə görmək istədiyiniz işlər hansılardır? Ümumiyyətlə, bu sahədə dövlət siyasətini, görülən işləri necə qiymətləndirisiniz, təmsil etdiyiniz bölgələrdə bununla bağlı hansı işlər görməyi planlayırsınız?
 

- Cənab İlham Əliyev həm də Milli Olimpiya Komitəsinin prezidentidir. Azərbaycanda gənclər və idman siyasəti bu gün çox uğurla həyata keçirilir və Prezidentin bu sahədə xüsusi diqqət və qayğısı danılmazdır. Bütün rayonlarımızda Olimpiya idman kompleksləri, stadionlar, idman zalları tikilir, istifadəyə verilir. Növbədənkanar parlament seçkilərindən sonra Gənclər və İdman Komitəsinin də tərkibi xeyli yeniləndi, burada kifayət qədər gənc deputatlar təmsil olundu. Artıq bizim komitənin bir iclası keçirilib. Biz komitədə iştirak edərək fikir və təkliflərimizi bildirmişik. Deputatı olduğum Şabran rayonunda idmanla bağlı bir sıra məsələlərin həllini tapmalı olduğunu düşünürəm. Digər Şimal rayonlarda Olimpiya idman kompleksi olsa da, Şabran rayonunda uzun illərdir ki, bu kompleksin tikintisinə başlanılmayıb. Bu da gənclərimizin asudə vaxtlarının səmərəli keçirməsi üçün bəzi problemlər yaradır. Mən istərdim ki, Şabran rayonunda gələcəkdə çox böyük bir Olimpiya idman kompleksi tikilib istifadəyə verilsin. Şabran rayonunun gəncləri asudə vaxtlarını orada keçirsin, idmanla məşğul olsunlar və sağlam həyat tərzi keçirsinlər. İdman təbii ki, insanın sağlamlığı üçün əsas amildir. Eyni zamanda gəncləri pis vərdişlərdən uzaq tutmaq üçün əvəzolunmaz vasitədir. Ümid edirəm ki, bu cür komplekslərin inşası idmanımızın gələcək uğurlarını da artıracaq. Ölkəmiz gənclər və idman sahəsində beynəlxalq aləmdə daha çox təmsil olunub uğur qazanacaq. Onun üçün də biz bu sahədə əlimizdən gələni edirik və edəcəyik.
 

- Gənclər və idman komitəsi üzvlərinin hər biri gənclər sektorundan gəlib. Siz öz bölgənizdə görmək istədiyiniz işlərdən danışdınız, bəs, komitə üzvü olaraq birlikdə hansı işləri görməyi planlaşdırırsınız?
 

- Biz artıq bu barədə aramızda danışıqlar aparmışıq. Mən təklif etmişəm ki, Şimal zonasında Gənclər və idman komitəsinin üzvləri ilə birlikdə böyük bir tədbir keçirək.Yaxın zamanlarda Şabran, Quba və ya Xaçmaz rayonlarından birində böyük bir idman tədbirininin keçirilməsi ilə bağlı razılığa gəlmişik. Tədbirdə idman yarışlarının keçirilməsi nəzərdə tutulur. Bura futbol, basketbol və ya gənclərin maraq göstərdiyi digər yarışlar daxil ola bilər. Beləliklə, həm də gəncləri bu sahəyə cəlb etmiş olacağıq. Həmçinin, komitənin bölgələrdə fəaliyyətinin artırılması istiqamətində işlər görməyi düşünürük, çünki gənclər təkcə Bakı və Sumqayıtda deyil. Gələcəkdə də bu cür fəaliyyətlərimiz davam edəcək.
 

- Qeyd etdiniz ki, seçkidən əvvəl də, sonra da seçicilərlə görüşləriniz keçirilib. İlkin təsüratınız necədir, təmsil etdiyiniz bölgənin spesifik problemləri nədən ibarətdir?
 

- Görüşlərdə ünvanlanan müraciətlər ən çox su və işsizliklə bağlıdır. Biz bu problemlərin hər birini qeydə alırıq və səlahiyyətimiz daxilində həll edirik, səlahiyyətimiz xaricində olan məsələləri isə aidiyyəti orqanlara çatdırmaq üçün qeydə alır, nəzarətə götürürük. Şabran rayonu bildiyiniz kimi, kənd təsərrüfatı rayonudur. Bununla belə,  rayonda çox ciddi şirin su problemi var. Bununla bağlı biz də aidiyyəti qurumlara müraciətlərimizi ünvanlamışıq. Ümid edirik ki, gələcəkdə bu istiqamətdə görülən işlər nəticəsində problem həll olunacaq.



- Siz həmçinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvüsünüz. Bu sahədə hansı işlərin görülməsini nəzərdə tutursunuz? Qanunvericilikdə nə kimi dəyişikliyin edilməsini labüd hesab edirsiniz?


- Dövr, həyat dəyişdikcə, inkişaf etdikcə, qanunların da dəyişməsinə, təkmilləşdirilməsinə ehtiyac yaranır. Təmsil olunduğum bu komitə Milli Məclisin ən aktiv komitəsidir. Demək olar ki, ayda 2-3 dəfə komitənin iclasları keçirilir, qanun layihələri müzakirə olunur, deputatların rəy və təklifləri nəzərə alınır. Açığı iddia edə bilmərəm ki, bu sahədə hazırda hansısa qanunun yenilənməsinə, dəyişməsinə ehtiyac var. Bunlar onsuz da zamanla olur, qanunlarda ən xırda məsələyə dəyişiklik edilməsinə ehtiyac yarandığı zaman məsələ parlamentdə qaldırılır. Bildiyimiz kimi, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi daha çox müdafiə və təhlükəsizlik sahəsində fəaliyyət göstərən və bu sahədə qanunların qəbulu ilə məşğul olan qurumdur. Bizim müdafiə qabiliyyətimiz günü-gündən gücləndirilir. Cənab Prezident müdafiə və ordu sahəsinə çox böyük diqqət yetirir. Ordumuzun maddi-texniki bazası günü-gündən inkişaf edir və yenilənir. Azərbaycan Ordusu regionda və dünyada ən güclü ordulardan birinə çevrilib. Bu da cənab Prezidentimizin apardığı uğurlu siyasətin nəticəsidir. Ordu quruculuğunda bizim komitə də müdafiə və təhlükəsizlik sahəsinə aid qanunvericiliklə bağlı öz işini görür və bundan sonra da davamlı işlər görüləcək.
 

- 2025-ci il dövlət büdcəsinin layihəsi müzakirəyə çıxarılacaq və yəqin ki, siz artıq sənədlə tanışsınız. Sizcə, büdcədən daha çox hansı sahələrin inkişafı üçün vəsait ayrılmalıdır?
 

- Mənim təmsil olunduğum Şabran rayonunda kənd məktəblərinin bir çoxu qəzalı vəziyyətdədir. Artıq bu barədə seçicilərdən də kifayət qədər məktublar almışam. Düşünürəm ki, büdcədə məktəblərin təmirinə, yeni məktəblərin tikintisinə baxılmalıdır. Büdcədən təhsilə vəsait ayrılmalıdır ki, qəzalı vəziyyətdə olan məktəblər təmir edilsin. Rayonlarda yeni məktəblər tikilib istifadəyə verilir, maddi-texniki bazası da inkişaf etdirilir. Ancaq kənd məktəblərində müəyyən problemlər mövcuddur və istərdik ki, bütün kəndlərimizdə övladlarımız daha keyfiyyətli təhsil alsınlar.
Təhsillə birlikdə səhiyyə sahəsinə də vəsaitin ayrılmasına ehtiyac var. Rayonlarda xəstəxana və poliklinkalar son standartlara uyğun tikilib istifadəyə verilsə də, kənd yerlərində vəziyyət ürəkaçan deyil. Mənim təmsil olunduğum Şabran rayonunun kəndlərində tibbi məntəqələrin təmir edilməsi, yenilənməsinə çox böyük ehtiyac var. Bu cür problemlər həm də həmin sahədə çalışan şəxslərin kəndlərdən, rayonlardan ayrılmasına səbəb olur. Burada fəaliyyət göstərməyə maraq getdikcə azalır. Hansı ki kənd məntəqələrində tibb işçilərinə çox böyük ehtiyac var.
 

- Siz Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərisiniz və Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının da işçi qrupunun üzvüsünüz. Sizin bu sahələrdəki fəaliyyətiniz hansı istiqamətlərdə olacaq?
 

- Qeyd etdiyiniz kimi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasında işçi qrupunun üzvüyəm. Artıq 16-18 oktyabr tarixlərində Eldar Quliyev, Musa Quliyev və mən İstanbulda təşkilatın tədbirində iştirak etdik.
Zimbabveyə gəldikdə isə Azərbaycan-Zimbabve parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəriyəm. Hələ ki qarşılıqlı təmaslarımız olmasa da, gələcəkdə Zimbabve parlamentinin deputatları ilə görüşlərimiz və işgüzar  səfərlərimiz gözlənilir. İşçi qrupunun üzvləri təsdiqləndikdən sonra əlaqələrin də qurulması istiqamətində işlərə başlayacağıq.
 

- Dünyanın ayrı-ayrı ölkələrinin parlamentlərinin ən gənc deputatları ilə görüşlərin və əməkdaşlığın aparılması istiqamətində hansısa planlarınız varmı?
 

- Gənclər və idman komitəsi olaraq bizim gələcək üçün böyük planlarımız var. Gələcəkdə də Gənclər və idman komitəsi və gənc deputatlar olaraq bu maraqlı məsələ ilə məşğul olmaq istərdik.

Dost olduğumuz ölkələrin gənc deputatları ilə görüşlər təşkil edib ölkələrarası əlaqələr qurmaq, müəyyən fikir mübadilələri aparmaq maraqlı fikirdir. Bu cür görüşləri təşkil etməkdən çox məmnun olarıq. Dünyanın ən gənc deputatlarının bir araya gətirilməsi məsələsinə də baxa bilərik.

Əslində, bu maraqlı təklifdir. Ümid edirəm ilkə imza ata bilərik.

Seçilən
92
50
modern.az

10Mənbələr