(REAL HADİSƏLƏR ƏSASINDA)
21-ci hissə
Əvvəli keçən sayımızda
...Telefonu söndürdü, kresloya söykənib fikrə getdi. Bəyaz xanımın dedikləri yadından çıxmırdı. Bir qədər düşünüb ayağa duraraq əynin dəyişib Raulu qonşusuna tapşıraraq evdən çıxıb Xalid ilə görüşmək üçün onun dediyi ünvana getdi.
Cahan Xalid ilə görüşmək üçün onun ofisinə gəldi. Kabinetinə qalxıb onunla iki mədəni insan kimi salamlaşaraq stulda oturdu. Xalid Cahanı süzdü, ondan ayrıldıqdan sonra ilk dəfə idi ki, onu görürdü. Cahan dəyişməmişdi, öz gözəlliyini qoruyub saxlaya bilmişdi. Xalid gözünü kompüterdən çəkmədən hal-əhval tutub oğlu Raulu soruşdu:
- Raul necədir?
Cahan Xalidə baxdı, siqaret yandıraraq dedi:
- Elə mən də səninlə bu haqda danışmağa gəlmişəm.
- Nəsə olub?
- Əslində nədən və haradan başlayacağımı bilmirəm. Düşünmə ki, səndən yardım istəməyə gəlmişəm, yox, sadəcə düşündüm ki, sən də bir ata kimi olanlardan xəbərdar olmalısan.
Xalid gözünü kompüterdən ayırıb Cahana baxdı. Cahan isə Xalidin baxışlarını üzərində hiss edib yayınmaq üçün gözlərini qaçırdı, siqaret yandırıb tüstünü içinə çəkərək çölə buraxdı. Xalid isə:
- Başa düşmədim, sən nə demək istəyirsən, Cahan? deyə soruşdu:-Bir açıq danış, görüm axı nə olub?
- Xalid,-deyə Cahan dərindən ah çəkdi:
- Raul xəstədir.
- Uşaqdır da. Uşaq xəstələnər də, sağalar da.
- Amma bu sağalası xəstəlik deyil,-deyə Cahan özünü saxlaya bilməyib ağlamağa başladı.
Xalid ayağa durub ona yaxınlaşdı, əlindən tutub onu stuldan ayağa qaldıraraq sakitləşdirməyə çalışdı. Cahan özünü toparlamağa çalışsa da bacarmadı, gözyaşları daha da çoxalmışdı. Xalid isə onu ovutmaq üçün sevgiylə bağrına basdı. Ətirli qara saçlarını oxşayıb:
- Özünü ələ al, Cahan,-dedi:
- Axı, de görüm nə olub? Mənim oğluma nə olub?
- Xalid, sənin oğlun xərçəngdir-deyərək Cahan göz yaşlarını sildi: -Mən onu itirəcəyəm.
Xalid Cahana baxdı. Nə deyəcəyini bilməyib sakitcə kabinetdə gəzməyə başladı. Cahan hər şeyi olduğu kimi Xalidə danışıb ondan kömək istədi. Ayağa durub onun kabinetindən çıxaraq maşına oturub evinə yola düşdü.
Günlər, aylar keçirdi. Artıq payız gəlmişdi. Bu aylar ərzində Xalid Cahanla bərabər Raulu bir çox həkimə göstərib, yoxlatdırmışdılar. Raulun müalicəsi başlamışdı, müalicənin cavabları bəlli olanda hər ikisinin ümidləri üzülmüşdü. Artıq heç bir çarə yox idi və onlar olanlarla barışmışdılar. Bu arada Xalidin anası Sahibə isə olanlardan xəbər tutmuşdu. Oğlu Xalidin boş yerə israfçılıq etməsini istəməyib Cahanla görüşmək qərarına gəlmişdi. Bu məqsədlə də onun evinə gələn Sahibə Cahanın qapısını döydü. Qapını açan Cahan keçmiş qaynanası Sahibəni görüb dayandı. Sahibə salamsız içəri girib qonaq otağına keçdi. Qonaq otağında onunla üz-üzə dayanıb:
- Gəlişimin çox güman ki, məqsədini bilirsən.-dedi.
Cahan keçmiş qaynanası Sahibənin boş yerə gəlmədiyini bilirdi. Heç bir zaman Cahanı sevmədiyini, onu hər kəsin yanında alçaltmağı özünə mənəvi zövq bilirdi. Odur ki, Cahan onu süzdü. Oturmağı belə təklif etməyib:
- Hər halda nəvənin halını sormağa gəlmədiyini bilirəm,-dedi:-Çox güman ki, yenə də...
- Qulaq as, -deyə Sahibə onun sözünü yarımçıq kəsdi:
- Mənə nə sən, nə də sənin oğlun maraqlı deyil. Məni maraqlandıran mənim oğlumdur. Niyə onun yaxasından əl çəkmirsən, hə? Nə vaxta qədər onu izləyəcəksən.
- Başa düşmədim.
- Baş var ki, başa da düşəsən. Sən nə vaxt nəyi başa düşmüsən ki? Ay qız, indi oğlunun xəstəliyindən istifadə edib oğluma yaxın olursan.
- Deməzdim. Mənə mənim oğlum maraqlıdır, sən isə yaxşı bilirsən ki, oğlumun atası da sənin oğlundur. Nə qədər göyə çıxsan belə, bu bir həqiqətdir və sən bu həqiqət ilə barışmalısan.
Sahibə güldü:
- Bəsdir də ay yazıq. Səni oğlum və oğlumun mal-mülkü maraqlandırır. Hərçənd ki, yazıq yetərincə səndən ayrılanda sənə pay verib, amma deyəsən görürəm bəs eləmir. Əlbəttə, bəs eləməz də, axı nə gördün, bizim ailədə gördün
- Doğrudan? Bəlkə bu qədər nifrətə son qoyasan? Axı, sən məndən nə istəyirsən? Düşünürsən ki, mən sənin oğlunla bərabər olmağa çalışıram? Yox, sən yanılırsan. Bizi indi bir-birimizə bağlayan sadəcə Rauldur, onun xəstəliyidir.
- Çox nahaq. Mənim oğlum neyləməlidir sənin üçün, ay qanmaz? Oğlum sənin üçün bank zaddır, məgər? Daha bəsdir, əl çək ondan. Mənim oğlumun sənin oğluna borcu-zadı yoxdur. Belə də ki, daha bəsdir. Sənin oğluna gəlincə, onu mən özümə nəvə saymıram, nə olsa belə vecimə deyil!
- Əlbəttə, sən axı adam deyilsən, adamlıqdan çıxmısan. Sən o qədər adamlıqdan çıxmısan ki, bu həyatda ancaq puldan başqa heç nə görmür gözün. Amma əslində sənə yazığım gəlir, bilirsən. Sən yazıq bir qadınsan, Sahibə.
Sahibə Cahanın sözlərinə əsəbiləşib:
- Kəs səsini!-deyərək şillə çəkmək istədikdə Cahan onun əlini saxladı:
- Buna cəhd eləmə. Daha sənin qarşında o aciz Cahan yoxdur. Bu həyat mənə elə dərs verib ki, artıq sərt olmuşam. Qulaq as, sən Raulu qəbul etməyə bilərsən, amma nə olursa, olsun, barışmalısan. Onun sənin nəvən olduğunla barışmalısan.
- Əsla-deyə Sahibə qaşlarını çatdı:-Mən heç vaxt bununla razılaşmaram. Bəlkə sən elə oğluma şər atırsan? Bəlkə, Raul heç Xalidin övladı deyil? Bəlkə sən elə onu kimdənsə peydahlayıb oğluma ərə gəlmişdin? Nə bilmək olar, sənin keçmişin onsuz da kirli olub. Sən bir heç olmusan, Cahan.
Sahibənin sözlərinə dözməyən Cahan ona var gücü ilə şillə çəkib boğazından yapışdı.
Sahibə Cahanın bu hərəkətini gözləmirdi. Əlindən çıxmağa çalışdı. Cahan isə buna əhəmiyyət verməyib onun çırpındığını gördükcə boğazını daha da sıxmağa başladı. Gözü qaralmışdı Cahanın. Sahibə boğulurdu, gözləri bərəli halda əlləri ilə Cahanın əlindən bir təhər çıxıb onu özündən kənara itələdi. Ona baxıb:
- Vicdansız, qaniçən fahişə,-dedi:
- Bunu elə belə qoymayacağam, gör mən sənin başına nə oyun açıram.
Sözünü bitirən Sahibə iti addımlarla onun evini tərk etdi. Tək qalan Cahan divana oturdu. Əlləri ilə başını tutub ağlamağa başladı.
Aylar sürətlə keçirdi. Cahan oğlu Raulu müalicə etdirsə də, müalicə cavabsız qalmışdı. Raulun vəziyyəti daha da ağırlaşmışdı. Bu arada Cahanın atası Fazilin də vəziyyəti ağırlaşmışdı. Fazil Cahanla görüşmək üçün xalası Məlahətlə ona xəbər göndərmişdi. Məlahət xəbəri Cahana çatdırdığı zaman onu çətinliklə razı salıb evə gətirmişdi. Təbii ki, gəlişinə bacısı Arzu sevinməsə də məcburiyyətdən susurdu. Cahan atası Fazilin yanına gəlib otağına girdi. Onu düşmüş vəziyyətdə görüb doluxsundu. Amma ağlamayıb özünü toparlayaraq çarpayısına yaxınlaşıb çarpayının yanındakı stulda oturdu. Fazil Cahana baxdı, əlini uzadıb onun əlindən tutdu.
- Cahan-dedi.
- Səni belə görməyi heç istəməzdim, ata. Həqiqətən çox pis oldum.
- Sənə yaxşı ata olmadım, sənə qarşı haqsız davrandım qızım, sənə atalıq etmədim -deyə, Fazil udqundu: -Mən həmişə səni özümdən uzaq tutdum.
- Ata, bu sözləri səndən eşitmək istəməzdim. Olub keçənləri yada salmaq lazım deyil. Onsuz da olan olub, keçən keçib.
- Yox-deyə Fazil udqundu: -Mən sənin qarşında günahkaram, Cahanım.
Fazildən ilk dəfə idi ki “Cahanım” kəlməsini eşidirdi. Hansı ki, illərlə ona bir dəfə də olsun bu kəlməni deməmişdi. Cahan doluxsundu, amma bunu üzdə büruzə vermədi. Sakitcə atası Fazilin əlindən tutub:
- Mən nə deyə bilərəm ata.-dedi: -Əslində zaman hər şeyi göstərdi, mən və sən tam ayrılıqda olduq. Sənin üçün mən daima başyeyən, bədayaq oldum. Bir dəfə də olsun səndən ata sevgisini görmədim, daima sənə yad oldum. Düşünmə ki, bura səni mühakimə etməyə gəlmişəm. Yox, sadəcə bir şey bilirəm ki, mən səni bağışlaya bilmərəm. Sən mənə elə bir dağ çəkmisən ki.
Sözünü bitirən Cahan ayağa durdu. Atası Fazilin otağından çıxıb qonaq otağına gəldikdə bacısı Arzunun nifrət dolu baxışları ilə üz-üzə gəldi.
Ona əhəmiyyət verməyib kresloda oturmaq istədikdə Arzu öz atmacasından qalmadı:
- Sənin getmək fikrin yoxdur? Olmaya oturacaqsan?
- Əgər səhv etmirəmsə bura həm də mənim evimdir, Arzu, mənim də burda olmaq haqqım var. Səni nə narahat edir?
- Açığı səni burda görmək istəmirəm, Cahan. Sən bizim həyatımızdan rədd olub gedəndən çox şey dəyişib. Mən istəmirəm ki, ərim və uşağım səni görsün.
- Nəyə görə, hə?
Arzu susdu. Cavab verməyib sakitcə Cahana baxdı. Cahan isə onun susduğunu görüb dedi:
- Sənə acıyıram Arzu, sənə yazığım gəlir. Sən içində çox qurdlu birisən, sənin mənim bacım olduğuna üzülürəm. Əlbəttə, sən zatən öz mənfəətini güdən biri olmusan. Əlacın olsaydı, atamın mənə verdiyi payı belə əlimdən alardın. Bilirsən niyə? Çünki sən acgözsən Arzu, sən mal, mülkə görə hər şeyə qadirsən. Guya sən atamı sevirsən? Yox, sən özündən başqa bir kimsəni sevmirsən.
- Yetər artıq.
- Niyə, sözlərim sənə təsir edir? Əlbəttə sənə təsir edər. Çünki sən murdar və tamahkar birisən.
Arzu Cahanın sözlərinə dözməyib:
- Kəs səsini!-deyə ona şillə vurmaq istədikdə Cahan onun əlini tutub:
- Buna cəhd eləməyə çalışma-deyərək onun əlini kənara itələdi.
- Niyə, hə?
- Bilirsən Arzu, sənin bacım olduğuna yazığım gəlir. Sən planlarına görə hər şeyə qadirsən. Atama da nəyə görə baxdığını bilirəm, amma sən bircə şeyi başa düşmürsən ki, həyatda hər şey var-dövlət üstündə qurulmayıb. Yeri gəlmişkən, onu da deyim ki, sən yaxşı bacı olsaydın, başıma gələnləri əlində silah tutaraq öz xeyrinə görə istifadə etməzdin. Sən doğrudan mal hərisisən. Bir şeyi də unutma, sənin tanıdığın Cahan çox dəyişib, çox.
Sözünü bitirən Cahan qonaq otağını tərk edərək evdən həyətə çıxdı. Sakitcə dərindən nəfəs aldı, oturacaqda oturub əlilə saçını dala daradı. Bir qədər həyətdə oturub yenidən geriyə qayıtdı.
Axşama yaxın Fazil dünyasın dəyişmişdi. Onun ölüm xəbəri bir gecənin içində hər yerə yayılmışdı. Cahan gələnlərə baxıb susurdu. Arzu isə dil boğaza qoymadan ağı deyib atası üçün ağlayır, Arzunun yoldaşı Babək isə Fazilin dəfn işilə məşğul idi. Axşam olduğundan Fazil torpağa tapşırılmayacaqdı. Cahan xalası Məlahət ilə onun evinə gəlmişdi. Oğlu Raul yatırdı. Cahan qonaq otağında oturub siqaret yandırdı. Xalası Məlahətə baxdı, onun nəsə demək istədiyini hiss edib:
- Nəsə demək istəyirsən, xala?-deyə soruşdu.
- Bundan ağır nə ola bilər, ay qızım-deyə Məlahət dərindən ah çəkdi:-Fazil də belə getdi.
- Əsas odur ki, canını qurtardı. Bilirsən xala, mənim üçün heç nə dəyişmədi. Bəli, sağlığında ikən mirasından bir hissə mənə verdi, düşünürdü ki, mən ona halallıq verəcəyəm, amma yox, xala, elə şeylər var ki, mən unuda bilmərəm.
- Məncə daha kin saxlama, Cahan. Artıq olan olub, keçən keçib.
- Məncə bu söhbəti bağlasan, yaxşı olar -deyərək Cahan siqaret yandırdı. Ayağa durub qonaq otağından çıxaraq eyvana keçdi.
Səhər açılmışdı. Hamı Fazilin dəfn mərasiminə toplaşmışdılar. Arzu atası Fazil üçün ağı deyib ağlasa da, Cahan ondan fərqli olaraq bir kənarda dayanıb sakitcə meyitə baxırdı. Bir müddət ağlaşmadan sonra meyiti yerdən götürdülər. Bir neçə kişi köməkləşərək tabutu aşağı düşürdüb, maşına qoydular. Adətə görə qadınlar məzarlığa getməli olmasa da, Cahan israrla maşınına oturub onların dalınca yola düşdü.
Fazil basdırılmışdı. Kişilər evə qayıtsa da Cahan qəbirstanlıqda qalmışdı. Atasının torpağına və kərpicdən qoyulmuş baş daşına baxdı. Öz-özünə bırkdən gülməyə başladı, bir qədər gülüb üzünə ciddi görkəm verib danışmağa başladı:
- Hə, bax, bu da son, Fazil bəy. Görürsən, həyat bumeranqdır, həyatda deyəsən dualarım qəbul oldu. Sən elə düşünürdün ki, mən səni bağışlayacağam? Yox, əclaf, sən mənə elə bir dağ çəkmisən ki. Qoca kaftar, qoca əbləh, sənin xəstə və acı çəkdiyini gördükcə ürəyim elə rahatlayırdı ki. Mənə mirasından pay verməklə düşündün ki, səni bağışlayacağam, səni bağrıma basacağam, amma yox, bunu heç bir zaman etməzdim. Nə qədər məndən mərhəmət hissi gözləsən belə, sən sağlığında mən uşaq ikən mənim içimdəki mərhəmət hissini öldürmüsən. Uşaq ikən ata sevgisi istədim səndən, amma sən o sevgidən zərrə qədərdə olsun vermədin. Bax, ona görə də sənə bir ömür nifrət edəcəyəm, sənə kaftar.
Sözünü bitirən Cahan atası Fazilin qəbrinin torpağını tapdalamağa başladı. Tapdalayıb baş daşı yerinə qoyulmuş kərpici ayağı ilə yıxıb gedərək maşınına oturub yola düşdü...
Aylar sürətlə geridə qalmışdı. Fazilin 40-ı çoxdan çıxmış, dayısı Teymur uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdi. Son zamanlar Cahanın keçmiş əri Xalidin anası Sahibə isə oğlunu yenidən evləndirməyə hazırlaşırdı. Bu məqsədlə Xalidə yeni namizəd də tapmışdı. Cahan bunlardan xəbərdar olsa da belə, özü üçün sakit həyatını yaşamaqda davam edirdi. Ara-sıra oğlu Raulu həkimə aparır, müalicələrini etdirsə də heç nə müsbətə getmirdi. Həkim Raulun sayılı günlərinin qaldığını bildirmişdi. Cahanın bütün ümidləri üzülmüşdü. Gözünün ağı-qarası bircə oğlunu itirmək istəmirdi. Bütün ümidlərini ona bağlamışdı Cahan, amma...
Beləcə, həmin gün. Mart ayının 20-si idi. O gün hər kəs özünə bayram keçirsə də, Cahan üçün qara hərflərlə yazıldı. Gözünün ağı-qarası oğlu Raul dünyadan köçmüşdü. Qolu, qanadı qırılmışdı Cahanın. Artıq həyat onun üçün maraqsız olmuşdu. Oğlu Raulu dəfn edib geri qayıtmışdı Cahan. Qonaq otağında oturub siqaret çəkərək telefonunda oğlu Raulun şəkillərinə baxıb istər-istəməz ağlayırdı. Oğlunun dəfnindən sonra bütün hər şeyə inamsız olmuşdu. Allahı belə unutmuşdu Cahan. İndi özünü sırf işinə bağlamışdı. Həyatında işi olmasına baxmayaraq tənhalığı seçmişdi özünə. İndi tənhalıq yoldaşı, dostu olsa da, ətrafa xəfifcə gülümsəsə də içində qan ağlayırdı.
Öz taleyinə ağlayırdı Cahan. O taleyinə ki, həyatında heç bir zaman gülümsəmədi, həyatda daima zərbələr alıb, acı çəkdi. Bir qadın taleyi yaşadı Cahan, bir tale yazıldı onun ömür adlı kitabına. O ömür adlı kitabının hər səhifəsi yalnız kədərlə yazıldı.
İllər ötəcək, həyat dəyişəcək, insanlar müdrükləşəcək, həyatlarında yeniliklər olacaq, amma bir qadının taleyi heç bir zaman dəyişməyəcək. O qadın Cahandır. Çox şeyə sahib olan Cahanın həyatında sevgi və xoşbəxtlik bir daha olmayacaq. Cahanın dünyasında sadəcə saxta gülümsəmələr və kənardan saxta görünən həyatı olacaq. Yadlara doğma, doğmalara isə hər zaman yad olacaq, Cahan.
SON
MÜƏLLİFDƏN:
P. S: Bu da son. Oxuyan hər kəsə minnətdaram. Qeyd edim ki, əsərin qəhrəmanı olan Cahan əsərin müəllifi olan bəndəniz Nailə Babayevadır.