AZ

Polkovnik-leytenant: Azərbaycan Ordusu Vətən müharibəsində ənənəvi döyüş üsullarına yeni məzmun qatdı

“Zəfər yolu çəkilərkən texnikaların səsi eşidiməsin deyə hər dəqiqədən bir artilleriya bölmələrimiz düşmən mövqelərinə zərbələr endirirdi”

“Müdafiə Nazirliyinin yaydığı vizual görüntülər, ictimailəşdirilən rəsmi mənbələrdən toplanan məlumatlar, eləcə də döyüşlərdə iştirak etmiş şəxslərin söhbətlərinin təhlili əsasında belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan Ordusunun ənənəvi döyüş üsullarına qatdığı yeni məzmun Vətən müharibəsinin parlaq səhifələrindəndir”.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında ehtiyatda olan polkovnik-leytenant, hərbi jurnalist İsa İsmayılov söyləyib.

İ.İsmayılov Azərbaycan Ordusunun 2020-2023-cü illərdə həyata keçirdiyi əməliyyatların xarici ekspertlər, hərbi təhsil müəssisələri və beynəlxalq mərkəzlər tərəfindən öyrənildiyinə diqqət çəkib: “Vətən müharibəsi zamanı döyüş tapşırıqlarına aid həlledici məqamlarda məxfilik rejiminin qorunması ekstra səviyyədə təmin olunmuşdu. Bundan əlavə, Ordumuz tərəfindən pilotsuz uçuş aparatlarının (PUA), Quru Qoşunları, Xüsusi Təyinatlı Qüvvələr, artilleriya və hərbi aviasiyanın qarşılıqlı uzlaşma şəraitində sinxron fəaliyyəti də qeyd edilməlidir.

Ölkəmizdə həyata keçirilən uğurlu ordu quruculuğu prosesində rabitə, avtomatlaşdırılmış idarəetmə sistemlərinin ən müasir tələblərə uyğunlaşdırılması, mobil qruplar vasitəsilə təminat-təchizat tapşırıqlarının, eyni zamanda, yaralıların döyüş meydanından düşmən atəşi altında təxliyəsinin operativ və fasiləsiz təmin olunması, qısa müddətdə mobil səhra hospitallarının işə salınması və mülki tibb müəssisələrinin hərbi həkimlərimizə dəstək üçün səfərbər edilməsindən də fəxr hissi ilə danışmaq olar. Şəxsi heyət baxımından itkilərin sayının minimuma endirilməsi və döyüşlərin yüksək səviyyədə təminatı Ali Baş Komandanın əsas tapşırıqlarından biri idi.

Döyüş iştirakçıları ilə söhbətlər əsnasında eşitdiyim, artilleriya qurğularına və raket komplekslərinə atəş mövqelərinin qısa zamanda hazırlanması işlərini yerinə yetirmək üçün əlavə xüsusi texnikanın verilməsi faktını da ayrıca qeyd etmək lazımdır. Həmin xüsusi texnikanın raket-artilleriya heyətləri tapşırıq yerinə yetirdiyi günlərdə onlarla daim birlikdə hərəkət etməsini də səmərəli bir yenilik olaraq misal göstərmək olar. Bu yanaşma düşmənin legitim hərbi hədəflərinə artilleriya zərbələrinin endirilməsinə, həmçinin düşmən tərəfindən atəş vasitələrimizin yeri təyin edildikdə qısa vaxt ərzində başqa əraziyə hərəkət edərək yeni atəş nöqtəsinin yaradılmasına imkan verirdi”.

Polkovnik-leytenantın fikrincə, diqqət çəkən yeniliklərdən biri də indiki Zəfər yolunun bir hissəsinin ancaq gecə vaxtlarında, gərgin döyüşlərin getdiyi günlərdə, düşmənin xəbər tutmadan bir neçə gün ərzində çəkilməsidir: “Bildiyimiz kimi, gecə vaxtlarında işləyən texnikanın səsi uzaq məsafədən eşidilir. Mühəndis qoşunları indiki Zəfər yolunun müəyyən bir hissəsini çəkərkən işləyən texnikaların səsini düşmən eşitməsin, duyuq düşməsin deyə yuxarı qərargahın tapşırığı ilə hər dəqiqədən bir artilleriya bölmələrimiz tərəfindən düşmən mövqelərinə atəş zərbələri endirilirdi. Ermənistan hərbçiləri xəbər tutanda artıq 20 kilometrə yaxın yol salınmışdı”.

İ.İsmayılovun sözlərinə görə, PUA-lar vasitəsilə düşmən bölmələrinin 44 gün ərzində onlayn rejimdə müşahidə altında saxlanmasını da ordumuzun ənənəvi döyüş üsullarına qatdığı yeni məzmun kimi dəyərləndirmək olar: “Fasiləsiz müşahidə sayəsində düşmən tərəfindən yarana biləcək təhdidlər və əks-həmlələr barədə bölmələrimizə əvvəlcədən xəbər verilir, lazım gəldikdə əməliyyatlara operativ müdaxilələr edilir, bölmələrimiz tərəfindən verilən tapşırıqların icrası qeydə alınırdı. Tətbiq edilən bu üsul düşmənin əks-həmlələrinə əvvəlcədən hazır olmağa, nəticədə döyüşlər zamanı bölmələrimizin itkilərini minimuma endirməyə imkan verirdi. Eyni zamanda, əməliyyat bölgəsinə əlavə güc və qüvvə cəlb etməyə başlayan Ermənistan silahlı qüvvələrinin ehtiyatlarının koordinatlarının artilleriya və aviasiya vasitələrimizə ötürülməsi təmin edilirdi. Döyüşlər zamanı qeydə alınmış videolar əsasında aparılan təhlillərin nəticələri bu gün qoşunların döyüş hazırlığı məşğələlərində, eləcə də təlimlərdə də geniş istifadə olunur”.

Hərbi jurnalist hesab edir ki, ərazilərimizin relyefi nəzərə alınaraq tanklardan kütləvi şəkildə istifadə edilmədi: “Yalnız Quru Qoşunlarına dəstək, düşmənin müxtəlif atəş nöqtələrinin məhv edilməsi və yarma əməliyyatında, eləcə də Ağdam istiqamətində düşmənin böyük bir qoşun hissəsini saxlamağa məcbur edən aldadıcı hücum əməliyyatlarında tanklarımızın səmərəli tətbiq edilməsi də ənənəvi döyüş metodlarına bir əlavə olaraq dəyərləndirilə bilər.

Diqqət yetirilməli daha bir məqam, Müdafiə Nazirliyinin təmir zavodlarının və yerli hərbi sənaye kompleksinin imkanları hesabına hərbi aviasiya vasitələrimizə quraşdırdığımız, eləcə də başqa ölkələrdən aldığımız qurğular sayəsində düşmənin hava hücumundan müdafiə vasitələrinin təsir dairəsinə daxil olmadan döyüş tapşırıqlarının icrasıdır. Hərbi təyyarə və helikopterlərimiz uzaq məsafədən düşmənə zərbələr endirməklə yanaşı, vizual müşahidələr aparmaqla digər bölmələrə düşmən qüvvələrinin hərəkəti və atəş vasitələri barədə operativ məlumatların ötürülməsini də təmin edir, eləcə də düşməni "kor edəcək" xüsusi maneələr yaradırdılar.

Vətən müharibəsi zamanı motoatıcı birliklərin tərkibində yaranan və intensiv döyüş hazırlığı kursu keçmiş həmlə taborları əməliyyatlar zamanı özünü tam doğrultdu. Həmlə taborlarının şəxsi heyəti ən çətin tapşırıqları belə uğurla icra edərək qələbələrimizə böyük töhfələr verdi. Bununla bağlı deyə bilərəm ki, həmlə taborlarının əməliyyatlarda istifadəsi zamanı ənənəvi döyüş metodlarından fərqli üsullar tətbiq edildi”.

Xüsusi Təyinatlı Qüvvələrin fəaliyyətindən danışan hərbi jurnalist qeyd edib ki, Vətən müharibəsi döyüşlərində və digər əməliyyatlarda xüsusi tapşırıqlarla yanaşı, əməliyyat şəraitinə uyğun olaraq düşmənin dayaq nöqtələrinin, sığınacaqlarının, qərargahlarının, digər legitim hədəflərinin sıradan çıxarılması və bəzi strateji yüksəkliklərin düşməndən təmizlənməsi, həmçinin bölmələrimiz həmin əraziləri nəzarətə götürənədək müdafiə olunması üzrə tapşırıqlar xüsusi təyinatlılar tərəfindən uğurla yerinə yetirilib: “Müxtəlif qoşun növlərinin, artilleriya və aviasiya vasitələrinin dəstəyindən məharətlə yararlanan xüsusi təyinatlılarımız düşməndən təmizləyərək azad etdikləri əraziləri, mövqe və yaşayış məntəqələrini motoatıcı bölmələrin nəzarətinə verdikdən sonra növbəti tapşırıqların icrasına başlayırdılar.

Xüsusi təyinatlılar kiçik qruplar halında hərəkət edirdilər. Qrupların tərkibinə müxtəlif xüsusi tapşırıqları icra etməyi bacaran yüksək peşəkarlığa malik hərbi qulluqçular daxil idi. Qrupların kiçik olması gizli sızmalar edilməsini, operativliyi və düşməni qəfil yaxalama effektini qat-qat gücləndirmiş, onların fəaliyyəti ilə bağlı məxfiliyi qorumağa imkan yaratmışdı. Xüsusi təyinatlılarımızın yüksək peşəkarlığının ən bariz göstəricisi isə qarşıya qoyulan tapşırıqların qüsursuz icrası, Müzəffər Ali Baş Komandan tərəfindən layiq görüldükləri təltiflər və Şuşanın azad edilməsi kimi unikal əməliyyatın yalnız atıcı silahlarla həyata keçirilməsidir”.

Seçilən
47
1
xalqqazeti.az

2Mənbələr