AZ

Rusiyadan mesaj: “Türkiyə qoşunlarını geri çəksə...”

Rusiya Suriya-Türkiyə dialoqunun başlanmasını təşviq edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Türkiyə mətbuatına müsahibəsində deyib.

Rusiyanın baş diplomatının məsələ ilə əlaqədar açıqlamasında diqqətçəkən məqamlar:

“Suriya-Türkiyə münasibətlərinin normallaşması Suriyada davamlı sabitlik və Yaxın Şərq regionunda təhlükəsizliyin möhkəmləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Rusiya Dəməşq və Ankara arasında ixtilafların aradan qaldırılması üçün ardıcıl səylər göstərir.

Sentyabrın 27-də Nyu-Yorkda Astana prosesinin qarant ölkələrinin xarici işlər nazirlərinin görüşündə türkiyəli və iranlı həmkarlarımla bu məsələni müzakirə etmişik.

Ötən il Moskvada Türkiyə-Rusiya-Suriya-İran dördtərəfli formatı çərçivəsində xarici işlər və müdafiə nazirlikləri, kəşfiyyat xidmətləri səviyyəsində bir sıra görüşlər keçirilib. Suriyalı qaçqınların geri qaytarılması, terrorizmlə mübarizə və sərhədlərin təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, xüsusi diqqət tələb edən məsələlər müəyyən edilib.

Dəməşq və Ankaranın mövqelərindəki fikir ayrılığı danışıqlar prosesinin dayanmasına səbəb olub. Suriya hökuməti israr edir ki, ilk növbədə Türkiyə hərbi birliklərinin Suriya ərazisindən çıxarılması məsələsinə aydınlıq gətirmək lazımdır. Türkiyə prinsipcə Suriyanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini təsdiqləyib, amma qoşunların çıxarılması məsələsini daha sonra müzakirə etməyi təklif edir.

Hər iki paytaxtdan dialoqun bərpasına ciddi maraq göstərən siqnallar olduğuna görə, biz danışıqlar prosesinin sürətlə bərpasını fəal şəkildə təşviq edəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
11
teleqraf.com

1Mənbələr