AZ

Quşçuluq təsərrüfatları qidalanma mütəxəssisini məhkəməyə verir: SƏBƏB 

 Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) açıqlama ilə çıxış edib.

Referans.az  Assosiasiyaya istinadən xəbər verir ki, açıqlamada broyler toyuğu və yumurtası ilə bağlı bir sıra internet resurslarında yer alan yazılara münasibət bildirilib:

“Son günlər yenidən bir sıra İnternet portallarında broyler toyuğu və yumurtasının insan orqanizminə “zərərləri” mövzusunda yazılar yer almağa başlayıb. Həmin yazılarda qidalanma mütəxəssisi kimi təqdim edilən Məhsəti Hüseynova quşçuluq təsərrüfatlarının fəaliyyəti, müəssisələrdə toyuqların yetişdirilməsi, yumurta istehsalına dair heç bir dəlil-sübuta əsaslanmayan fikirləri yer alıb”.

APEPEA Azərbaycan quşçuluq təsərrüfatlarının sahə birliyi olaraq M.Hüseynovadan əlində olan və broyler toyuğunun, yumurtasının insan orqanizminə zərərləri ilə bağlı dediklərini sübut edən faktları təqdim etməsini tələb edir:

“Bu zaman aşağıdakıların da açıqlanmasında təkid edirik:

1.Broyler toyuqlarında zərərli maddələr, o cümlədən antibiotik və hormonal maddələrin olduğunu hansı laboratoriyada, nə zaman yoxlanma nəticəsində müəyyən edib?

2.Broyler yumurtasının tərkibini hansı laboratoriyada və nə zaman yoxlayıb?

3. Hər iki məhsulun insan orqanizminə iddia etdiyi zərərləri hansı tədqiqat nəticəsində üzə çıxıb? Bu tədqiqat hansı elmi institut tərəfindən aparılıb?”

Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları İctimai Birliyinin İdarə Heyətinin sədri Mürvət Həsənli bildirib ki, quşçuluq təsərrüfatları biznes reputasiyasına zərər vurması, antireklam təbliğatı aparmasına görə M.Hüseynova barədə məhkəmə iddiası qaldıracaqlar:

“Çünki o xanım heç bir elmi tədqiqat, laborator analiz nəticələri təqdim etmədən broyler toyuğu və yumurtasında antibiotiklərin, hormonal dərmanların olduğunu iddia edib. Bu məhsulların insan orqanizminə zərərini müəyyən etmək üçün onilliklər boyu elmi tədqiqatlar, çoxsaylı insanların xəstəlikləri üzrə müşahidələr, analizlər aparılmalıdır. Dünyada indiyədək bu istiqamətdə hansısa zərəri sübut edən tədqiqat nəticəsi açıqlanmayıb. Bu halda M.Hüseynova iddia etdiyi məlumatları haradan alıb? Hansı tədqiqatlara istinadən Azərbaycan quşçuluq təsərrüfatlarının biznes imicinə, istehsal prosesinə zərbə vuran iddialarla çıxış edir? Axı bu sahədə on minlərlə insan çalışır və aldığı əmək haqqı ilə ailəsini saxlayır. Bu qədər insanın rifahını heç bir elmi tədqiqata, konkret fakta əsaslanmayan iddialarla təhlükəyə atmaq nə qədər məntiqlidir”?

M.Həsənli onu da qeyd edib ki, quşçuluq sahəsi müxtəlif xəstəliklərə qarşı ən həssas sahələrdən biridir:

“Buna görə də bu sahədə müxtəlif dərman preparatlarından istifadə olunması bütün dünyada tətbiq olunan praktikadır. Bütün canlılarda qəbul edilən dərmanların orqanizmdən xaric olunması müddəti var. Tam məsuliyyətimlə bəyan edirəm ki, quşçuluq təsərrüfatlarında tətbiq olunan preparatların orqanizmdən xaric olunması müddətinə dair tələblərə tam əməl edilir, o müddət bitmədən heç bir toyuq kəsimə göndərilmir. Əks halda, Azərbaycan Qida Təsərrüfatı üzrə Dövlət Agentliyinin mütəmadi analizlərində qalıq maddələr dərhal üzə çıxar. Yumurtaya gəlincə, biz Azərbaycanın daxili bazarı ilə yanaşı, dünyanın 10-a yaxın ölkəsinə həm damazlıq, həm də süfrə yumurtası ixrac edirik. Bizim nəzarət edən qurumlarımızın fəaliyyətini heç sayırlarsa, bəs həmin ölkələrə nə olub? Yumurtada antibiotik, hormonal dərman olsun, həmin ölkələrin müvafiq qurumları bunu aşkarlamasın? Bu, absurddur axı. Belə absurd iddialarla çıxış edən özünü qidalanma mütəxəssisi adlandıran şəxs onları sübuta yetirən faktları, dəlilləri də təqdim etməlidir”.


Seçilən
20
2
referans.az

5Mənbələr