AZ

Səssiz gələn ÖLÜM: Dəm qazı təhlükəsindən NECƏ QORUNMALI?

Hər il payızın sonu, qışın əvvəlində dəm qazından zəhərlənmə halları artır. Bunu son günlər xəbər saytlarında bu mövzuda məlumatların çoxalması da təsdiqləyir. Sözsüz ki, dəm qazından zəhərlənərək dünyasını dəyişən hər bir insanın itkisi faciədir. Onlar arasında gənclərin daha çox olması isə acı təəssüf doğurur. Cəmi bir neçə saat bundan əvvəl də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnformasiya təhlükəsizliyi ixtisasının ikinci kurs tələbəsi Günel İlyaszadə dəm qazından boğularaq dünyasını dəyişib.

Dəm qazından zəhərlənmə hansı səbəblərdən baş verir? Bəs bu hallarla üzləşməmək üçün insanlar nə etməlidir?

Mövzu ilə bağlı Medianews.az-a danışan “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, Əməyin Təhlükəsizliyi, Ətraf Mühitin Mühafizəsi və Keyfiyyətə Nəzarət Şöbəsinin rəisi İlkin Behbudov bildirib ki, dəm qazı natamam yanma məhsuludur.

Onun sözlərinə görə, dəm qazanın yaranmaması üçün qaz qurğusunda tam yanma prosesi getməlidir: “Əgər tam yanma prosesi getməsə, yəni natamam yanma prosesi getsə dəm qazı əmələ gələcək. Bir kubmetr metan qazının tam yanması üçün 10 kubmetrə qədər hava lazımdır. Həmin qaz qurğusu işləyən məkanda hava axını təmin edilməli, ventilyasiya kanalı olmalıdır, nəfəsliklər açıq saxlanılmalıdır. Otaq daimi olaraq oksigenlə təmin olunmalıdır. Həmçinin, qaz qurğusu yerləşən otaqda dəm qazını aşkar edən və vaxtında siqnal verən qaz detektor, yaxud qaz dəminə həssas detektor quraşdırılmalıdır. Dəm qazının yaranmasının qarşısını almaq üçün yanma məhsulu olan otaqlarda tez-tez hava dəyişdirilməlidir. Qızdırıcıların hava sorucu borularının yaxşı işləməsinə nəzarət edilməlidir. Qapalı mühitdə qaz yandırılarkən mütləq nəfəsliklər açıq olmalıdır”.

İ.Behbudov vurğulayıb ki, dəm qazı ilə yüngül zəhərlənmə zamanı insanda baş gicəllənmə, baş ağrısı, quru öskürək, ürək bulanma, qusma kimi əlamətlər özünü göstərir. Onun sözlərinə görə, daha ağır zəhərlənmə qıc olmalara, huşun itməsinə və insanın anlaqsız vəziyyətə düşməsinə gətirib çıxarır.

Şöbə müdiri söyləyib ki, dəm qazını yaradan digər amillərdən biri tüstü bacalarının işlək vəziyyətdə olmaması və yaxud da düzgün quraşdırılmamasıdır: “Tüstü bacaları binalarda olan yerlərdə mütləq ildə bir dəfə təmizlənməlidir. Bunun təmizlənməsi barədə qaz idarəsinə arayış verilməlidir. Tüstü bacaları standarta uyğun quraşdırılmalıdır. Hər hansısa bir divardan və yaxud da pəncərədən nazik təbəqəli borunu bayıra çıxartmaqla tüstü bacası, havalanma var deyə, həmin qurğunu işlətmək qəti qadağandır. Dəm qazı məhz məsuliyyətsizlik və qazdan istifadə qaydalarına əməl etməməkdən yaranmış bir məhsuldur. Qazdan istifadə qaydalarına və təbii qazla düzgün davranma qaydalarına riayət olunarsa, qurğulardan düzgün istifadə edilərsə dəm qazının yaranması mümkün deyil”.

Nailə QASIMOVA

Seçilən
17
19
medianews.az

10Mənbələr