AZ

Ermənistana silahlanma qadağası qoyula bilər

“Əgər Ermənistanın digər dünya ölkələri kimi idarəçiliyi və siyasi rəhbərliyi olsaydı, hərbi xərclərini artırmağını adi qəbul etmək olardı. Lakin Ermənistanın işğalçı dövlət olması onların bu addımının başqa məqsədlərə xidmət etdiyini göstərir”.

 Bu sözləri Azərbaycan Ümid Partiyasının sədr müavini, politoloq Bakir Həsənbəyli “Cümhuriyət”-ə açıqlamasında deyib. O bildirib ki, Ermənistanın sürətlə silahlanması və hərbi xərclərini artırması yolverilməzdir: 

“Bu, kifayət qədər təhlükəli və yolverilməzdir. Biz bu məsələlərlə bağlı narahatlığımızı beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bu istiqamətdə müxtəlif  addımlar atmalıyıq. Çünki 30 illik işğalçılıq təcrübəsi olan bir dövlətin özünün hərbi xərclərini artırması işğala məruz qalan ölkə üçün ciddi təhlükədir. 

Üstəlik, Ermənistan bir çox silahları da pulsuz alır. Məsələn, İkinci Qarabağ müharibəsinə qədər Rusiya Ermənistana 9 milyard dollar civarında silahı hədiyyə verdi və ya simvolik məbləğlərlə satmışdı. Bu da kifayət qədər ciddi problemdir”. 

Həmsöhbətimiz qeyd edib ki, əslində, Ermənistanın silahlanması Azərbaycan üçün problem deyil: 

“Nəzərə almaq lazımdır ki, Ermənistan 30 il ərzində silahlanmasına rəğmən, Azərbaycan qarşısında əzici məğlubiyyətə uğradı. Üstəlik, kapitulyasiya aktına da imza atdı. 44 günlük Vətən müharibəsində Ermənistan hərbi texnikasının 80, hərbçi resursunun isə 60 faizi sıradan çıxarıldı. Eyni zamanda, Azərbaycan müharibə ərzində Ermənistan ordusunun 5 milyard dollar dəyərində olan hərbi silah-sursatını qənimət kimi götürdü”. 

Bakir Həsənbəyli xatırladıb ki, İkinci Dünya müharibəsinin başlamasına 3 dövlət səbəb olmuşdu: 

“Həmin dövlətlərdən Almaniyada revanşizm, Yaponiyada şovinizm, İtaliyada isə faşizm var idi. İkinci Dünya müharibəsinin başlamasına səbəb olan 3 amil bu gün Ermənistanda var. Bütün bunları görən Qərbin Ermənistanın yenidən silahlanması ilə bağlı addımlar atması sözün əsl mənasında regionu müharibəyə sürükləyir”. 

Politoloq hesab edir ki, Ermənistanın silahlanmasının məhdudlaşdırılması gündəmə gətirilə bilər: 

“Azərbaycan Ermənistanın silahlanmasının qarşısının alınması ilə bağlı addımlar atmalıdır. Biz hələ ki, məsələnin sülh yolu ilə həll olmasını istəyirik. İkinci Dünya müharibəsindən sonra Almaniya və Yaponiyanın müdafiə sənayesi sıradan çıxarıldı, silahlanmasının qarşısını alındı. 

Bəs bu niyə indi Ermənistanda qarşı yönəlmir? Çünki Qərbin Cənubi Qafqaza daxil olması üçün Ermənistan bir rıçaqdır. Ona görə də Qərb Ermənistanı silahlanması ilə bağlı addımlar atır, onların revanşist düşüncələrinə göz yumur. Halbuki, Ermənistan sözün əsl mənasında Qərbin “kukla” və müvəqqəti istifadə etdiyi vasitədir”. 

Seçilən
75
1
cebheinfo.az

2Mənbələr