AZ

“COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı” yürüşü keçirilib

Bakı, TurkicWorld

2024-cü il noyabrın 1-də Bakıda – Dənizkənarı Bulvarda "COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı" adlı tədbir və yürüş keçirilib.

TurkicWorld xəbər verir ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı, Azərbaycan Velosiped Federasiyasının dəstəyi ilə keçirilən marafonda 150-ə yaxın QHT-dən vətəndaş cəmiyyəti fəalları iştirak edib.

Tədbir Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi anılmaqla açıq elan olunub.

COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, bir neçə gündən sonra qlobal tədbirə evsahibliyi edəcək Bakı dünyadan onminlərlə qonağı qəbul edəcək, Azərbaycan QHT-ləri də "Yaşıl Dünya Naminə Həmrəylik İli"ndə iqlim dəyişmələrinə qarşı mübarizədə yaşıl düşüncə əsaslı platforma ilə çıxış edir, dünyaya həmrəylik mesajı verir.

80 ölkədən 370-dən çox xarici QHT-ni sıralarında birləşdirən COP29 QHT Koalisiyasının təşəbbüskarı olan Azərbaycan Milli QHT Forumunun Ramil İskəndərli qeyd edib ki, iştirakçılar COP29 həyəcanını bir yerdə bölüşür. O, təşkil olunan velosiped yürüşünün son vaxtlar Bakıda salınan və genişləndirilən velosiped zolaqlarından istifadəyə çağırış mesajı olmaqla, sağlam həyat tərzinin təbliğinə yönəldiyini də diqqətə çatdırıb.

Azərbaycan Velosiped Federasiyasının təmsilçisi Gülnar Məlikova, "Qırmızı Ürəklər" Fondunun vitse-prezidenti Yusif Poladov və digər QHT təmsilçiləri bu yürüşün eyni zamanda COP29-a ictimai dəstək mahiyyəti daşıdığını vurğulayıblar.

Velosiped yürüşü başlamazdan əvvəl "Qırmızı Ürəklər" Fondu "COP29-a doğru: QHT-lərin Yaşıl Hərəkatı"nda iştirak edən 5 nəfər şəhid övladına velosipedlər hədiyyə edib. Bu, dövlət, QHT, özəl sektorlar arasında əməkdaşlığın, birgə fəaliyyətin kiçik modeli olub. Veloyürüşdə Azərbaycan Velosiped Federasiyasının, "Azərbaycan Əlil Velosipedçilərə Dəstək" İctimai Birliyinin, "Arabaçı Əlillər" İctimai Birliyinin üzvləri də fəal iştirak ediblər. Onlarda yürüşdə inklüziv iştirakçılığa şərait yaradılıb.

Marafon iştirakçıları Dənizkənarı Milli Parkda yerləşən COP29 İnformasiya Mərkəzi ilə də tanış olublar, COP29 barədə ətraflı təqdimatlar edilib.

Yürüşdə iştirak edə bilməyən QHT təmsilçiləri olduqları yerlərdən, ölkələrdən onlayn platforma vasitəsilə tədbirə qoşularaq öz nəticələrini paylaşıblar.

Sonda fərqlənən iştirakçılar sertifikatlarla təltif ediliblər.

Seçilən
16
9
turkic.world

10Mənbələr