AZ

Yad mədəniyyətlər, yad bayramlar: "Halloween"keçirməliyikmi?

Sosial media bizi bir çox reallıqlarla üz-üzə qoyur. Ənənələr və adətlər bunlardan biridir. Biz həm öz mədəniyyətimizə, həm də xarici mədəniyyətlərə aid müxtəlif ənənələri, bayramları öyrənirik ki, bunlardan biri də Halloweendir.
Son illərdə ölkəmizdə qeyd olunan bir sıra çoxmədəniyyətli şənliklərə Halloween də əlavə edilir və gündən-günə populyar bir bayrama çevrilir. Qloballaşma ilə məşhurlaşan bu bayramlarla mədəni imperializm həyata keçirilir və istehlak təşviq edilir. Əlbəttə ki, danılmaz bir faktdır ki, bu şənliklərin məşhurlaşmasında daha çox media fəal rol oynayır və media üzərindən paylaşılan görüntülər, məlumatlar vasitəsilə gənclər və uşaqlar tərəfindən də erkən yaşda mənimsənilir.
Bu gün dünyanın hər yerində fərdlər könüllü olaraq bir kütlənin təsiri altına düşür və onların düşüncə tərzi, dəyərləri, həyat tərzi və münasibətləri getdikcə bir-birinə bənzəyir. Bununla da, qloballaşma ilə getdikcə milli dəyərlərdən və adət-ənənələrdən uzaqlaşan gənclər yad dəyərlərin əhatəsində olan dünyada Qərb və Amerika mədəni kimliyini almağa başlayır. Zaman keçdikcə bütün dünyada insanlar oxşar şəkildə yaşamağa, musiqi dinləməyə, rəqs etməyə, idman etməyə, əylənməyə başlayır, mədəni baxımdan getdikcə daha vahid olur və könüllü şəkildə bir toplumun təsirinə düşmək burada başlayır. 
Hellouin Qərb dünyasında 31 oktyabrda qeyd olunan mühüm bayramlardan biridir. Bu bayrama aid edilən əyləncələr mədəniyyətdən mədəniyyətə fərqli olsa da, istifadə olunan simvollar ümumidir. Bayquş, qara pişik, kəllə, hörümçək, yarasa, balqabaq, ölümü təmsil edən qara rəngli konseptlər və geyimlər. Hər biri bayramın simvoludur. 
Ölkəmizdə də son illərdə geniş vüsət alan Hellouin bayramı ilk növbədə müəyyən sosial-iqtisadi səviyyəli təbəqələr tərəfindən qeyd olunmağa, zaman keçdikcə cəmiyyətin digər təbəqələri tərəfindən də tanınmağa başlayıb. Xüsusilə gənclərin qeyd etdiyi Halloween, indi gənclər tərəfindən Halloween temalı kostyumlar geyinərək, maskalar taxaraq, ingilis mahnıları oxuyaraq əyləncə kimi qeyd olunur və başqa din və mədəniyyətlərə aid olan bu mərasim qəbul olunmağa başlayır.
Müasir dünyada cəmiyyəti məlumatlandırmaq, maarifləndirmək və əyləndirmək yolu ilə hakim dəyərlərin cəmiyyətə ötürülməsi hədəflənir və mədəniyyət sahəsində istehsal olunan məhsullar əmtəəyə çevrilir. Halloween zamanı çəkilmiş filmlər, bəstələnmiş mahnılar, brendlərdən ibarət xüsusi Halloween kolleksiyaları, suvenirlər, kostyum və maskalar mədəni dəyərlərin necə əmtəəyə çevrildiyinin konkret nümunələridir. Bu bayramın məşhurlaşmasında və geniş auditoriyaya çatmasında media və sosial media mühüm rol oynayır.

Qeyd etdiyimiz kimi, bu şənlik artıq Azərbaycanda da bir ənənə halını aldığına görə, mağazalarda xüsusilə bu bayrama aid aksesuarlara, geyimlərə rast gəlirik. Bu bayramın mahiyyəti nədən ibarətdir? Azərbaycan milli dəyərləri, adət-ənənələri ilə bir əlaqəsi varmı?

Məlum olduğu kimi, artıq Halloween-lə bağlı şənliklər məktəb və bağçalarda da keçirilir və azyaşlı uşaqlar da burada istifadə olunan qorxunc geyim və aksesuarların təsirinə məruz qalır. Bəs bu bayram uşaqların psixologiyasına necə təsir edir? Övladlarımıza bu bayramı qeyd etməyə icazə verməliyikmi? 

Sosioloq Fidan Rzayeva bildirir ki, bu bayram Azərbaycan milli adət-ənənələrinə uyğun deyil və onun ölkədə keçirilməməsi daha məqsədəuyğundur:
"Halloween, bildiyimiz kimi, Avropa mənşəli bir bayram deyil, əslində qədim türklərin adət-ənənələrindən qaynaqlanan qışı qarşılama mərasimidir. Məhsula xeyir-dua vermək, mərhum ailə ağsaqqallarını və əcdadlarını ehtiramla yad etmək, qışın asan keçməsi üçün dua etmək üçün təşkil edilən bütpərəst ayinlərin birləşməsi olan qeyd etmələr bu günə Halloween kimi gəlib.
İkinci Dünya Müharibəsindən sonra dəyişən istehlak anlayışı ilə ənənələrdən kənara çıxan və əyləncə vasitəsinə çevrilən bu ənənə bu gün Halloween kimi qeyd olunur. Əvvəlcə Halloween Hallow Eve söz qrupundan yaranmışdır. Əslində bu bayramların cadugərlərlə heç bir əlaqəsi yoxdur. Ancaq ölülərin ruhunun onlar; təqib etməsini istəməyən, özlərini ruha oxşadan kənd sakinlərinin makiyaj və təqdimat mərasimləri nəticəsində bu bayram Hellouin adlandırılıb.
Qeyd etdiyim kimi, ənənənin ilk yaranmasında əsas məqsəd məhsula xeyir-dua verməkdir. Əkinçiliklə məşğul olan insanlar inanıblar ki, gələn yayı qışla vidalaşdıqları kimi qarşılayacaqlar. Zaman keçdikcə bu ənənələr şən bayramlara çevrilib. Müəyyən inanclar da mədəni təsirlərlə inkişaf etmişdir. Ehtimal olunurdu ki, pis ruhlar Halloween zamanı qurban verməyən insanları təqib edəcək. Məsələn, belə bir inanc var idi ki, Ledi Qven adlı başsız qadın ruhu şənliklərdə iştirak etməyən insanları qovacaq və əcdadlarını unutmuş evləri təqib edəcək. Türk adət-ənənələrində "böcük" adlı şər ruhun əcdadlarını yad etməyən, onlara qurbangah təqdim etməyən insanları arxası üstə atlayaraq qorxudacağına inanılırdı. 
Bu bayramla bağlı inanclar müxtəlif mədəniyyətlərə görə dəyişkəndir. Məsələn, bir başqa mədəniyyətdə Dullahan adlı bir ruhun varlığına inanılırdı. Qorxunc bir təbəssümlə başını əlində daşıyan və insan onurğasından hazırlanmış qamçı olan bu ruhun Hellouin günlərində atının üstündə peyda olduğu deyilirdi. Ehtimal olunur ki, Halloween zamanı balqabaqdan oyulmuş qorxulu gülən üzlər bu başsız kabuslardan ilhamlanaraq ənənəvi hala gəlib.
Son illərdə ölkəmizdə bu bayramı bir çoxları xüsusi geyimlər geyinərək, qrimlənərək keçirirlər. Amma ölkədə bir çoxları, bu bayramın bizə yad olduğunu əsas gətirərək, onun belə təmtəraqla qeyd olunmasına etiraz edirlər. 
Təbii ki, hər bir millətin  özünün milli mentaliteti, milli dəyərləri, tarixi kökləri, adət-ənənələri var. Eyni zamanda hər bir xalqın özünün də bayramları var ki, onları ancaq özləri keçirməlidir. Bu səbəbdən, mən də düşünürəm ki, bu bayram Azərbaycanda keçirilməməli, hər bayram öncəsi satışa çıxarılan maskalar, geyimlər və qrimlər isə ümumiyyətlə yığışdırılmalıdır. Bu bayramın keçirilməsinə şərait yaratmaq və ya bunu normallaşdırmaq Azərbaycanın milli adət-ənənəsinə zərbə vurmaq məqsədi güdür.
Hər nə qədər bu şənlik gənclər və uşaqlar arasında əyləncəli qarşılansa da, valideynlər ehtiyatı əldən verməməlidirlər. Çünki satışda olan bəzi kostyum və aksesuarlar uşaqlar üçün uyğun deyil. Sözsüz ki, hər kəsin əyləncə tərzi fərqlidir, buna qarışa bilmərik. Lakin hər şeyə baxmayaraq yenə də bu bayramı qeyd edən valideynlər geyim və aksesuar alarkən uşağın psixoloji sağlamlığını nəzərə alaraq seçim etməlidirlər.
Çünki psixoloji cəhətdən öz şəxsiyyətinin formalaşma mərhələsində olan uşaqlar ətraf mühitdən və müxtəlif obrazlardan asanlıqla təsirlənirlər. Şiddət, qorxunc səhnələr və qeyri-real personajlar uşaqların təxəyyülündə bəzən real təhlükə kimi qəbul oluna və onların narahatlıq səviyyəsini artıra bilər. 
Əlbəttə,  biz deyə bilmərik ki, uşaqlarda şiddətə və aqressiv davranışlara meylin formalaşmasına təkcə "Halloween" kimi bayramlar səbəb olur, lakin erkən yaşda bu kimi təsirlərə məruz qalmaq müəyyən risklər doğura bilər. Xüsusilə, vizual təsvirlərdə şiddətin vurğulanması uşaqlarda qorxu və güvən hissinin pozulmasına, hətta yuxu problemlərinə yol aça bilir.
Əslinə qalanda, bu gün orta yaşlardakı təbəqədən kimdən bu bayramla bağlı fikirlərini soruşsaq, onun keçirilməsinə qarşı olduğunu deyəcək. Lakin buna baxmayaraq, müxtəlif yerlərdə qeyd edilən "Halloween" bayramı şənliklərində uşaqların, gənclərin əlindən tərpənmək olmur və onların əslində kifayət qədər əyləndiklərinin şahidi oluruq. 
Bəs görəsən, bu bayramın mənfi tərəfləri ilə bərabər, müsbət tərəfləri də varmı deyə soruşsaq, bu barədə qeyd etmək lazımdır ki, Halloweenin yarandığı ölkələrdə, onun yarandığı qədim zamanlardan insanların pis ruhları qorxutmaq və ruhlar tərəfindən tanınmamaq üçün müxtəlif ayinlərlə qeyd etdikləri bayram kimi tanınır. 
Yeniliklər həmişə gözəldir, lakin bilinməyən tərəfləri az deyil. Bu bilinməyənlər qeyri-müəyyənlik və qorxu gətirir. Qorxu və qeyri-müəyyənliklərdən xilas olmağın yollarından biri onlara müqavimət göstərməkdir. Bu, qorxularımızı azaltmaq, özümüzü maskalamaq və onlardan qaçmaq ola bilər. Halloween bu rituallarla dolu bir bayram olaraq mövcud olmağa davam edir. Lakinin bunun üçün bir bayrama və ya özəl bir günə ehtiyacımız yoxdur. Normal həyatımızda da qorxularımızla üzləşə və onlara qalib gələ bilərik".

Röyalə Xəyal

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
81
50
olaylar.az

10Mənbələr