AZ

Dekabrın 1-də ədliyyə orqanlarına qulluğa qəbulla bağlı növbəti test imtahanı keçiriləcək

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 18 sentyabr tarixindən elan olunmuş növbəti müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb.

Bakupost.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bununla əlaqədar, nazirliyin Müsabiqə Komissiyası bildirir ki, müsabiqədə iştirak edən namizədlərlə test imtahanı dekabr ayının 1-də keçiriləcək.

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50 ünvanında yerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək imtahan saat 10:00-da başlanacaq.

Məlumat verildiyi kimi, test imtahanı Mərkəz tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsini bu barədə elan verildikdən sonra Mərkəzin rəsmi saytında qeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.

Müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə namizədlər nazirliyin rəsmi saytında "Qulluğa qəbul" bölməsində və elektron kabinetlərində tanış ola bilərlər.

İmtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanından keçid balı 55-dir. Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla namizədlər https://justice.gov.az/categories/190 linkinə daxil olaraq tanış ola bilərlər.

Qaydalara əsasən test imtahanından uğur qazanmış və təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

Əlavə məlumatları nazirliyin rəsmi saytından, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.
Seçilən
87
6
bakupost.az

10Mənbələr