AZ

Mirzoyan Qars - Gümrü dəmiryolu üzrə Ankara ilə dialoq aparır?..

Image

Ermənistan əmindir ki, yaxın zamanlarda Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkün olacaq.

Ermənistan XİN rəhbəri yaxın gələcəkdə Ermənistan-Türkiyə nizamlanması prosesində irəliləyişə nail olacağına dair nikbin olduğunu bildirib.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Milli Assambleyanın daimi komissiyalarının birgə iclasında “Ermənistan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib: "Bizim Türkiyə ilə dinamik və müsbət dialoqumuz var. Xatırladım ki, iki ölkənin nümayəndələri sərhəddə infrastrukturun vəziyyətini qiymətləndirmək üçün işlər həyata keçirib. Hazırda bu işlər Qars-Gümrü dəmir yolunun vəziyyətinin qiymətləndirilməsi istiqamətində aparılır və aparılacaq. İlk növbədə, bizim dialoqumuz ondan ibarətdir ki, iki ölkə diplomatik əlaqələr qurmalı, sərhədləri açmalıdır, nəqliyyat və digər kommunikasiyalara malik olmalıdır və ümumilikdə münasibətlərini tənzimləməlidir”.

“Bizim fikrimizcə, bu, çox da konstruktiv yanaşma deyil və bizim Türkiyə ilə ilkin şərt olmadan dialoqumuz var, sərhədin üçüncü ölkə vətəndaşları və diplomatik pasportu olan şəxslər üçün ilkin açılması ilə bağlı konkret razılaşmalarımız var. Daha kiçik miqyaslı birgə layihələr də var, məsələn, Aninin mədəni irsi ilə bağlı.

Demək istəyirəm ki, burada da dinamik dialoq gedir. Mən bir daha nikbin olduğumu bildirmək istərdim ki, biz yaxın gələcəkdə tərəqqiyə nail olacağıq”, - deyə Mirzoyan yekunlaşdırıb.

Maraqlıdır, Ararat Mirzoyanın bu qədər ritorikası nədən qaynaqlanır? Ermənilər yaxşı bilir ki, Azərbaycanla sülh müqaviləsi bağlanmayana, Zəngəzur dəhlizi açilmayana qədər Türkiyə ilə Ermənistanın xarici işlər nazirinin ifadə etdiyi səviyyədə əlaqələrin qurulmasi mümkün deyil. Yəni Ermənistan heç vaxt Türkiyəni Azərbaycana dəstəkdən yayındıra bilməz. Buna onların elə bir imkanı da yoxdur.

Birincisi, Türkiyə qardaş dövlətin maraqlarının ziddinə heç bir addım atmaz, ikincisi isə, Azərbaycanla Ermənistan arasında münasibətlərin nörmal məcraya düşməsində, münaqişəyə son qoyulmasında və Zəngəzur dəhlizinin açılmasında rəsmi Ankaranın özünün də iqtisadi və geosiyasi maraqları var.

Ona görə də Ararat Mirzoyan bilməmiş deyil ki, Türkiyənin Ermənistanla münasibətləri Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə əlaqələndirilir. Bunun nəzərə alınmaması mümkün deyil.

Lakin nəzərə almaq gərəkir ki, Paşinyan komandası artıq 2026-cı ildə keçiriləcək seçkilərə hazırlaşır. Ona görə də indiki təbliğatlarını öz ehtimallari üzərində qururlar. Çünki Paşinyanın seçkini udması üçün Azərbaycan və Turkiyə ilə münasibətləri normallaşdırıb, ölkəni blokadadan çıxarmaqdan başqa bir variantı yoxdur.

Bununla belə, Ermənistan rəsmilərinin son günlər səsləndirdiyi açıqlamadan belə aydın olur ki, rəsmi İrəvan Ankara qarşısında Turkiyənin 1915-ildə erməniləri soyqrıma məruz qoyması iddialarına son qoymaq barədə öhdəlik götürmək fikrindədir. Bununla Ermənistan həm də, təbliğat xarakterli səsləndirilən Qərbi Ermənistan iddialarına da son qoyacaq. Ermənistan XİN rəhbərinin nikbinlik qaynağının biri budur, lakin bu hələ hamısı deyil.

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan bir neçə gün əvvəl parlamentdəki çıxışında deyib ki, Ermənistanla Azərbaycan arasında imzalanacaq sülh sazişinə dair danışıqlarda "bir-iki bənd" üzərində işi davam etdirir.

Nazir nikbinliklə söyləyib ki, həmin bəndlər də yaxın gələcəkdə razılaşdırılacaq və sülh sazişinin mətni hazır olacaq. Mirzoyan hansı bəndlər üzərində iş getdiyini açıqlamayıb.

Bununla yanaşı, baş nazir Nikol Paşinyanın aparatının rəhbəri Araik Harutyunyan da iki gün əvvəl  parlamentdə nikbin ruhda çıxış edib və sülh müqaviləsi layihəsində mübahisəli məqamların həlli üçün fürsət yarandığını söyləyib.

Qeyd edək ki, nikbinlik Kazan görüşündən bəri artıb. Bir müddət əvvəl Paşinyan saziş layihəsinin 80 faizinin hazır olduğunu və razılaşdırılmış bəndlər əsasında da onu imzalamağın mümkünlüyünü dilə gətirmişdi. Baş nazirin fikrincə, qalan bəndləri daha sonra da razılaşdırmaq olar. Ancaq Azərbaycan tərəfii bu təklifi rədd etmişdi.

Hazırki nikbinlik oktyabrın əvvəlində Kazanda baş tutan BRICS sammiti zamanı iki ölkə lideri arasındakı görüşdən sonra artıb.

Erməni mediasının etibarlı mənbələrə istinadən verdiyi xəbərə görə, tərəflər razılaşdırılmamış bəndlər üzrə bəlli irəliləyiş əldə edib.

Ermənistan xarici işlər naziri iki ölkə arasında sərhədlərin demarkasiya məsələsinə də toxunub. Ararat Mirzoyan deyib ki, tərəflər yaxın zamanda sərhədlərin çəkilməsi ilə məşğul olan hökumət komissiyalarının birgə fəaliyyətini müəyyənləşdirəcək qaydaların qüvvəyə minməsi barədə bir-birinə rəsmi bilgi verəcəklər.

Kazan görüşündən sonra hər iki ölkə lideri həmin qaydaları ratifikasiya edib.

Fikrimizcə, Ermənistan hakimiyyət nümayəndələrinin bəyanatlarındakı nikbin notlar bu iki faktla bağlıdır. Yəni Ermənistan hakimiyyəti yalnız Turkiyə ilə ikitərəfli münasibətlərin qurulmasına ümid etmir. Onlar həm də əmindirlər ki, yaxın zamanlarda Azərbaycanla sülh müqaviləsinin imzalanması mümkün olacaq.

Akif NƏSİRLİ





Seçilən
87
50
baki-xeber.com

10Mənbələr