AZ

YUNESKO Qarabağda “erməni irsi”nin girovluğundan çıxa bilmir...

Image

Bəhruz Quliyev: “Mədəni, dini, tarixi abidələrimiz məhv ediləndə YUNESKO harada idi?”

YUNESKO-nun yüksək rütbəli rəsmisi Dağlıq Qarabağda “erməni mədəni irsinin dağıdılması” ilə bağlı geniş yayılmış xəbərlərdən narahatlığını bildirib. 

Təşkilatın Mədəniyyət və Fövqəladə Hallar Direktorluğunun rəhbəri Krista Pikkata bildirib ki, YUNESKO-ya Dağlıq Qarabağda “müxtəlif mədəni sərvətlərin guya məhv edilməsi” barədə məlumat daxil olub: “Buna görə də YUNESKO vəziyyəti narahatlıqla izləyir”.

Nə qədər ləyaqətsiz qurum olasan ki, bu dərəcədə məsələyə birtərəfli yanaşasan və baş verənləri görməzdən gələsən. Ərazilərimiz işğaldan azad ediləndən sonra dəfələrlə Azərbaycan YUNESKO-ya müraciət etdi ki, gəlin törədilən vandalizm aktlarını öz gözlərinizlə görün. Hər dəfə bundan imtina edirdilər və utanmadan deyirdilər ki, biz siyasi məsələlərə qarışmırıq. İşğal dövründə Azərbaycan abidələri məhv ediləndə də YUNESKO susdu və baş verənləri görməzdən gəldi. 

“Onlar bunu bilərəkdən etmədilər, çünki azacıq müşahidə aparmaq kifayət edəcəkdi ki, ermənilərin...”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, bütün bunlar ləyaqətsizliyin göstəricisidir: “Bəzi beynəlxalq təşkilatların ikiüzlü, ikili standartlı, ermənipərəst münasibəti barədə xəbərlər yeni deyil. Bir sıra dövlətlər öz xarici siyasətlərinin mahiyyətini, məramını məhz həmin təşkilatlar vasitəsilə ünvanına çatdırırlar. Məgər Fransa, ABŞ, Belçika, Nosveç, Niderland, ABŞ kimi dünyaya kosmosdan baxan, baş verən hadisələri detallarına qədər incələyən, kimin doğru, kimin yalan işlərlə məşğul olduğunu dəqiqliklə bilən ölkələr Qarabağda son 30 ildə baş verənlərdən bu qədərmi bixəbərdirlər? Yəni YUNESKO-nun dili ilə desək, “mədəni abidələrin məhv edilməsi” bu günmü yada düşüb? Bəs, Ermənistan silahlı qüvvələri tərəfindən mədəni, dini, tarixi abidələrimiz məhv ediləndə YUNESKO harada idi? Bu canfəşanlıq ermənilər tərəfindən abidələrimiz yerlə yeksan ediləndə, talananda, barbarcasına dağıdılanda, yer üzündən silinəndə niyə göstərilmədi? Suallar çoxdur, cavabını isə düz 30 ildir ki, YUNESKO-dan gözləyirik”.

Politoloq B.Quliyev onu da qeyd etdi ki, 1945-ci ildə yaradılan, ingiliscə adı United Nations Educational, Scientific and Cultural Organization, azərbaycanca Birləşmiş Millətlər Təşkilatının Elm, Təhsil və Mədəniyyət Təşkilatı olan qurumun mərkəzi qərargahı Parisdə yerləşsə də, Fransanın mülkiyyəti deyil, ya da onun diqtəsi ilə idarə olunmamalıdır: “Nə qədər ki, YUNESKO hadisələrə təsisçi ölkələrdən birinin, yaxud bir neçəsinin pəncərəsindən baxır, məsələlərə ikili standartlardan yanaşır, qarşıya qoyulan hədəflərinə çata bilməyəcək. Mədəni, dini, milli abidələrin qorunmasında ayrıseçkilik olmamalıdır. 2017-ci ildən bu təşkilata Fransa nümayəndəsi rəhbərlik edir və təbii ki, məsələlərə Yelisey sarayından aldığı təlimatlara uyğun yanaşır. Bu bir iftira deyil, həqiqətdir. Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazilərdən qovulandan sonra baş verən vandalizm aktları, mədəni, dini abidələrimizin dağıdıldığı aşkar olundu. Buna qədər isə Azərbaycan dövlətinin bu ərazilərdə monitorinq aparmaq, faktları qeydə almaq imkanı yox idi, amma YUNESKO-nun var idi. Onlar bunu bilərəkdən etmədilər, çünki azacıq müşahidə aparmaq kifayət edəcəkdi ki, ermənilərin dünyanın mədəni irsinə, Azərbaycana məxsus abidələrə nə qədər ziyan vurduqları üzə çıxsın. Ermənilərin “tarixi abidələr” dedikləri isə işğal dövründə özləri tərəfindən qanunsuz inşa edilmiş, əsasən qondarma erməni tarixini əks etdirən, separatizmi təbliğ edən, ərazilərimizin işğalında böyük rol oynayan terrorçuların şərəfinə ucaldılmış abidələr idi. Təbii ki, onlar sökülüb zibilliyə atılmalı idi”.

Vidadi ORDAHALLI





Seçilən
68
baki-xeber.com

1Mənbələr