AZ

Müəllim üçün şagirdin uğurları ən böyük mükafatdır

Bu gün şəhər və rayonların məktəblərində oxuyan milliyon yarımdan çox şagirdin hərtərəfli biliyə, zəngin dünyagörüşünə malik gənclər kimi formalaşması üçün ölkədə hər cür şərait yaradılmışdır. Bu diqqət və qayğını layiqincə qiymətləndirən, göstərilən etimadı doğrultmağa çalısan dəyərli müəllimlərimizin ça­lışdığı Bakı şəhəri Kürdəxanı qəsəbəsindəki 113 nömrəli tam orta məktəb barəsində danışmaq istərdim. Bu təhsil ocağı 1888-ci ildə Kürdəxanı qəsəbəsində doğulmuş Hüseynbala Ağaverdiyevin adını daşıyır. O, 1922-26-cı illərdə Respublika Mədən Fəhlələri Həmkarlar İttifaqı Mərkəzi İdarə Heyətinin sədrinin müavini, 1927-1929-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı Şurasının sədri,1929-1934-cü illərdə “AzNEFT” Birliyi rəisinin müavini,1935-ci ildən Azərbaycan SSR XKS-nin sədr müavini, eyni zamanda Xalq Yerli Sənaye komissarı vəzifəsində çalışıb. 1933-cü ildə ABŞ-a işgüzar səfər etmişdir. 1937-ci ildə vətən xaini kimi edam olunmuş, 1956-cı ildə ona bəraət verilmişdir.

Məktəb 1927-ci ildən fəaliyyət göstərir. Onun  hazırkı binası 1971-ci ildə tikilib istifadəyə verilmiş, 2008-ci ildə isə təhsil müəssisəsinin həyətində 300 yerlik yardımçı bina tikilmişdir. Məktəbdə 2019-cu ildə əsaslı təmir aparılsa da, hazırda yenidən əsaslı təmirə ehtiyac var və növbəti illərdə yenidən təmir olunması nəzərdə tutulmuşdur. Eyni zamanda, qəsəbədə yalnız bu təhsil ocağı olduğu üçün əlavə korpusa ehtiyac var. Peşə təmayüllü siniflərin açılması barədə rəhbərliyə müraciətlər olunmuşdur.

Hazırda tədris iki növbəli və beş günlük sistemdə aparılır. 103 sinif otağından ibarət bu təhsil ocağında 2995 şagird təhsil alır və onların da təlim-tərbiyəsi ilə 148 müəllim məşğul olur. Təhsilverənlərin sertifikatlaşdırma imtahanında 5 fənn üzrə  müəllimlərdən 80%-i uğur qazanmış və onlardan 30%-i  50 baldan yuxarı bal toplamışdır. 2020-2024-cü illərdə məktəbə 117 müəllim işə qəbul edilib və bu gün kollektivdə müəllimlərin yaş kateqoriyası üzrə 35 yaşadək olanların sayı 41,5 faizdir.

İkinci Dünya müharibəsindən əvvəl və sonralar da məktəbin məzunları Azərbaycan dövlətinin adını yaxşı əməlləri ilə dünya ölkələrində tanıtmışlar. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə, dramaturq, ədəbiyyatçı, dövlət və ictimai xadim, filologiya elmləri doktoru Şıxəli Qurbanov, şərqşünas-alim, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Vasim Məmmədəliyev, görkəmli tarzən, Azərbaycan Respublikasının Xalq artisti Vamiq Məmmədəliyev bu məktəbin  məzunlarıdır.

Vaxtaşırı olaraq təhsil müəssisəsində qəhrəman Vətən övladlarının döyüş yolunun öyrənilməsi, canlarından keçmiş igidlərin xatirəsinin əbədiləşdirilməsi, onların şücaətinin təbliği, şagirdlərdə azərbaycançılıq məfkurəsinin möhkəmləndirilməsi istiqamətlərində məqsədyönlü işlər aparılır və prioritet fəaliyyət istiqaməti olaraq  həmişə diqqət mərkəzində  saxlanılır.

Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsində məktəbin yetirmələri könüllü olaraq döyüşlərdə iştirak etmək üçün müraciətlər etmiş və igidliklə vuruşmuşlar. Məktəbin 9 nəfər məzunu şəhid olmuş, onların xatirəsini əbədiləşdirmək məqsədilə məktəbin həyətində "And yeri" abidəsi ucaldılmışdır. 

Döyüşlərdə iştirak edib şəhidlik zirvəsinə yüksələn şagirdlərin xatirəsinə məktəbin əsas binasının qarşısında abidə ucaldılmış, qəhrəmanlıq göstərən yetirmələrinin şəkilləri məktəbdə yaradılmış “Zəfər” muzeyində əks olunmuşdur.

Eyni zamanda məktəbdə dahi şair Nizami Gəncəvinin 2020-ci ildə qeyd edilən yubileyi ilə əlaqədar muzey təşkil olunmuş və şairin əsərlərindən personajlar, illüstrasiyalar muzeydə yer almışdır. Hər iki muzeydə açıq dərslər keçirilir. Şagirdlərin şəxsiyyət kimi formalaşdırılmasında bu dərslər mühüm rol oynayır.

Bu günlərdə  Azərbaycan Yazıcılar Birliyinin üzvü Rövşən Ağayev bu tədris ocağında olub,  məktəbin kitabxanasına Ümummilli Lider Heydər Əliyevin, onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyəti ilə bağlı kitablar hədiyyə edib. Bundan əlavə, yazıçının son illər çapdan çıxmış ədəbi-publisistik və görkəmli elm və incəsənət xadimlərinin əsərləri da təqdim edilən kitablar arasında olunub.

Azərbaycan Ordusunun şanlı Qələbəsi ilə bitən İkinci Qarabağ müharibəsi işğal edilmiş ərazilərin azad olunması ilə nəticələnsə də, bu gün Ermənistanın mina terroru mülki şəxslərin və hərbi qulluqçuların həyat və sağlamlığına təhlükə yaratmaqda davam edir. Bununla bağlı carı il noyabrın 1-də təhsil müəssisəsində mina təhlükəsinə dair mövzuda məktəbin müəllimləri və yuxarı sinif şagirdləri üçün maarifləndirmə üzrə təlim tədbiri keçirilib. Müzakirə edilən məsələ ilə bağlı məktəbin direktoru Gültəkin Rüstəmova, hərbi rəhbər Tahir Maçanov və Elm və Təhsil Nazirliyinin əməkdaşı Rövşən Ağayev çıxış etmişlər. Yığıncağın yekununda məktəbin rəhbərliyinə mövzu ilə bağlı müvafiq kitabçalar, bukletlər, plakatlar təqdim olunub. Tədbirdən sonra gələn qonaqların, o cümlədən Vətən müharibəsi qazilərinin,  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Şahanə Bağırovanın iştirakı ilə məktəbin müəllimləri və şagirdləri ilə birgə  həyətyanı sahədə ağac əkmək aksiyası keçirilib.

Hazırda təlim-tərbiyə ocağında təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən yaradıcılıq və təşəbbüskarlıq mühitinin yaradılması, icra intizamı və məsuliyyət mədəniyyətinin formalaşdırılması, gənc nəslin müstəqil həyata hazırlanması və vətəndaş tərbiyəsi 113 nömrəli Kürdəxanı qəsəbə tam orta məktəbin rəhbərliyinin, müəllimlərin qarşısında duran ən mühüm vəzifələrdir.

R. Ağadədəbəyov

Seçilən
54
ikisahil.az

1Mənbələr