AZ

Bu il qeyri-neft ixracı 2,5 milyard dollara çatıb

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”na əsasən, 2024-cü ilin yanvar–sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı keçən ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 2,5 milyard ABŞ dolları təşkil edib. Hesabat dövründə yeyinti məhsullarının ixracı 13,3 faiz artaraq 698,3 milyon dollara bərabər olub.

Cari ilin 9 ayında ixraca yönəldilən şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 83,3faiz, pambıq lifi 70,9 faiz, bitki mənşəli yağlar və piylər 31,7 faiz, kimya sənayesi məhsulları 20,9 faiz, spirtli və spirtsiz içkilər 11,6 faiz, emal edilən meyvə–tərəvəz məhsulları 14,6 faiz artıb.

9 ayda aqrar–sənaye məhsullarının ixracı 60 faiz artaraq 233,4 milyon dollara bərabər olub. Bütövlükdə, aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8 faiz artaraq 755,4 milyon dollar təşkil edib. Bu dövrdə ixraca yönəldilən qeyri–neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (150,7 milyon dollar) birinci olub. Siyahıda tomat (pomidor) (139,6 milyon dollar) ikinci, qızıl (115,3 milyon dollar) isə üçüncü yerdə qərarlaşıb. Yanvar–sentyabr aylarında Rusiya Federasiyasına 843,7 milyon dollar, Türkiyəyə 435,1 milyon dollar, Gürcüstana 195,1 milyon dollar, , İsveçrəyə 119,6 milyon dollar, ABŞ-a isə 113 milyon dollar dəyərində qeyri–neft sektoruna aid mal ixrac olunub.

Hesabat dövründə qeyri–neft sektoru üzə ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (91,7 milyon dollar) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (40,5 milyon ABŞ dolları) ikinci və Gürcüstan (37,4 milyon ABŞ dolları) üçüncü olub.

2024-cü ilin sentyabr ayında ixraca yönəldilən qeyri–neft sektoru üzrə malların siyahısında qızıl (18,8 milyon dollar) birinci, elektrik enerjisi (17 milyon dollar) ikinci, meşə fındığı (13,3 milyon dollar) üçüncü olub.

2024-cü ilin yanvar–sentyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 50 ölkəsinə yönəldilən 13,9 milyon dollarlıq peyk telekommunikasiya xidmətlərinin ixracından gələn gəlir onun ümumi gəlirlərinin 74 faizini təşkil edib. Cari ilin sentyabrında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon dollarlıq xidmət ixrac həyata keçirib. 2024-cü ilin yanvar–sentyabr aylarında peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4, 4 milyon dollar ilə Birləşmiş Krallıq, 2,9 milyon dollar ilə Lüksemburq, 736,6 min dollar ilə BƏƏ, 493,9 min ABŞ dollar ilə Türkiyə, 488,1 min dollar ilə Rusiya qərarlaşıb.

2024-cü ilin yanvar–sentyabr aylarında banklara məxsus ödəniş xidməti şəbəkəsində digər qeyri–rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları ilə 2,1 milyard manat, yalnız sentyabr ayında isə 265,2 milyon manat dəyərində əməliyyat aparılıb. “İxrac icmalı”nda göstərilib ki, 2024-cü ilin sentyabr ayı ərzində “Bir pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri–neft ixracının dəyəri 22,5 milyon ABŞ dolları təşkil edib.

İxrac əməliyyatlatında diqqətçəkən bu uğurlu göstəriciləri bir sıra amillər şərtləndirir. Məsələn, son illər respublikada ixrac potensialının gücləndirilməsi istiqamətində bir sıra mühüm layihələr həyata keçirilib. Bunun nəticəsində özəl bölmə sürətli inkişaf mərhələsinə daxil olub, sahibkarlığın hüquqi bazası formalaşdırılıb, iqtisadi sərbəstlik diqqət mərkəzində saxlanılıb. Gömrük prosedurlarının sadələşdirilməsi, ticarət maneələrinin azaldılması və tranzit daşımaların optimallaşdırılması kimi mühüm tədbirlər də gerçəkləşdirilib. Eyni zamanda, yüksək keyfiyyətli məhsul istehsalı məqsədilə respublikamıza ən müasir texnika və avadanlıqlar gətirilib. Müəssisələrdə texnoloji proses günün tələbləri səviyyəsində tamamilə yenidən qurulub.

Azərbaycanda Ümumdünya Ticarət Təşkilatının prinsiplərinə ciddi əməl olunması, daxili bazarın qorunması, haqsız rəqabətə qarşı mübarizənin diqqət mərkəzində saxlanılması və rəqabətin inkişafı ilə bağlı tədbirlər həyata keçirilməsi, eyni zamanda, istehlak mallarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarətin artırılması sahibkarların, eləcə də istehlakçıların mövqelərini gücləndirib. Şübhəsiz ki, standartlaşdırma və metrologiya kimi mühüm sahələrinin beynəlxalq tələblərə uyğunlaşdırılması da milli istehsalçıların xarici bazarlara çıxışını stimullaşdırıb.

Azərbaycanda həyata keçirilən daxildə emal xüsusi gömrük prosedurunun tətbiqi də ixrasda müsbət göstəricilərin əldə edilməsini şərtləndirir. Bu, müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixracı məqsədilə ölkə ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarətdir. Respublikamızda malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi əsasən, təmir və emal məqsədilə gerçəkləşdirilir. Prosedur emal və xidmət sektorunun inkişafına, ixrac fəaliyyətinin stimullaşdırılması məqsədilə tətbiq olunur.

Malların daxildə emal xüsusi gömrük proseduru ilə yerləşdirilməsi qaydalarına indiyədək bir sıra dəyişikliklər olunub. Həmin dəyişikliklər nəticəsində prosedur sahibi sifariş müqaviləsi ilə yanaşı, alqı–satqı razılaşması əsasında da istənilən ölkədən xammal və ya materialı respublikaya gətirib qanunvericilikdə nəzərdə tutulan müddətdə emal edərək istənilən ölkədəki alıcıya göndərmək imkanı əldə edib. Bununla yanaşı, gömrük borcunun ödənilməsinə məcburi təminatın verilməsi aradan qaldırılıb, həmçinin prosedurdan istifadə icazəsinin alınması üçün sənədləşmə prosesi sadələşdirilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 2022-ci il 22 iyul tarixli sərəncamı ilə təsdiqlənən “2022–2026-cı illər üzrə sosial–iqtisadi inkişaf Strategiyası”na uyğun olaraq, ixracyönümlü yerli istehsalı artıra biləcək güzəştli gömrük prosedurlarının sadələşdirilməsi nəzərdə tutulur. Bu kontekstdə daxildə emal xüsusi gömrük prosedurunun istifadə şərtlərinin sadələşdirilməsi diqqət mərkəzində saxlanılır.

Ölkə daxilində emal xüsusi gömrük prosedurundan istifadənin sadələşdirilməsi, səmərəliliyinin və ixracyönümlü yerli istehsalın artırılması məqsədilə Nazirlər Kabineti tərəfindən 2023-cü il aprelin 10-da müvafiq qərar qəbul edilməsi müəyyən mallarla bağlı emal əməliyyatları aparıldıqdan sonra onların ixracı məqsədilə Azərbaycanın gömrük ərazisinə gömrük rüsumları və vergilər, o cümlədən ƏDV alınmadan gətirilməsindən ibarət xüsusi gömrük prosedurunun gerçəkləşdirilməsi nəzərdə tutulub. Yeri gəlmişkən, yuxarıda vurğulanan “emal əməliyyatları” dedikdə isə malların hazırlanması, emalı, təkrar emalı və təmiri nəzərdə tutulub.

Daxildə emal proseduru əsasında yerləşdirilən xarici xammallar gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında (idxal gömrük rüsumları, malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər) istifadə edilir. Ümumiyyətlə, xarici ölkələrin təcrübəsində daxildə emal xüsusi gömrük proseduru ixracyönümlü istehsalın artırılması üçün geniş istifadə olunur. Belə ki, xarici xammaldan asılı olan ixrac məqsədli məhsulların istehsalı üçün xammal və materiallar bu prosedur əsasında yerləşdirilir, gömrük rüsumu və vergilər ödənilmədən ölkəyə gətirilir və istehsal olunan yeni məhsul qanunvericilikdə nəzərdə tutulan müddət ərzində emal edilərək ixrac olunur.

Beləliklə, istehsal olunan məhsulun ixrac bazarlarında rəqabətqabiliyyətliliyi artır. Daxildə emal xüsusi prosedurunun üstünlüyü odur ki, məhsulun maya dəyəri aşağı düşür, inzibatçılıq azalır, sahibkarların vaxtına və vəsaitinə qənaət edilir, ölkəmizə investisiya yatırılması imkanları artır, istehsal olunan məhsulların rəqabət qabiliyyəti yüksəlir, ixrac bazarlarına yönəlmiş istehsalın artırılmasına şərait yaranır.

 

Seçilən
49
39
xalqqazeti.az

10Mənbələr