Cümə axşamı Estoniyada güclü külək “Elektrilevi” enerji şirkətinin təxminən 11 min müştərisini elektriksiz qoyub.
“İnterfaks xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, saat 22:00-a olan vəziyyətə görə (Bakı vaxtı ilə 2 noyabr 00:00) ən çox – təxminən 3 min istehlakçı – Pərnu qəzasında elektriksiz qalıb. Saaremaa adasında 1,6 min, Hiyumaa adasında isə 1,2 mindən çox istehlakçı zərər çəkib.
Nasazlıqların aradan qaldırılması üçün əlavə briqadalar işə cəlb edilib.
“Elektrilevi” xəbərdarlıq edib ki, fırtına həftəsonu da səngiməyə bilər və xüsusilə qərb sahillərində elektrik təchizatında fasilələr gözlənilir.
Güclü külək və suyun səviyyəsinin sürətlə qalxması Hiyumaa adası ilə bərə əlaqəsini də kəsib.
Ətraf Mühit Agentliyi bütün Estoniya üçün fırtına xəbərdarlığı yayıb. Agentliyin məlumatına görə, bəzi yerlərdə küləyin sürəti 30 m/s-ə çata bilər.