AZ

"İnanıram ki, "Budyo Qlimt"lə matçda..." -Toral Bayramov

"Qarabağ”ın müdafiəçisi Toral Bayramov Misli Premyer Liqasının 12-ci turunda "Turan Tovuz"a qarşı səfərdə keçirdikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb.

Fanat.Az xəbər verir ki, o, "quru" bərabərliyi belə dəyərləndirib:

"Çətin oyun olacağını bilirdik. Matça yaxşı hazırlaşmışdıq. Çempionat başlayandan yalnız bir məğlubiyyətimiz var. Onu da “Turan Tovuz”dan almışıq. Rəqib kollektiv şəkildə yaxşı mübarizə aparır.

Qələbə qazanmaq üçün nə çatmadı? Konkret bir söz deyə bilmərəm. Epizodları izləmək, oyunu analiz etmək lazımdır. Deməzdim ki, nəsə alınmır. Sadəcə bütün komandalar bizə qarşı xüsusi motivasiya ilə oynayırlar. “Turan Tovuz”da isə bu istək daha yüksəkdir. Pis oynamadıq. Fürsətlərdən yararlana bilmədik və bu da xal itkisinə gətirib çıxardı.

Onların da qol fürsətləri var idi. Qapıçımız yaxşı oynadı. Ümumi götürdükdə heç-heçəni ədalətli nəticə sayıram".

Toral qarşıdan gələn Avroliqa matçı - Norveçdə “Budyo Qlimt”ə qarşı keçirəcəkləri görüş barədə də fikirlərini bölüşüb:

"Rəqib haqda məlumatımız çox deyil. Artıq sabahdan həmin görüşə hazırlaşacağıq. Ümumi bilirik ki, yaxşı komandadır. Nəticələri də göz önündədir. Əlimizdən gələni edəcəyik ki, Norveç səfərində sərfəli nəticə qazanaq.

Əvvəlki 3 oyunun heç birində zəif oynamamışıq. Sadəcə, sonluğu gətirə bilməmişik. İnanıram ki, “Budyo Qlimt”lə matçda şanssızlıq olmaz, yaratdığımız fürsətlərdən yararlanarıq. Hər oyuna qələbə üçün çıxırıq. Bu matça da həmçinin".

Seçilən
22
fanat.az

1Mənbələr