ABŞ-də prezident seçkisinə 3 gün qalarkən yeni ABŞ prezidentinin Rusiya-Ukrayna müharibəsində hansı dönüş yarada biləcəyi ətrafında müzakirələr səngimir.
“AzPolitika” xəbər verir ki, “The Washington Post”-un yazdığına görə, Ukrayna hakimiyyətində bir çoxları Donald Trampın yenidən ABŞ prezidenti olmasını potensial müsbət hadisə kimi nəzərdən keçirirlər: “Rəsmi Kiyev bildirir ki, amerikalıların seçdiyi istənilən liderlə işləyəcək, eyni zamanda müttəfiqinin daxili siyasətilə bağlı neytral mövqe tutacaq. Bununla belə, qeyri-rəsmi söhbətlərdə Volodimir Zelenski hökumətinin bəzi nümayəndələri Donald Trampın qələbəsinin mümkün üstünlüklərini etiraf edirlər. Onun ABŞ-nin Ukraynaya maliyyə dəstəyini tənqid etməsinə və Rusiyaya sərf edə biləcək şəkildə müharibəni tez bitirmək təkliflərinə baxmayaraq, bəziləri Trampın yeni yanaşmalarının mümkünlüyünü görür.Bayden-Harris administrasiyasının Ukraynaya hazırkı dəstək siyasətini davam etdirəcəyi ehtimal edilsə də, Kiyev Rusiyaya qarşı qətiyyətli addımlardan yayınan ABŞ-nin ehtiyatlı mövqeyindən getdikcə daha çox narazılığını ifadə edir. Belə ki, xüsusən də Rusiyanın son bir ildə döyüş meydanında əldə etdiyi uğurları nəzərə alaraq, bəzi Ukrayna rəsmiləri hesab edir ki, daha qətiyyətli addımlar atılmalıdır. O cümlədən silahların Rusiyanın dərinliklərində istifadəsinə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır”.
Nəşr qeyd edir ki, ukraynalı rəsmilər Trampın Ukraynanı tənqid etməsini yalnız seçki ritorikası hesab edirlər və düşünürlər ki, Tramp qalib gələrsə, onun siyasəti fərqli ola bilər. Onlar qeyd edirlər ki, 2019-cu ildə məhz Trampın dövründə Ukrayna ABŞ-dən ilk ölümcül silahları alıb və onun administrasiyası Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib: “Trampın Ukraynadan güzəştə getməsini tələb edəcəyilə bağlı narahatlıqlara baxmayaraq, Zelenskinin komandası Trampın beynəlxalq səhnədə zəif görünmək istəmədiyini düşünür və hesab edir ki, o, bunun üçün Ukraynaya dəstək verə bilər”.
“AzPolitika.info”