AZ

Sokratdan Qulu Məhərrəmliyə qədər

Qədim yunan fiosofu Sokrat da yetmiş il yaşayıb. Bizim eradan qabaq 469-cu ildə doğulub, 399-cu ildə vəfat edib. "Həlak olub" da deyə bilərik. Çünki məhkəmənin hökmü ilə... zəhər içib. Öz fəlsəfi görüşləri ilə "dövlətin dayaqlarını sarsıtdığına görə". İndiki siyasi leksikonla desək, "vicdan məhbusu" olub.
 
Hətta onun məhkəmədəki son sözü məşhurdur. Hakimlərə deyib: "Mən artıq yaşlanmışam. Bir az da gözləsəydiniz, onsuz da özüm öləcəkdim. Amma indi mənim ölümümə görə siz günahkar olacaqsınız".
 
Sokrata ölüm hökmü çıxaran hakimlər də öldü. Həm də günah içində. Amma Sokrat tarixin və insanlığın yaddaşında qalıb.
 
"Qalıb" deyirəm, "yaşayır" demirəm. Yaşasaydı, yanımızda olardı, elə deyil?! Tarixdəki Sokratı da, özümüzü də aldatmayaq.
 
Hə, doğrudan da, Sokrat, sadəcə, yadımızda deyil, yanımızda olsaydı hələ! Daha bir yetmiş il, daha bir yetmiş il... yaşaya-yaşaya günümüzə qədər sağ-salamat gəlib çatsaymış!
 
Təsəvvür edin: Dünya onun varlığından nə qədər böyük fayda götürə bilərdi. Görün, Miladdan əvvəlki Sokrat Miladdan sonrakı iki min iyirmi dörd ildə necə bir Sokrat olardı!
 
Ümumiyyətlə, Sokrat kimi şəxsiyyətlər niyə ölsün ki?! Deyirsən: İlahi, bu cür işıqlı, qiymətli insanlar heyfdir axı! Niyə uzun yaşamasın ki?! Diri-diri dərisi soyulanda Nəsiminin əlli yaşı vardı; həyatının və təbinin ən verimli çağındaymış. Niyə belə tez getməliymiş axı?! Həm də belə!
 
Düşündükcə, üşənirsən: doğrudanmı, bu Dünyada daha bir də Füzuli boyda bir Füzuli doğulmayacaq?! Doğrudanmı, Hüqo kimi bir Hüqo daha gəlməyəcək?! Şopendən, Vivaldidən, Dalidən, Prustdan, Taqordan, Əli Kərimdən... bir də olmayacaq?!
 
Baxın, Müşfiq elə təkcə öz təbii ömrünü yaşasaydı, gör, daha necə şedevrlər yaradardı. Elə deyilmi?! Yaxud, məsələn, 41 yaş Frans Kafka kimi bir yazıçı üçün az deyilmi?! Allah bilir, özülü atılmış daha neçə mükəmməl bədii "Qəsr" "yarımçıq tikili" olaraq qalıb...
 
Yaşadıqca Dünyanı rəngləndirən, cəmiyyəti canlandıran, həyatı dadlandıran bu cür insanlara niyə əbədi ömür biçilməyib ki?! Qoy, lap yenə hamının vədəsi hələlik olaydı. Amma, məsələn, odu kəşf edən o qədim insan həmişəlik olsaydı, yaxşı olmazdımı?! Bəlkə həyatda görüb, oda, işığa görə təşəkkür etmək imkanımız olardı. Ya da ən azı Edison daha doxsan üç il artıq ömür sürəydi ki, bu günə çataydı, tapıb əlini sıxardıq...
 
Sözün tam anlamında işıqlı insanlar yaşamalıdır axı!
 
Doğrudan da, elə professor Qulu Məhərrəmli kimi şəxsiyyətlər çox yaşamalıdır axı!
 
Yox, haşa, İlahi! Üsyan etmirəm, sadəcə, sual edirəm. Amma sən Haqqsan və həmişə haqlısan. Hikmətindən sual olmaz, o ayrı. Çünki elə suallar var, cavabsız da gözəldir.
 
Sözünü etdiyimiz professor da gözəl yaşayıb, əslində. Sokratın sonuncu yaşına çatıb; o da gəlib yetmişə yetişə bilmişdi. Bu, Sokratla Qulu Məhərrəmlinin ömürləri arasında yeganə oxşarlıq deyil. Sokrat kimi Qulu Məhərrəmli də məhkəmə qarşısına çıxarılmışdı. Ancaq Sokratdan fərqli olaraq, bu ütüdən salamat çıxdı, həyatdadır, çox şükür!
 
Sokratın da tələbələri vardı, Qulu Məhərrəmlinin də tələbələri var. Sokrat tələbələrinə bağ-bağatda, küçədə, meydanda... bir sözlə, açıq havada dərs deyirdi. Ancaq Qulu Məhərrəmliyə universitet auditoriyası verilib. Bir xoşbəxt fərq də, bu olsa gərək. Sokratın auditoriyasında dərs deyəcəyi bir məktəbi yox idi, ancaq bir fəlsəfi MƏKTƏBi var. Qulu Məhərrəmlinin isə, həm dərs deməyə məktəbi var, həm də... bir MƏKTƏBi var. Bu yaradıcılıq MƏKTƏBİ isə hamının üzünə açıqdır.
 
Şəxsən mənə Qulu Məhərrəmli auditoriyada birbaşa dərs verməyib, ancaq mən ondan dərs almışam. Hələ neçə-neçə nəsillər professorun özünü tanımadan, üzünü görmədən ondan dərs alacaq! Sokratdan dərs aldığımız kimi.
 
Nə bilim! Kaş, ömür də Miladdan əvvəlki tarix kimi olaydı: Dünyaya yararlı insanlar yaşlanıb yetmişə çatanda, qayıdıb cavanlaşmağa doğru yaşayaydı təzədən. Rəqəmlər azdan çoxa deyil, çoxdan aza doğru gedəydi. O zaman biz iyirmi ildən sonra professorun əlli illiyini keçirərdik. Gözəl olmazdımı?! Əlbəttə, olardı.
 
İnsanların belə düşünməsi bir az qəribə olsa da, təbiidir: heç kim ona məxsus olan dəyərli varlığı itirmək istəməz.
 
Ona görə də sənin üçün dəyərli insanlara sevginlə yanaşı, həmişə bir qorxun da var: qocalır axı. Dəyərli insanlar sənin üçün sonsuz səadət qaynağıdır, amma, məşhur mahnıda deyildiyi kimi, "səadətdə onu itirmək qorxusu" da olur. Ən cəsur kişinin belə ən çox qorxduğu şey sevdiyi qadının gözündən düşməkdir, elə deyilmi?!
 
Ən qorxulusu itirmək qorxusudur. Bunlar təbii hisslərdir: insan düşmənindən çox, dostundan... qorxur. Çünki düşməni itirmək xoşbəxtlikdir, dostu itirmək isə...
 
Yox, təpədən dırnağa optimist bir insan haqqında yazıda bu cür pessimist notlar artıqdır. O kədərli cümlələri bu yazıdan silmək asandır; istəsəniz, silə bilərəm. Amma professor razı olmaz: yazıya pozu yoxdur. Sözün hər anlamında. Əsas NEÇƏ yaşadığın deyil, necə yaşadığındır.
 
Professor necə yaşayıb, bilirsiniz. Hamının gözü önündə yaşayır. Elə insanlar var, nəinki başqalarından, elə özündən də gizlənib yaşamağa çalışır. Hətta dəvəquşu kimi başını quma basdırıb "gizlənənlər" də az deyil. Amma professor Qulu Məhərrəmli heç kimdən qaçmır, heç kimdən gizlənmir. Niyə?! Çünki həyatında gizlənməyi gərəkdirəcək bir şey yoxdur. Onun heç nədən və heç kimdən qorxusu yoxdur. Çünki sevgisi var. Onu həyata bağlayan, bu ahıl yaşında da cavan saxlayan həmin o sevgidir.
 
Bəli, professorun həyat eşqi, yaradıcı enerjisi o qədər çoxdur ki, ən azı daha bir yetmiş il də yaşaya bilər. Mən özüm Qulu Məhərrəmlidə o potensialı görürəm. Və mən də hamı kimi onu həmişə aramızda görmək istəyirəm.
 
Elə, bax, belə bir tükənməz həyat eşqi ilə. Sönməyən işığı, yorulmayan qələmi və coşqun yaradıcı enerji ilə. Üstəgəl də bu cür Sokratyana müdrikliyi ilə...
 
Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

 

Seçilən
32
moderator.az

1Mənbələr