AZ

Ramiz Mehdiyev və Əli Həsənovun MİRASI – “Biz hara gedirik?” – Bütün əsas vəzifələrdə rəhbərliyin qohumları və yaxınları işləyirdi

Qalib Arif

Düşünürəm ki, Ramiz Mehdiyevlərin, Əli Həsənovların və bu sıradan olan korrupsiyaçı məmurların ən böyük günahı ancaq dövlət büdcəsini talamaq, xalqın malını qamarlamaq, heç dövləti gözdən salmaq da deyil. Bu, aysberqin yalnız görünən tərəfidir, əsas hissəsi isə daha dərindədir. Bəli, bəli, bu adamlar kurasiyalarında olan bütün sahələri, faktiki olaraq, özəlləşdirirlər və bütün vəzifələrə öz qohumlarını, dostlarını və yaxınlarını yerləşdirirlər. Uzağa getməyək, elə Televiziya – Radio şurasını götürək. Məhdud ştatı olan bu qurumun sədri Əli Həsənovun dostu, birinci müavini həyat yoldaşı, aparat rəhbəri isə yaxın qohumu idi. “Xəzər” televiziyasını isə zorla türkiyəli sahibkardan almış və universiteti yenicə bitirmiş oğluna “hədiyyə” etmişdi.

Pis nümunə yoluxucu olur deyirlər. Faktiki olaraq, dövlət zirvəsində təmsil olunan, dövlətin əsas fiqurlarından olan bu adamların pis nümunəsi aşağılara da sirayət edir. Nazirlikdə və dövlət komitələrində, icra hakimiyyətlərində əsas vəzifələrə birinci şəxslərin qohumları və yaxınları yerləşdirilir. Bir müddət əvvəl Xarici İşlər və Mədəniyyət nazirliklərində həyata keçirilən cəza tədbirləri bunu bir daha sübut etdi. Deyilənə görə, keçmiş rəhbərliyin dövründə Dövlət Neft Şirkətində vəziyyət daha pis idi, bütün əsas vəzifələrdə rəhbərliyin qohumları və yaxınları işləyirdi. Bu, şübhəsiz ki, daha etibarlı və dayanıqlı korrupsiya şəbəkəsi yaratmaq üçün həyata keçirilir, amma ziyanı daha dərinliklərə gedir…

Deməli, mərkəzi və yerli hakimiyyət nümayəndələri bütün vəzifələrə öz yaxınlarını yerləşdirməklə, ölkədə sosial pilləkanı sındırırlar. Daha sadə dillə desək, ölkədə sosial rəqabət mühitini məhv edirlər. Yəni savadlı, istedadlı gənclər hiss edirlər ki, bu cür məmurların olduğu ölkədə irəli getmək, öz qabiliyyətinlə nə isə etmək mümkün deyil və onların kreativ hissəsi sakitcə ölkədən gedir, birdəfəlik Vətəni tərk edir. Savadlı gənclərin daha imkansız və cəsarətsiz nümayəndələri isə ya kreditlərin girovuna çevrilir, ya da fəhləlik edir və “qul bazarları”na gedir. Hətta məlum başabəla deputatlar ali təhsilli müəllimlərə işdən sonra daş daşımağı və soğan satmağı məsləhət görürlər. Mən şəxsən neçə-neçə fizika-riyaziyyat müəllimi, hətta elmlər namizədi ilə “qula bazarında” rastlaşmışam, danışmışam.

Amma əsas məsələ hətta bu da deyil, daha dərində, gələcəkdədir. Öz sələflərinin aqibətini görən Azərbaycan məktəbliləri, sadəcə olaraq, oxumaq istəmirlər. Onlar özlərinə ilk nəzərdən haqlı görünən sual verirlər: ”Oxumaqla qabağa getmək mümkün deyilsə, mən niyə oxumalıyam, ali təhsil almalıyam?!” Ali məktəbə girən, diplom almaq istəyən oğlanların bir hissəsi bunu əsgərlikdən yayınmaq, qızların əksəriyyəti isə ailə qurmaq, cehiz aparmaq üçün edir. Təssüf ki, son vaxtlar bu tendensiya dərinləşməkdə və genişlənməkdə, ölkəyə faktiki olaraq, oxumamaq kimi bir “dəb” düşməkdədir…

Beləliklə, ali təhsilli, qabiliyyətli gənclərin çoxu bu gün ölkəni tərk edir, onları əvəz edəcək məktəblilər də oxumaq istəmir. Gənclər isə ölkənin dirəyidir, bizim gələcəyimizdir. Deməli, ölkəmizin gələcəyi dumanlıdır, genofondumuz məhv olmaq təhlükəsi qarşısındadır. Əsas səbəb də rəqabət mühitinin yoxluğu, sosial pilləkanın sındırılmasıdır. Bunu da günahkarları, təkrar edirəm, Ramiz Mehdiyev, Əli Həsənov və s. kimi, hətta öləndən sonra rəhmətə də layiq olmayan korrupsiyaçı məmurlardır…

 

Seçilən
36
konkret.az

1Mənbələr