AZ

İstanbulda Azərbaycan mədəniyyəti və ədəbiyyatının tanıdılması günləri davam edir

İstanbulda keçirilən 41-ci Beynəlxalq Kitab Sərgisində qurulan Azərbaycan stendində kitab təqdimatları və ədəbi müzakirələr davam edir.

“İki sahil” xəbər verir ki, bu çərçivədə noyabrın 3-də Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən hazırlanmış “Səninləyik, Türkiyə” antologiyasının təqdimatı keçirilib.

Tədbirin moderatoru Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi, şair Səlim Babullaoğlu nəşr haqqında məlumat verib.

Bildirib ki, kitab ötən il fevralın 6-da Türkiyədə baş vermiş və 50 mindən artıq insanın həlak olması ilə nəticələnən dağıdıcı zəlzələyə həsr olunub. Antologiyada türk dövlətləri və böyük Türk coğrafiyasının tanınmış şairlərinin şeirləri toplanıb.

Nəşrin ideya və ön sözünün müəllifi Türk Mədəniyyəti və İrsi Fondunun ilk prezidenti, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyevadır.

Sonra Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulovanın təqdimat iştirakçılarına ünvanlanan məktubu oxunub.

Fondun Aparatının rəhbəri Fəxri Hacıyev, esseist, ədəbiyyatşünas Qismət Rüstəmov, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, şair Fərid Hüseyn çıxış ediblər.

Azər Turan 1939-cu ildə Türkiyənin Ərzincan şəhərində baş vermiş dəhşətli zəlzələ haqqında danışıb, Türk dünyasının böyük fikir adamı, şair, rəssam, həkim Əli bəy Hüseynzadənin həmin fəlakətə şeir həsr etdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, Bakıda “Mütərcim” nəşriyyatında işıq üzü görən nəşrin tərtibçisi, tərcüməçisi və redaktoru S.Babullaoğlu, dillər üzrə məsləhətçilər Ömər Məhmətoğlu, Şəmsəddin Kuzəçi, Maya Saparova, Zera Bəkirova və Albina Borisovadır.

Kitabda azərbaycanlı şairlər Səlim Babullaoğlu və Fərid Hüseynin də şeirləri yer alıb.

Həmçinin Türkiyənin nüfuzlu “Heca” dərgisinin 2023-cü ildə işıq üzü görən “Modern Azərbaycan şeiri” adlı xüsusi sayının təqdimatı da olub.

Qeyd edək ki, aylıq “Heca” dərgisi 1997-ci ildən Ankarada nəşr olunur. Sonra İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan incəsənət ustalarının ifasında maraqlı konsert proqramı təqdim olunub.

Xalq artisti, xanəndə Mənsum İbrahimov bəstəkar və xalq mahnılarını ifa edib. Xanəndəni tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov və nağarada Siyavuş Kərimov müşayiət ediblər.

Konsertdən sonra Azərbaycan stendində ziyarətçilərə milli şirniyyatlarımız təqdim olunub.

Seçilən
21
47
ikisahil.az

10Mənbələr