“Napoli”nin baş məşqçisi Antonio Konte “eşşəkciklər”in İtaliya A Seriyasının 11-ci turunda “Atalanta”ya ev məğlubiyyətini şərh edib.
Arena.az məlumat verir ki, “İlahə” turun mərkəzi görüşü çərçivəsində Neapolda A Seriyasının lideri “Napoli”yə 3 cavabsız qol vuraraq, öz qarşısında diz çökdürüb.
“Düzünü desəm, komandanın yaxşı oynadığını düşünürəm. Əlbəttə, oyunun taleyi həll edilən bəzi məqamlarda daha yaxşı oynaya bilərdik, amma onların istəyinə və münasibətinə görə komandanı qınaya bilmərəm.
Buna qədər inanılmaz dərəcədə yaxşı çıxış etmişik, amma indi, fikrimcə, hazırda bizdən güclü olan komanda ilə üz-üzə idik. Bu oyunları oynamalı, dəyərləndirməli və onlardan ibrət dərsi almalıyıq. Unutmayaq ki, ötən mövsüm “Atalanta” UEFA Çempionlar Liqasına vəsiqə qazanıb, biz isə 10-cu yeri tutmuşuq”, – deyə Antonio Konte komandasının məğlubiyyətinə “don geyindirməyə” çalışıb.
11 turdan sonra “Napoli” A Seriyasının yarış cədvəlində 25 xalla öz mövqeyini qoruya bilsə də, digər təqibçiləri “eşşəkciklər”i haqlamaq üzrədirlər. “Atalanta” möhtəşəm qələbə sayəsində 22 xalla 3-cü pilləyə yüksəlib və liderliyə iddiasını sürdürür. Son çempion “İnter” də 24 xalla 2-ci sıradadır.