İranda hicaba məcbur edilməsinə etiraz etmək üçün alt paltarınadək soyunan qız saxlanılıb.
Azreform.info xəbər verir ki, bu barədə "Amnesty Iran" məlumat yayıb.
Hadisə noyabrın 2-da Tehranda Azad İslam Universitetində baş verib.
Universitetin mühafizəçiləri hicabını düzgün geyinmədiyi üçün tələbəni aşağılayıblar. Bundan sonra tələbə qız hicaba etiraz olaraq alt paltarınadək qoyunub.
"Amnesty Iran" insan haqları təşkilatı tələbənin dərhal və qeyd-şərtsiz azadlığa buraxılmasına çağırıb.
“İran hakimiyyəti noyabrın 2-də Tehrandakı Azad İslam Universitetinin mühafizəçilərinin hicab geyinməyə məcbur edilməsinə etiraz olaraq, o, geyimini alt paltarınadək soyunan tələbəni dərhal və qeyd-şərtsiz azad etməlidir”, - məlumatda bildirilir.
Təşkilat qadını azadlığa buraxılmazdan əvvəl işgəncə və digər pis rəftarlardan qorumağa çağırıb. Onun ailəsi və vəkili ilə görüşünə icazə verilməsini tələb edib.
Tələbələr tərəfindən universitetin auditoriyasının pəncərələrindən çəkilən hadisənin videosu sosial şəbəkələrdə sürətlə yayılaraq ciddi müzakirələrə səbəb olub. Bir çox istifadəçi qadına dəstək ifadə edərək, onun hərəkətini cəsur və cəsarətli adlandırıb.
Saxlanılan şəxsin kimliyi ilə bağlı məlumat hələlik açıqlanmayıb.
Universitetə bağlı yerli qəzet onun ruhi xəstəxanaya köçürüldüyünü yazıb.
Mürtəza
Azreform.info