AZ

Bizə Zəfər yaraşır!

Azərbaycan! – Bu qədim və müasir məmləkət, bu böyük və bütöv ölkə, bu doğma və müqəddəs vətən bizim üçün, hər bir azərbaycanlı üçün təkcə coğrafi bir ərazi, maddi bir varlıq deyil, həm də mənəvi-ruhi sərvətdir. Bu sərvət hər birimiz üçün ölüm-dirim, varım-yoxum, ürək-könül, qan-can məsələsidir. Ümumiyyətlə, vətən, vətəndaş, dövlət, ölkə, xalq, millət, insan və insanlıq anlayışları xalqımızın milli təfəkküründə xüsusi yer tutur. Tariximiz, kökümüz, mədəniyyətimiz, ədəbiyyatımız, folklorumuz, dini inanclarımız, milli adət-ənənələrimiz Azərbaycan insanının tərbiyə sistemini, dünyagörüşünü, düşüncə tərzini tamamilə fərqli formalaşdırıb. Bu baxımdan dünya hərb tarixində xüsusi hadisə kimi dəyərləndirilən İkinci Qarabağ savaşının baş verməsi qaçılmaz idi.

 Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etmişdir.

44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərləri, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələri, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndləri, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsi, o cümlədən Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəkliklər işğaldan azad edilmişdir.

Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən işğalından qurtarılması müharibənin taleyində həlledici rol oynamışdır. Bütün bunlar Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Müqəddəs şəhidlik zirvəsinə yüksələn soydaşlarımızın qəhrəmanlığı sayəsində biz Qarabağa, doğma el-obalarımıza qayıtdıq. Bu gün Qarabağ genişmiqyaslı tikinti-quruculuq və abadlıq meydanına çevrilib. Obrazlı desək, vətən bağı al-əlvandır.

Azərbaycan müstəqil və suveren dövlətdir. Bu dövlətin bir kərə yüksələn və bir daha enməyən üçrəngli bayrağı var. Bayrağımız Qarabağda vüqarla dalğalanır. Bu məqamda dahi sənətkarlarımız Bəxtiyar Vahabzadənin “Gülüstan”ı, Məhəmmədhüseyn Şəhriyarın “Azərbaycan”ı, Zeynəb Xanlarovanın “Qarabağ”ı yada düşür. Dünənimiz, bugünümüz, sabahımız yada düşür.

 Memarı və qurucusu Ulu öndər Heydər Əliyev olan müasir və yeni Azərbaycan sürətlə inkişaf edir, böyüyür, qüdrətlənir.  Prezident İlham Əliyevin apardığı müdrik daxili və xarici siyasət Azərbaycanı saysız-hesabsız möhtəşəm zəfərlərə aparır. Bəli, bizə yalnız və yalnız zəfər yaraşır. Zəfərin mübarək, Azərbaycan!

Şükran Mustafayev,
Bakı şəhəri 254 nömrəli tam orta məktəbin direktor müavini,
YAP Xətai rayon təşkilatının üzvü

Seçilən
10
ikisahil.az

1Mənbələr