AZ

Azərbaycana qarşı 200 ildən çox davam edən düşmənçilik siyasəti

Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də həyata keçirilib. Belə ki, 1948-1953-cü illərdə öz tarixi dədə-baba torpaqlarından 150 min azərbaycanlı deportasiya olunaraq Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilib. Həmçinin, 1988-ci ildə daha 250 min azərbaycanlı öz doğma yurdundan qovulub, bununla da Ermənistan monoetnik dövlətə çevrilib.

Onu da qeyd edək ki, 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “Dənizdən-dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri kənd və şəhərlərimizin dağılması, on minlərlə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnib.  Birinci Qarabağ müharibəsi zamanı xarici havadarları tərəfindən silahlandırılan ermənilər tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal edilib. İşğal zamanı yaşayış məntəqələri dağıdılaraq, əhalisi amansızcasına qətlə yetirilib. Başlıbel, Ağdaban və Baqanis-Ayrım kəndlərində törədilən vəhşiliklər erməni faşizminin əsl simasını göstərir.

Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar sırasında Xocalı faciəsi xüsusi qəddarlığı ilə seçilir. Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı cinayətdir.

BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal altındakı Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il icra olunmayıb.  Bütün bu illər ərzində Ermənistan işğalçı siyasətini davam etdirərək, ərazilərimizdə təxribatlar törədib, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açaraq, onların rahat yaşamasına imkan verməyib. 2016-cı ilin aprelində Lələtəpə və 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Azərbaycan bu işğalla barışmayacağını bəyan etdi. Ermənistan bu döyüşlərdən də nəticə çıxarmayaraq Azərbaycana qarşı diversiyaları davam etdirdi, erməni siyasətçiləri tərəfindən aşağılayacı və təxribatçı bəyanatlar verildi. 2020-ci il sentyabrın 27-də isə Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilərək, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqeləri şiddətli artilleriya atəşinə tutuldu.

Sentyabrın 27-də cənab İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası ke­çirildi. Dövlətimizin başçısı, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı oradakı çıxışında ermənilərin növbəti təxribatının səbəblərini açıqladı. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri verdi.

Öncə qələbə müjdələri Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərindən, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklərdən gəldi. Tərtərin Suqovuşan və Talış kəndləri, Cəbrayılın, Füzulinin neçə-neçə kəndi hərbçilərimizin hünəri ilə geri qaytarıldı. Xocavənd rayonunun Hadrut qəsəbəsi və Sur, Xırmancıq, Ağbulaq, Axullu kəndləri alındı. Oktyabrın 18-də artıq Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı dalğalandı. Gözümüzü televiziya ekranlarından çəkmirdik. Hər gün bir yeni müjdə, bir yeni qələbə xəbəri eşitməyə adət etmişdik. Cənab İlham Əliyevin xalqa hər müraciəti ilə bir rayonun, bir böyük ərazinin qarı düşməndən təmizləndiyi bəyan olunurdu.

Ordumuzun döyüş meydanında qələbəsi ilə yekunlaşan ötən hər bir gün Prezident İlham Əliyev diplomatik cəbhədə inamla döyüşür, ölkəmizə qarşı beynəlxalq təzyiqlərin qarşısını peşəkarlıqla, qətiyyətlə alırdı.

Tezliklə növbə Qubadlıya, Xocalıya, Laçına çatdı. Bu, hərbi müstəvidə əldə olunan qələbə idi. Bununla da dövlətimizin başçısı qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını real­laşdıran, öz fəaliyyətində Azərbaycan dövlətinin maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətə yönəldən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi liderə çevrildi.

Beləliklə, dövlətimizin başçısı 2020-ci ildə Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. Möhtərəm Prezidentimizin beynəlxalq aləmdəki informasiya və diplomatiya savaşındakı misilsiz uğurları 44 günlük Vətən müharibəsində qələbənin əldə edilməsində həlledici rol oynadı.

Bütün Vətən müharibəsi boyun­ca dost ölkələr, xüsusilə də qardaş Türkiyə və Pakistan bizə mənəvi dayaq oldular. Dünya yaxşı bilirdi ki, biz haqq yolundayıq, işimiz haqq işidir. Buna görə də zəfər çalacağıq.Vətən naminə misilsiz rəşadətlər göstərən şəhidlərimiz, qazilərimiz zəfəri öz qanları ilə qazandılar. Müzəffər Ali Baş Komandanımızın qətiyyəti, rəşadətli ordumuzun fədakarlığı, xalqımızın qeyrəti sayəsində buna nail olduq.

Bütün bunların özəyində, məhvərində isə heç şübhəsiz, ötən ilin 27 sentyabr günü başlanan Vətən müharibəsinin gətirdiyi tarixi Zəfər dayanır.

Bəli, xalqımızın şərəf və ləyaqət tarixinin qızıl hərflərlə yazılmış səhifələri olan 44 günlük Vətən müharibəsi və qazanılan möhtəşəm Zəfər gələcək nəsillər üçün də əbədi sevinc mənbəyi kimi yaddaşlara yazıldı.

Mirhaşim Calalov,
YAP Xətai rayon təşkilatının "Yusif Səfərov 21" ünvanı  üzrə ərazi partiya təşkilatının üzvü

Seçilən
35
ikisahil.az

1Mənbələr