Yenisabah.az xəbər verir ki, Azərbaycanda olduqca məşhur taksi şirkətlərindən olan “Uber” vasitəsi ilə Yasamal rayonu “İnşaatçılar” metrostansiyası yaxınlığından (Yeni Yasamal, Əsəd Əhmədov 139) “Nəriman Nərimanov” metrostansiyasının yaxınlığına bir gedişin qiyməti 14.6 AZN-ə başa gəlir. Müqayisə üçün qeyd edək ki, bir neçə gün öncəyə qədər eyni yolun tarif qiyməti şirkətin tətbiqində təxminən 5-7 manata təklif olunurdu.
Sözügedən qiymət artımı bir çox şirkət tərəfindən müxtəlif istiqamətlərdə özünü daha çox büruzə verir. İyul ayının 1-dən etibarən taksi xidməti ilə bağlı tətbiq olunan yeni qaydalar və qadağalardan sonra qiymətlərin müəyyən həddə yüksəlməsi gözlənilən idi. Ancaq hazırki şəraitdə özünü göstərən katostrofik qiymətlər müştərilər tərəfindən də olduqca sərt etirazlarla qarşılanır.
Taksi şirkətləri bu tendensiyanı günün pik saatlarında paytaxt yollarında özünü göstərən gərgin nəqliyyat tıxacları və COP29-la bağlı şəhərin bəzi küçə və prospektlərində hərəkətin məhdudlaşdırılması ilə əlaqələndirsələr də, yüksək qiymətlər günün istənilən saatında müşahidə olunmaqdadır. Sosial şəbəkə istifadəçilərinin reaksiyalarını nəzərə alsaq, yaxın müddətdə taksi sifarişlərindən istifadə edən müştərilərin sayı kəskin azalacaq.