Hər sözün ey alim, baş-ayağı var,
Sözün arasına söz qatma zinhar.
Sədi Şirazi
Bəşər övladı dünyaya göz açdığında artıq uca Tanrı ona fundamental (təbii) insani keyfiyyətləri ya bəxş etmiş olur, ya da etməmiş. Çünki fundamental insani keyfiyyətlər gendən, təbiətdən gələn təməl varlıqdır. Əlbəttə, yüksək keyfiyyətlər Allahın insan övladına lütfüdür. Bu yüksək keyfiyyətləri isə yalnız milli dəyanət tərbiyəsi ilə qorumaq və ucaltmaq mümkündür. Milli qürur tərbiyəsi isə birbaşa ailədə və məktəbdə aşılanır...
...Qədim Türk-Oğuz yurdu Dərələyəz mahalının Sust kəndində halal zəhməti ilə dolanan, yüksək mənəvi-əxlaqı dəyərləri ilə seçilən, gözü-könlü tox ailədə, nağıllarda deyildiyi kimi bir qız övladı doğuldu. Elin hörmətli, sayılıb-seçilən şəxslərindən olan Nağı kişi öz ömür-gün yoldaşı, hər barmağından bir mərifət yağan Nazlı xanımla birgə körpəyə Mahirə adını qoydular. Deyirlər, ad qeybdən gələn İlahi bir səsdir, sahibinə verilmək üçün əks-səda salır. Ərəbcədən adının mənası sərraf, məharətli, bacarıqlı, bilikli anlamında olan Mahirəyə, bəlkə də, təbii dəyərlər Tanrı tərəfindən elə ana bətnində olarkən bəxş edilibmiş. Kim bilir?
Hər addımda ailəsində müqəddəslik tərbiyəsi aşılanan bu qızcığaz da digər qardaş-bacıları kimi inam və iman sahibi kimi boya-başa çatmışdı. “Bir tikə çörəyin varsa, şükür et, artığını bölüş!”, “Nə qədər yüksəlsən də, heç kimə yuxarıdan-aşağı baxma!”, - ruhunda tərbiyə alan Mahirə xanım Nağı qızı şərəflə yaşamaqda olduğu ömür yolunda bu ənənələrə sadiq qaldı.
Filologiya elminə böyük töhfələr vermiş, Qərbi Azərbaycanın azman kişilərindən olan, el ağsaqqalı, professor Həsən Mirzənin həyat məktəbində şəxsiyyət, ziyalı, pedaqoq, alim kimi yetişən bu istedad sahibi hər zaman öz yoluna, həqiqətlərinə, adətinə, törəsinə, tərbiyəsinə səmimi və sədaqətli oldu. Ümummilli lider Heydər Əliyevin dövlətçilik ideyalarına sədaqət və ehtiram bu ailə və onun doğma ətrafında hər zaman milli prinsip olaraq qorunub, qorunur və qorunacaq.
Adətim üzrə gündəlik mütaliə vərdişimə uyğun olaraq, xüsusilə də bədii və poeziya ədəbiyyatına, sənətə vurğunluğumdan yana şair və yazıçıların əsərlərini daha çox oxuyub incələyirəm. Lap uşaqlıqdan dərk etmişəm ki, poeziya insan həyatına oxşayır, o, fizika və riyaziyyatla musiqi arasındakı səmərəli mübahisədən qaynaqlanır və formalaşır, eləcə də bunun sayəsində mənəvi zövq və həzz mənbəyinə çevrilir. Peşə etibarilə müəllim olduğuma görə də, həmişə ədəbiyyatı pedaqogikada tərbiyəvi əhəmiyyətə malik, üstün metod sayıram. Yaradıcılığında sentimental ruha yer verən şair və yazıçıları çox zaman anlaya bilmədiyimə görə, onları təqdir də etməmişəm. Lakin onu da bilirəm ki, hər bir şair və yazıçının yaradıcılığında sentimental motivlər, məqamlar mütləq mövcuddur. Şairə Mahirə Nağıqızının yaradıcılığında da bu hal xali deyildir. Amma Mahirə xanımda, onun poeziyasında sentimental duyğu fərdi formada deyil, ümummilli ruhun içərisindədir. Yəni, Mahirə Nağıqızı xalqın ağrı-acısını, müsibətlərini, faciələrini, yurd nisgilini duyğusallığı ilə ruhuna çəkərək Vətən sevgisi, qeyrəti ilə milli-mənəvi ruhu sağaltmaq naminə dağlara, daşlara, çaylara, çiçəklərə ünvanlı sözləri öz şeirlərində ustalıq və peşəkarlıqla elə yoğurub yapır ki, sanki vətənin yaralarını sağaltmaq üçün məlhəm hazırlayır. Yəni, onun şeirlərində, adətən çarəsiz dərd yoxdur. Dərd semantikasına görə, onun bu qəbildən olan şeirləri poetik kanonlarla, bəşəri bədii normativlərlə səsləşir. Bunlar gözəl, professional aforizm səviyyəsindədir. Mahirə xanımın bəhs etdiyimiz şeirləri bir mənəvi sərvət kimi, xalqımızın əqli-hissi istifadəsinə yarayır, eyni zamanda ədəbi ünsiyyətin kütləviləşməsinə təsir göstərir.
Misal üçün, şairənin “Ana torpaq” şeirində bu məqamı daha bariz şəkildə görmək olar:
Sən böyütdün layla-layla,
Beşiyimiz qara torpaq.
Çölün binəm, dağın yayla,
Ev- eşiymiz qara torpaq.
Al bayrağım sərkərimiz,
Dağın-daşın əsgərimiz.
Sinən oldu səngərimiz,
Keşiyimiz, qara torpaq.
Oğlunun tək təmannası,
Düşmənindən bac alması.
Dərdlərinin sağalması,
Murazımız, qara torpaq.
Şuşada çatılsın ocaq,
Kəlbəcər açacaq qucaq,
Laçın-Qubadlı olacaq
Güzarımız, qara torpaq.
Yolum üstə duman, çisək,
Kürəyimə əlini çək.
Qaldıq vətən-dedik, ölsək,
Məzarımız, qara torpaq.
Ana Vətən konseptr çox gözəl kod yaradır. Bu fikri şeirə çevirməyin özünəməxsus çətinlikləri var. Mahirə xanımın düşüncəsində bu poetik konseptr hərəkətə gəlir, bədii məzmun cazibəli fona çevrilir: murazımız, güzarımız, məzarımız, qara torpaq!
Mahirə Nağıqızı xarakter etibarı ilə olduqca həssas və duyğusal insandır. Şairə bilir ki, ürəkdən gəlməyən söz onu oxuyanları, sevənləri incidər. Ona görə də, daim həyata nikbin baxmağı sevər, əsasən də insanların mənəvi saflığına, onların yaradıcı imkanlarının İlahi qüdrətdən doğulduğuna inandığı üçün həmişə onlara yol açmaqda kömək edər, yardımçı olar. Onun fikrinə görə, hər bir azərbaycanlı şair və yazıçı üçün insan zəhmətini, vətən sevgisini, yurd həsrətini, gözəllik vəsfini, qəhrəmanlıq nümunələrini ən gözəl formada yaratmaq onların ümdə vəzifəsidir. Təbii ki, bu vəzifə çətin, lakin olduqca şərəflidir. Məhz bu keyfiyyətlərə malik olduğu üçün Mahirə xanım daimşeirin çətin yolunu şərəflə, ləyaqətlə və örnək olaraq addımlayır.
Bədii ədəbiyyatdan az-çox məlumatı olan istənilən şəxs Mahirə xanımın poeziya yaradıcılığı ilə tanış olduqca görür ki, şairə sözün məqamında, yerində işlədilməsinin əvəzedilməz ustasıdır. Şairə zəngin həyat müşahidələrini ümumiləşdirə bilir, bədii sənətin dili ilə cəmiyyətə davamlı olaraq faydalı söz deməyə can atır, poetik lövhələr verir. Mənə elə gəlir ki, bir alim kimi onu şeirə vadar edən ən böyük təkan məhz oxuculara bol-bol ibrətli söz çatdırmaq ehtiyacıdır. Şeirdə fikirləri yığcam yazmağı bacardığı kimi, həyat hadisələrinə estetik münasibəti və bənzətmələri də, dərin məzmunda, həm də axıcılıqla verməyi mükəmməl bacarır. Bu nadir poeziya üslubu hər şairə nəsib olan istedad deyil. Şeiriyyəti təmin edən sirli nöqtələr elə budur. Şairənin bənzətmələri, həm sosial semantikası, həm də qeyri-adiliyi və təbiiliyi ilə diqqəti çəkir.
Bəzən Mahirə Nağıqızının 3-4 bəndlik şeirini oxuyanda sanki böyük bir poemanı əhatə edəcək məlumat zənginliyi ilə qarşılaşırıq. Təbii ki, bu da şairin geniş dünyagörüşünə sahib, həssas müşahidələrə malik olmasından irəli gəlir.
Mahirə xanımın yaradıcılığında bir şeirin digərinə bənzərlik elementlərinəçox az, nadir hallarda rast gəlinir. Çünki o, həmişə hər bir mövzuya uyğun şəkildə bədii ifadə və tərənnüm vasitələri düşünüb tapır və hər bir şeirində oxucu ilə İlahidən bəxş edilmiş yeni sözlərlə görüşə gələrək oxucunu düşündürməyi və sevindirməyi bacarır. Söz ustadı olmaq İlahinin bəxşidir. Söz istedadı alimə bəxş olunanda onların muncuq kimi düzülüb yaratdığı bənd və beytlər insan düşüncəsinə aydınlıq yolu göstərir.
Böyük Sədi yazır:
Hər sözün ey alim, baş-ayağı var,
Sözün arasına söz qatma zinhar.
Ağıllı sakitlik görməsə bir an,
Dil açıb bir söz də söyləməz insan.
Bəli, Mahirə xanım söz sərrafıdır. Şairənin söz səltənəti həm də ona görə qüvvətlidir ki, şairənin yaradıcılığında alim təfəkkürü ilə poeziya səltənətinin sintezi var. Xüsusi olaraq qeyd edim ki, Mahirə xanımı həmmüasirlərindən fərqləndirən cəhətlərdən biri də yuxarıda qeyd etdiyim kimi onun nikbinliyidir. Bu nikbinlik içərisində cəmiyyəti düşünən, sosial həyata fəal müdaxilə edən şairənin qayğıkeşlik, humanistlik portreti canlanır. Həm də onun yaradıcılığı içərisində yer alan kədər, dərd, həsrət, nisgil sətir və beytlərdə elə mükəmməl şəkildə əridilir ki, şeir insanı ağlatmır, əksinə, onu mübarizəyə, inama, imana çağırır. Amma burada hissi tərənnüm əqli ümumiləşdirməyə yuxarıdan baxır. Doğrudur bu zaman ictimai məzmun həcm etibarilə böyük yer tutur, ancaq ifadə tərzində Mahirə xanımın (məhz dilçi olduğundan) lirik düşüncəsinin mühüm forması olan dil materialı üstünlük təşkil edir. Haqlı olaraq tənqidçi, ədəbiyyatşünas alim Rüstəm Kamal şairə Mahirə Nağıqızının yaradıcılığını təhlil edərkən onu payız fəsli ilə eyniləşdirmişdir.Bu fəsildə insanın enerjisi çoxalır, eyni zamanda yazılan əsərlərin effekti yüksəlir, ən vacib elmi-bədii mətləbləri ifadə edən şəxslər, nəzərə çadtdırılması zərurəti olan çalarlar qabarıqlaşır. Xüsusilə də, aktuallaşma meyli güclənir.
Mahirə Hüseynovaya uca Tanrı böyük istedadla yanaşı peşə və sənət xüsusiyyətlərindən doğan üstünlüklər də bəxş etmişdir. Mahirə xanım alim, müəllim, həm də istedadlı şairə olduğuna görə Azərbaycan dilində ədəbi dillə bədii dilin xüsusiyyətlərini, onların sərhədlərini, işlənmə məqamlarını, üslub maneralarını yaxşı bildiyi üçün onun yaradıcılığındakı peşəkarlıq daha dolğun və parlaq görünür.
Professor Mahirə xanım Hüseynovanın bioqrafiyası, həmçinin dilçi-türkoloq alim kimi də çox zəngin və rəngarəngdir. Alimin istər fəlsəfə doktorluğu, istərsə də elmlər doktorluğu dissertasiya işləri uzaq keçmişlərdən günümüzədək gəlib çıxmış ulu ozan-aşıq yaradıcılığının dərin tədqiqinə həsr olunmuşdur. Yorulmadan elmi-tədqiqat işləri ilə indi də məşğuldur. Türk dünyasında istinad edilən biri-birindən sanballı məqalə və kitabları ilə elmimiz qarşısındakı sahəvi problematikanın həlli istiqamətində böyük töhfələr verməkdədir. Eyni zamanda, dilçilik üzrə tədqiqat işləri aparan neçə-neçə doktorant və dissertantlara elmi rəhbərlik və məsləhətçilik edir. Həmçinin, Mahirə xanım elm, təhsil təşkilatçısı kimi də böyük milli layihələrə imza atıb. Tanınmış alimin rəhbərliyi altında səviyyəli elmi-nəzəri bazaya malik bir neçə beynəlxalq elmi jurnal da çap olunur. Təşkil etdiyi seminar və konfranslarda türk dünyasının ünlü alimləri ortaq dil, əlifba, imla və s. problemlərin həlli istiqamətində bir araya gələrək fundamental elmi-tədqiqat işləri həyata keçirirlər.
Həmçinin, elmi ictimaiyyət professor Mahirə xanım Hüseynovanı elmimizi, yad təsirlərdən, saxta tədqiqatlardan, zərərli yanaşmalardan qoruyan ziyalılar sırasında seçilən alim kimi də tanıyır və bu sahədəki prinsipiallığına görə, ona böyük rəğbət göstərir. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının filologiya və pedaqogika elm sahələri üzrə Ekspert Şurasının sədri kimi ağır və məsuliyyətli işi də öz zərif çiyinləri üzərinə götürən professor Mahirə xanım Hüseynova son illər əldə edilən elmi tərəqqinin tələbləri ilə uyğunlaşa bilməyən, nəzəri və praktiki səviyyəsini yüksəltməyən, köhnə xidmətləri ilə kifayətlənərək yeniliklərə maneçilik törədən insanları tənqid edərək onları ciddi tədqiqatlarla məşğul olmağa məcbur edir desək, yanılmarıq. Ən əsası isə alim adına, elmə uyğun olmayan işlərə meydan verməyərək onları geri qaytararaq, daha dolğun və vacib istiqamətlər üzrə tədqiqat aparmalarını tövsiyə edir.
Bəli, dəyərli oxucu, göründüyü kimi fəaliyyət və yaradıcılığı vüsət əhəmiyyətli olan professor Mahirə xanım Hüseynovanın dərin mənalı həyat və fəaliyyəti, gördüyü məqsədyönlü işlər çoxşaxəliliyi ilə seçilir. Ona görə də onun özü haqqında və gördüyü işlər haqqında biri-birindən maraqlı məqalələr yazmaq olar. Təbii ki, Mahirə xanım bütün bu işləri vətən və xalqı qarşısındakı missiyası olaraq dayanmadan, sevə-sevə yerinə yetirir, hətta bəzən Tanrı əmanəti olan şirin canının sağlamlığını düşünmədən belə. Bu həyat və mənalı fəaliyyət yolu artıq onun barışdığı alın yazısı olan taledir. Çünki o, həqiqətlərə və dəyərlərə ömür boyu sadiq qalan insandır.
Bu yerdə mən də müfəssəl yazımı müxtəsər edib nəzzam şəxsiyyətin ömür yolunda qazandığı heyrətamiz uğurların daha da parlaq olmasını böyük Allahdan diləyirəm. Güclü bədii və elmi potensialı olan Mahirə xanımı növbəti doğum gününün tamam olması münasibətilə səmimi qəlbdən təbrik edir, ona can sağlığı, uzun ömür arzulayıram. Qarşıdakı doğum illərini, yubileylərini doğulduğu Dərələyəz mahalının Sust kəndində keçirməyimizi Allah nəsibimiz etsin.
P.S. Professor Mahirə Nağıqızının Beynəlxalq Muğam Mərkəzində keçirilən yaradıcılıq gecəsində ifadə etdiyi "Qərbi Azərbaycan İcmasının üzvü olaraq, Qərbi Azərbaycana qayıdana qədər Ali Baş Komandanımızın rəhbərliyi ilə bu istiqamətdə yazıb-yaradacaq, tədqiqatlar aparacaq və sonrakı nəsillərin maariflənməsi üçün əlimdən gələni əsirgəməyəcəyəm. Bu missiyanı şərəflə və daha böyük məsuliyyətlə daşımaq borcumdur”, -fikir bir daha təsdiq etdi ki, Vətənə və xalqa xidmət şairənin həyat amalıdır.
Dərin hörmət və ehtiramla
ADPU-nun Quba filialının direktoru,
Fizika elmləri doktoru, dosent Yusif Alıyev