Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov COP29 hazırlıqlarının gedişində Hökumət evinin qarşısındakı "Azadlıq" meydanında "Formula 1"ə aid tikili və qurğuların sökülməsi və meydanın açılması ilə əlaqədar müxalifətin “mitinq” mesajına münasibət bildirib.
S.Novruzov Pravda.az-a açıqlamasında deyib ki, "Azadlıq" meydanının açılmas rəsmi dövlət tədbirlərinin keçirilməsi ilə əlaqədardır və bu haqda Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamı var.
Komitə sədri bildirib ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna uyğun olaraq, kimsə hər hansı torplaşmaq azadlığını yerinə yetirmək istəyirsə, bunun üçün şəhərin 12 rayonunun hər birinin ərazisində müvafiq yerlər ayrılıb: “Sərbəst toplaşmaq istəyənlər əvvəlcədən bu barədə şəhər icra hakimiyyətinə məlumat verirlər, qurum da torplaşmaq istədikləri ərazidə ayrılan müvafiq yerləri onlara təklif edir. Bu gün Azərbaycanda sərbəst toplaşmaq üçün tam normal şərait yaradılıb. Bütün meydançalar, parklar - hər biri abadlaşdırılıb. Getsinlər, həmin ərazilərdə toplaşsınlar, görək neçə nəfər toplaya bilirlər? Mitinqlərinə neçə nəfər gələcək? Adətən imkanlı adamın yas yerinə bunların mitinqə topladıqlarından 3 dəfə çox adam gəlir. Təbii ki, hansısa tədbir keçirmək istəyirlərsə, bunun təhlükəsizliyi dövlətin üzərindədir. Dövlət zəhmət, əziyyət çəkir. Görmüşük ki, zalı, qapalı məkanları heç yarısına qədər tərəfdarları ilə doldura bilmirlər. Bilirsiniz ki, siyasi partiyalar üçün qapalı məkanlar da ayrılıb, bütün partiyalara bərabər şərait yaradılıb. İstənilən tədbirlərini keçirə bilirlər. Yenə də deyirəm, yoxlasınlar. Əgər mitinq üçün ayrılan əraziyə sığmasalar, daha böyük yer istəsinlər. Ora da sığmasalar, ondan da böyük yer istəsinlər. COP29 qabağı bunlar nə bacarırlar, nə mümkündürsə, hər cür addımı atacaqlar. Bilirik, artıq dəfələrlə görmüşük. Anti-milli, Azərbaycanı istəməyən qüvvələr, Azərbaycanın daxilində xaricdən maliyyələşən, qrant alan, xarici kəşfiyyat orqanlarına, ayrı-ayrı dövlətlərə qulluq edən siyasi partiyalar, QHT-lər, mətbuat orqanları var. Anti-Azərbaycan qüvvələr Azərbaycanda Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avroviziya müsabiqəsi və digər bütün mötəbər tədbirlər keçiriləndə də nə mümkündürsə, hər bir oyundan çıxdılar. Xaricdə oturan bloqerlər guya sığınacaq alıblar, “fəaliyyət göstərirlər”. Hamısı eyni mərkəzdən, erməni maliyyəsi ilə idarə olunan insanlardır. Avroviziya vaxtı Əhmədlidə küçəyə kimsə zibil atmışdı, bunlar onu xaricilərə göstərirdilər. Təsəvvür edirsiniz, Əhmədlidə! Bu cür düşüncə tərzi olan, ölkəsini bu cür “təbliğ edən” adamlardan, Əli Kərimlidən, onun ətrafındakılardan, “Anti-Milli Şura”dan nə gözləyəsən? Maksimum dərəcədə çalışacaqlar ki, Azərbaycan haqqında hansısa mənfi rəy formalaşdırsınlar, çünki tapşırıq var”.