AZ

Azərbaycanın informasiya SAVAŞINA XİDMƏT: Səsimiz beynəlxalq miqyasda EŞİDİLƏCƏK

Bu gündən Azərbaycanda ANEWZ adlı yeni telekanal fəaliyyətə başlayır. Tanınmış jurnalist Rüfət Həmzəyevin rəhbərlik etdiyi ANEWZ beynəlxalq kanaldır və yayım ingilis dilindədir, burada qlobal xəbər və analitika sahəsində alternativ baxış təqdim ediləcək.

Həftənin 7 günü, 24 saatlıq efir yayımında – Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərq regionunun xəbərləri yer alacaq. 12-dən çox ölkədə təmsilçisi ilə 110-dan çox ölkəyə yayımlanacaq ANEWZ peyk, rəqəmsal, sosial media kanalları vasitəsi ilə izlənilə bilər.

Azərbaycanda belə bir televiziya kanalının fəaliyyətə başlamasının əhəmiyyəti barədə fikirlərini Medianews.az-a bölüşən Milli Məclisin deputatı, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib ki, yeni televiziya kanalının yaradılmasını, əhatəsinə xarici dil bilgisi olan jurnalist kadrları cəlb etməsini yüksək qiymətləndirib. Bildirib ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması nöqteyi-nəzərindən bu, olduqca mühüm addımdır: “Yeni televiziya Azərbaycan reallıqlarını dünyaya çatdırmaq üçün böyük informasiya mərkəzidir, resursdur. Televiziyaya tanınmış jurnalist Rüfət Həmzəyevin rəhbər təyin olunması, ətrafına özü kimi peşəkar həmkarlarını toplaması, əcnəbi dillərdə, xüsusən də ingilis dilində fəaliyyət ortaya qoymaları olduqca müsbət haldır. Bu gün bizim jurnalistikanın ən böyük problemlərindən biri xarici dilləri peşəkar səviyyədə bilən, bu dillərdə informasiya yayımında fəal iştirak edən kadrların az olmasıdır. Hadisəyə bu prizmadan yanaşanda da ingilis dilli yeni televiziya kanalının açılması müsbət haldır. İnanıram ki, bu televiziya kanalı öz fəaliyyəti ilə Azərbaycanda ingilisdilli jurnalistikanın inkişafına da öz töhfəsini verəcəkdir. Bu mənada yeni televiziyanın üzərinə böyük məsuliyyət, şərəfli bir vəzifə düşür. Yeni televiziyada çalışacaq texniki və yaradıcı heyəti təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayıram”.

Azərbaycan Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid ANEWZ telekanalının fəaliyyət başlamasını yüksək qiymətləndirib. Onun sözlərinə görə, ingilis dilli bu telekanal xarici dildə həqiqətlərimizi dünyaya çatdırmaqla yanaşı, Azərbaycan əleyhinə informasiya müharibəsinin də qarşısını ala biləcək: “Belə bir televiziyanın yaradılacağı barədə əvvəllər də məlumat yayılmışdı. Bizim həmkarımız Rüfət Həmzəyevin telekanala rəhbərlik etməsi çox müsbət haldır. Biz beynəlxalq səviyyəli forumlarda, ingilis dilli tədbirlərdə moderator, aparıcı kimi onun peşəkar fəaliyyətini müşahidə etmişik. Onun Azərbaycan televiziyasındakı fəaliyyəti ilə də tanışıq. Mənim bildiyimə görə, çox yaxşı, yüksək səviyyəli komanda formalaşıb. Hərdən xaricdə olarkən Orta Asiya dövlətlərinin, bizə dost ölkələrin belə ingilis dilində kanallarını gördükdə bir az ürəyimdə narahatlıq keçirirdim ki, niyə bizdə də belə bir televiziya kanalı yoxdur. Çox yaxşı ki, indi bu səviyyədə bir televiziya kanalı yaranıb. Eyni zamanda bilirsiniz ki, hazırda Azərbaycana qarşı informasiya müharibəsi gedir. Cənab Prezident bu məsələni milli təhlükəsizlik məsələsi adlandıraraq, vaxtında saxta xəbərlərə, informasiyalara qarşı mübarizə aparmağı tövsiyə edib. Elə bilirəm ki, belə bir ingilis dilli kanalın yaranması, xarici dillərdə həqiqətlərimizin dünyaya çatdırılması ilə Azərbaycan əleyhinə olan informasiya müharibəsinin də qarşısını ala biləcəyik”.

Telejurnalist, “Visiontv.az” saytının baş redaktoru Şöhrət Eldəniz  Medianews.az-a deyib ki, ANEWZ beynəlxalq televiziya kanalı Azərbaycanın informasiya savaşına xidmət edəcək: “Təbii ki, telekanal transmilli media qurumları ilə mübarizədə və rəqabətdə ciddi addımlar atmalı, peşəkar və tanınmış mütəxəssislər cəlb etməli, beynəlxalq auditoriyanın diqqətini qazanmaq üçün yeni trendlər tətbiq etməlidir. Bu gün cəlbedici informasiya istehsal etmək, oxutdurmaq, satmaq çox çətindir. Bunu beynəlxalq auditoriya üçün etmək isə daha da çətin olacaq. Amma əminəm ki, AZTV-də yenilikçi və peşəkar layihələri ilə uğur qazana bilən Rüfət Həmzəyev belə bir ağır layihənin də öhdəsindən gələ biləcək. Və “bizim səsimiz, sözümüz, simamız niyə beynəlxalq miqyasda eşidilmir, görünmür” kimi iradlar daha səsləndirməyəcəyik. Həmkarlarımız çətin və məsuliyyətli bir işin qulpundan yapışıblar. Qalır yükü qaldırmaq. Fikirləşirəm ki, bu ağırlığa qulp da dözəcək, həmkarlarımın biləkləri də”.

Siyasi şərhçi Azər Həsrət də Medianews.az-a açıqlamasında vurğulayıb ki, ingilis dilində, qlobal səviyyədə yayımla məşğul olacaq ANEWZ beynəlxalq televiziya kanalının fəaliyyəti ancaq təqdir oluna bilər. Onun qənaətincə, belə bir media resursu bizə hava və su kimi lazımdır: “Düzdür, bir müddət öncə CBC TV bu iddia ilə yayıma başlamışdı. Orada ingilis, rus və erməni dillərində verilişlər efirə gedirdi. Lakin sonradan müəyyən dəyişikliklər edildi və telekanal yalnız rus dilində yayımlanmağa başladı. Əlbəttə ki, bizə rusdilli yayım da lazımdır. Bunu inkar edə bilmərik. Azərbaycan Rusiya imperiyasının işğalı altında olmuş böyük coğrafiyanın bir parçasıdır. Özümüzü bu coğrafiyaya rus dilində anlatmağa hələ də ehtiyac var. Bu baxımdan CBC üzərinə düşən vəzifəni uğurla həyata keçirir. ANEWZ telekanalının fəaliyyətə başlaması, sırf ingilis dilində yayıma başlaması isə bu sahədə mövcud boşluğu doldurur. Baxmayaraq ki, bizim ingilis dilində fəaliyyət göstərən media resurslarımız var, amma onlar televiziya qədər effektli deyil. Bu amili nəzərə alaraq yeni telekanalın yaranmasını təqdir edirəm. Yəqin ki, ingilisdilli kanalın işinin təşkili üçün gərəkli sayda ekspertlər, jurnalistlər, media təmsilçiləri yoxdur. Ona görə də yeni telekanal rəhbərliyi ingilisdilli kəsimi ciddi səfərbər etməlidir. İşçilərin, əməkdaşların cəlb edilməsində ciddi çətinlik olmayacaq. Amma ekspertlərlə bağlı məsələdə problemlər az deyil. Yaxşı olardı ki, onlar ingilisdilli ekspertlərin bazasını mümkün qədər toplayıb əl altında tutsunlar, lazım olduğu halda onlara müraciət edə bilsinlər. Özəlliklə də ekspertlərin, şərhçilərin beynəlxalq məsələlərlə bağlı şərhləri çox gərəkli olacaq. Beynəlxalq prosesləri yaxından izləyən mütəxəssislərin sayı o qədər də çox deyil. İrəlidə bizi çox böyük işlər gözləyir. Azərbaycan bu telekanal vasitəsilə qlobal səviyyədə böyük işlər görə bilər. Hamımız bu işə səfərbər olmalı, kimin nəyə gücü çatırsa öz töhfəsini əsirgəməməlidir”.

Ərtürk İSMAYIL

Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi” mövzusunda hazırlanıb.

Seçilən
35
medianews.az

1Mənbələr