AZ

AYNA Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib

Yol infrastrukturunun qorunması, yolların istismar müddətinin uzadılması və təhlükəsizlik tələblərin təmin edilməsi istiqamətində inovativ texnologiyaların tətbiqini daima nəzarətdə saxlayan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinə mediatur təşkil edib.

AZƏRTAC xəbər verir ki, kütləvi informasiya vasitələrinin nümayəndələrinə paytaxtın Qaradağ rayonunda quraşdırılan elektron tərəzilərin iş prinsipi və mərkəzin fəaliyyəti barədə ətraflı məlumat verilib.

AYNA tərəfindən yaradılan Elektron Tərəzilərin Vahid Monitorinq Mərkəzinin fəaliyyəti iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrlərinə nəzarət məqsədi daşıyır. Monitorinq mərkəzi elektron tərəzilərdən əldə olunan məlumatları toplayır, emal edir və qanunvericiliklə nəzərdə tutulan qaydada istifadə edir.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İnformasiya Sisteminə inteqrasiya olunmuş mərkəz, iriqabaritli nəqliyyat vasitələrinin qanun pozuntularını aşkar etməyə imkan verir. Media nümayəndələri elektron tərəzilərin texniki göstəriciləri ilə tanış olmaq üçün Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun 47,9-cu kilometrindəki məntəqəyə səfər ediblər.

Qeyd edək ki, yeni texnologiyaların tətbiqi yol infrastrukturunun qorunması və təhlükəsizlik tələblərinin təmin edilməsinə yönəlib. Ümumilikdə 31 yerdə 51 tərəzinin quraşdırılması planlaşdırılır. Artıq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda ümumilikdə 6 elektron tərəzi quraşdırılıb, digər məntəqələrdə işlər davam edir.

Qanunvericiliyə əsasən, icazə verilən qabarit parametrlərini aşan nəqliyyat vasitələri foto və video qeydiyyat vasitələri ilə aşkar edilərək, mərkəzi informasiya sisteminə məlumat ötürülür. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, cərimələr 200 manatdan 7000 manatadək nəzərdə tutulub.

Seçilən
18
6
yeniazerbaycan.com

7Mənbələr