AZ

Bu ərazilərdə qaz limiti ləğv olunacaq? - AÇIQLANDI

Bu gün Milli Məclisdə keçirilən plenar iclasda deputat Əli Məsimli dağ kəndlərində qaz limitinin aradan qaldırılmasını təklif edib. Məsimli dağ kəndlərində soyuq havaların daha uzun müddət davam etdiyini və kənd əhalisinin bu dövrdə qazdan daha çox istifadə etdiyini vurğulayıb.

Deputat qeyd edib ki, hazırda qazın bir kubuna görə 25 qəpikdən az ödəyənlərin sayı azdır və onların böyük əksəriyyəti dağ kəndlərində yaşayır. O, həmçinin qaz limitinin qaldırılmasının dövlət üçün böyük maliyyə yükü yaratmayacağını və bu addımın vətəndaş məmnuniyyətinə səbəb olacağını bildirib. O, əvvəlcə bu dəyişikliklərin dağ kəndlərində tətbiq edilməsini, daha sonra isə ölkə üzrə genişləndirilməsini təklif edib.

Bəs dağ kəndlərində və ya rayonlarında qaz limitinin aradan qaldırılması mümkündürmü?

Məsələ ilə bağlı Real partiyasının sədri, iqtisadçı-ekspert Natiq Cəfərli Ajans.az-a bildirib ki, qaz limiti nəinki dağ kəndlərində, hətta ümumi ölkə ərazisində ləğv olunmalıdır:

"Azərbaycan neft qaz ölkəsidir. Biz qazı xaricdən almırıq, özümüz istehsal edirik. O zaman qaz və elektrik enerjisinə limit təyin edərkən, Nazirlər Kabineti bildirmişdi ki, bunu qənaət məqsədilə edirik. Amma bu  bir az məntiqdən uzaq açıqlamadır. Ona görə də, Azərbaycanda elektrik enerjisinə də, təbii qaza da olan limitlər ləğv olunmalıdır. Azərbaycanda elektrik enerjisi və qazın qiyməti maya dəyərinə görə formalaşmalıdır".

 

İqtisadçı qeyd edib ki, bu sahələr nə zaman özəlləşdirilərsə, o zaman limit qoyula bilər. 

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Ajans.az-a bildirib ki, vətəndaşların yaşadığı ərazidən asılı olmayaraq qaz limitin görə aralarında fərq qoyulması düzgün deyil:

“Bakı kəndlərində yaşayan vətəndaşlar var ki, onlar da oktyabrın əvvəllərindən başlayaraq kompi və qaz təchizatını yandırmağa başlayıb. Ərazilərə görə insanları fərqləndirmək, məncə, düzgün yanaşma deyil. Əksinə vətəndaşların sosial müavinət xərclərini artırmaq lazımdır ki, onlar pulu nə cür xərcləyəcəyini özləri bilsin. İnsanların çoxsu qiymət limitlənməsini doğru hesab etmir, amma əslində bu, məncə, düzgündür. Çünki az istifadə edən az qiymətlə ödəyir, çox istifadə edən limitdən sonra daha yüksək ödəyir”.

İqtisadçı qeyd edib ki, limitin aradan qaldırılması ilə qaz istifadəsinin artması infrastrukturda əlavə yüklənməyə səbəb ola bilər. Onun sözlərinə görə, dağ kəndlərində qaz xəttləri və digər texniki infrastruktura əlavə yatırım tələb oluna bilər:

 

“Limtin ləğv olunması o demək deyil ki, qiymətlər enəcək. Xeyr, limit ləğv olunarsa orta qiymət çıxarılacaq. Tutaq ki, 17-18 qəpik aralığında təyin olunacaq. Belə çıxır ki, evinin həcmi 500 kvadrat olan da 18 qəpik ödəyəcək, 35 kvadratlıq olan da 18 qəpik ödəyəcək. Bunun özü də ədalətsizlik yaradacaq. Hazırki qiymət intervalı həm sosial cəhətdən ədalətlidir, həm də qənaətcilliyə səbəb olur”.

Xalid Kərimli əlavə edib ki, əgər dağ kəndlərində yaşayan insanların xərci çoxdursa, o zaman onların ünvanlı sosial yardımı hesablanan zaman onlara daha çox müavinət ayrılmalıdır.

Seçilən
39
bakuinfo.net

1Mənbələr