AZ

Azərbaycan COP29-un sədri kimi müasir “yaşıl enerji” diplomatiyası modelini hazırlayır

XXI əsrdə dünya ölkələrinin çətin sınaqlarla üz-üzə qaldığı ən böyük problemlərdən biri qlobal istiləşmə və kəskin iqlim dəyişiklikləridir. Qlobal iqlim dəyişmələrinə səbəb olan qalıq yanacaqlar dünyada istixana qazı emissiyalarının 75 faizindən çoxunu, karbon qazı tullantısının isə təxminən 90 faizini təşkil edir.

Bu isə nəinki insanların, yer kürəsindəki bütün canlıların həyatı üçün risklər yaradır. Son illərdə isə daha da artan iqlim təhdidləri dünya ölkələrinin sosial-ekoloji mühitinə böyük itkilər vurmaqla yanaşı, həm də iqtisadi inkişaf imkanlarını daraldır, qlobal ÜDM-in azalmasına gətirib çıxarır. Hesablamalara görə, ətraf mühitə buraxılan tullantıların və karbon emissiyasının yaratdığı ekoloji zərərlərin dəyəri illik dünya üzrə 8 trilyon dollardan çoxdur. BMT-nin 9 avqust 2021-ci ildə təqdim etdiyi hesabata əsasən, ekoloji problemlərin yaxın onilliklərdə artacağı, kənd təsərrüfatı, iqtisadiyyat, səhiyyə və digər sahələrə mənfi təsirlərinin dərin xarakter alacağı ehtimal olunur. Bu baxımdan ekoloji fəsadların qarşısını almaq və təsirli mübarizə tədbirləri həyata keçirmək bütün ölkələrin milli təhlükəsizlik strategiyasının mühüm hissəsinə çevrilib.

Azərbaycan da beynəlxalq səviyyədə iqlim çağırışlarına xüsusi diqqət yetirərək ekoloji proqram və konvensiyaların tələblərinə məsuliyyətlə yanaşır. BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasına qoşulmuş ölkəmiz istilik effekti yaradan qaz tullantılarının azaldılması ilə bağlı öhdəliklərə qoşularaq bu istiqamətdə ilk Milli fəaliyyət planını hazırlayıb, habelə Kioto Protokolunu təsdiq edib. Həmçinin, respublikamız Çərçivə Konvensiyasına əlavə olan Paris Sazişini 2016-cı ildə imzalayaraq ratifikasiya edən ilk ölkələrdən biridir. Azərbaycanın iqlim dəyişikliyi ilə bağlı hazırladığı Milli hesabat, eləcə də 2019-cu ildə BMT-nin Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumunda təqdim etdiyi ikinci Milli hesabat sənədi beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müsbət qiymətləndirilib. Ölkəmiz “Dayanıqlı İnkişaf Məqsədləri-2030” gündəliyindən irəli gələn prinsiplərə sadiqliyini elan edərək 2021-ci ilin noyabr ayında Qlazqo şəhərində keçirilmiş BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) öz ekoloji niyyətlərini bəyan edib, 2050-ci ilə qədər istixana qazı emissiyalarının 40 faizə qədər azaldılacağına dair öhdəlik götürüb.

Azərbaycan Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədi həmin qlobal öhdəliklərin yerinə yetirilməsi üçün fundamental hüquqi bazadır və sənəddə çoxplanlı tədbirlər müəyyən edilib. Həmçinin, “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təmiz ətraf mühit konseptinə uyğun olaraq bərpaolunan enerji mənbələrindən istifadənin, bioenerji və geotermal enerjidən istifadə imkanlarının genişləndirilməsi və digər məqsədlər müəyyən edilib. Bütün bunlar, ölkəmizin qlobal iqlim dəyişiklikləri ilə mübarizədə dönməz və prinsipial niyyətini əks etidirir.

Azərbaycanın ekoloji mühitin sağlamlaşdırılması ilə bağlı bu təşəbbüskarlığı və bu istiqamətdə sarsılmaz iradəsi dünya birliyində məsuliyyətli və etibarlı dövlət imici qazandırıb, bu etimadın nümunəsi kimi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Zirvə sammitinin Bakıda keçirilməsinə yekdilliklə qərar verilib. Bu, beynəlxalq ictimaiyyətin Azərbaycanın gördüyü işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətinə verilən dəyərin və hörmətinin əlamətidir.

Azərbaycan COP29-a ev sahibliyini üzərinə götürdüyü ilk gündən başlayaraq özünün “yaşıl enerji” diplomatiyasını yürütməklə geniş həmrəylik platforması yaradıb. İndiyə qədər ölkəmiz tərəfindən dünya iqlim ailəsinə 14 əsas təşəbbüs irəli sürülüb və həmin təşəbbüslərin böyük əksəriyyəti üzrə praktiki işlərm icra olunub. Ötən müddət ərzində respublikamız təşkilatı işlərin böyük hissəsini yekunlaşdırıb, COP29 Sədrliyinin ofisi formalaşdırılıb, COP29 Azərbaycan Əməliyyat Şirkəti təsis edilib. Ölkəmiz, həmçinin rəsmi prosesə əlavə olaraq COP29 Fəaliyyət Proqramı çərçivəsində özünün yeni yanaşmalarını təqdim etməkdədir. Belə ki, iqlim dəyişiklikləri ilə mübarizədə beynəlxalq koalisiyanın əsas hədəflərindən biri olan iqlim maliyyələşdirilməsi məsələsi də COP29 sammitinə ev sahibliyi edən Azərbaycanın qətiyyəti sayəsində öz həllini tapıb. Azərbaycanın səyi ilə aparılan səmərəli danışıqlar və diplomatik uğurların nəticəsində iqlim maliyyəsi siyasətini koordinasiya edəcək beynəlxalq təsisatın - İtki və Zərərə cavab verən Fondun maliyyə büdcəsinin formalaşdırılması və maliyyələşdirmə səlahiyyətləri təmin edilib.

Azərbaycanın Sədrliyi dövründə şəffaflıq prinsipi mövzusu da həllini tapıb, məhz ölkəmizin iradəsi sayəsində İqlim Maliyyəsi üzrə Fəaliyyət Fondu (İMFF) yaradılıb, “Bakı Qlobal İqlim Şəffaflığı Platforma”sı təsis edilib və bununla dünya ölkələri üçün yeni qlobal iqlim maliyyəsi hədəfi müəyyənləşəcək. Fond iqlim maliyyəsində mövcud olan boşluqların aradan qaldırılmasında mühüm rol oynayacaq. Respublikamızın nail olduğu bu qlobal təşəbbüskarlığın nəticəsidir ki, beynəlxalq ekologiya ailəsi COP29-u “maliyyə COP-u” kimi də təqdim etməkdədir.

COP29 çərçivəsində ölkəmiz beynəlxalq və xarici şirkətlərlə bərpa olunan enerji mənbələrinin istehsalı və nəqli üzrə yeni əməkdaşlıq formatı da qurub. Cari ilin iyun ayında keçirilən Bakı Enerji Həftəsi çərçivəsində dünyanın ən nəhəng enerji şirkətlərindən biri olan Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkəti ilə 3 elektrik stansiyasının inşasını nəzərdə tutan ümumi sərmayə dəyəri 1 milyard dollar məbləğində müqavilələrin imzalanıb. Həmçinin, Səudiyyə Ərəbistanın “ACWA Power” şirkəti ilə SOCAR arasında Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb. Ötən ay SOCAR və bp arasında Cəbrayıl rayonunda “Şəfəq” layihəsinin icrasına dair sazişin, digər xarici şirkətlərlə də bərpa olunan enerji layihələri ilə bağlı əməkdaşlığa dair razılaşmaların əldə olunması COP29 ilində “yaşıl enerji” hərəkatının ən mühüm hadisələri hesab edilə bilər.

Şübhəsiz, COP29-un ölkəmizdə keçirilməsi bu prosesi daha da sürətləndirəcək, bərpa olunan enerji üzrə mütəxəssislərin “yaşıl enerji” ilə zəngin olan işğaldan azad edilmiş rayonlarda xarici şirkətlərin sərmayə qoyuluşlarında açar rolunu oynayacaq. Bu, həm də dövlət başçısının 2021-ci il 3 may tarixli sərəmcamına əsasən, “Yaşıl enerji Zonası” elan edilmiş azad ərazilərimizdə nəzərdə tutulan konsepsiyanın icrası üçün xarici tərəfdalıq koalisiyasını da formalaşdırmış olacaq. Təbii ki, Azərbaycanın indiyə qədər COP sammitlərinə Sədrlik etmiş digər ölkələrlə müqayisədə daha fəal və təşəbbüskarlığı, ortaya qoyduğu nümunə bəzi ölkələri, xüsusilə də ABŞ, Fransa, Niderland, Kanada və digər ermənipərəst dövlətləri, eləcə də erməni lobbisinin yuvasına çevrilmiş Avropa Parlamentini narahat edir. Dünyada insan haqlarını ayaq altına alan, demokratik dəyərlərə sayğı göstərməyən Qərb “PreCOP” günlərində ölkəmizdə insan haqları amilindən sui-istifadə edir, korrupsioner və cinayətkar erməni konqlomeratlarının hazırladığı ssenariyə uyğun hərəkət edir. Buna görə də, hər vəchlə Azərbaycana qarşı müxtəlif əsassız ittihamlar irəli sürülür, COP-dan siyasi məqsəd və çirkin fürsətlər kimi istifadə olunur, tədbiri gözdən salmağa çalışırlar.

Yeri gəlmişkən, COP29 tədbiri Ermənistanın işğal zamanı ərazilərimizdə həyata keçirdiyi ekoloji terror barədə məlumatların geniş auditoriyaya çatdırılması baxımdan əla fürsətdir və ABŞ-dakı erməni lobbisinin dərin təşvişi və sammit öncəsi bu cür təxribatlara böyük sərmayə ayırması anlaşılandır. Ermənilər və onların havadarları yaxşı başa düşürlər ki, COP29-un proqram və gündəliyinə uyğun olaraq xarici ölkələrin nümayəndələrinə işğaldan azad edilmiş ərazilərdə erməni vandalizminə məruz qalmış canlı nümunələr təqdim olunacaq. Bu baxımdam Ermənistanın “yaşıl soyqırım” siyasətinin ifşa ediləcəyi və bu talançılığa beynəlxalq hüquqi qiymət verilməsi üçün qlobal dəstəyin əldə ediləcəyini dərk edən erməni lobbisi və Qərbdəki dayaqları “önləyici addımlar” kimi bu cür böhtan və çirkin vasitələrə əl atırlar.

Əlbəttə, bu cür ucuz kampaniyaların ölkəmizə qarşı heç bir beynəlxalq təsiri və əhəmiyyəti mümkün deyil. Azərbaycan belə oyunlar, qarayaxma kampaniyaları və eyni tipli hallarla bir neçə illər öncə “Avroviziya” yarışması, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər tədbirlərə ev sahibliyi etdiyi ərəfələrdə də rastlaşıb. Respublikamız öz nümunəvi və peşəkar təşkilatçılığı, möhkəm intizamı və əsil həmrəylik istedadı ilə bütün beynəlxalq sammit və tədbirləri yüksək səviyyədə keçirərək dünyanın nüfuzlu təşkilatları tərəfindən mükafatlandırılırb. Ona görə də COP 29 iqlim sammitinin Azərbaycanın unikal bacarığı və qətiyyətli iradəsi ilə dünya iqlim ailəsinə örnək olacağı heç şübhə doğurmur.

Azərbaycan hökuməti özünün təmkinli, uzaqgörən və dərin əməkdaşlıq ruhuna uyğun siyasətini yürüdür, beynəlxalq birliklə enerjinin yeni gündəliyini müəyyən edir, o cümlədən ölkəmizdən enerji ehtiyacları daha da artan Avropa İttifaqı ilə yeni imkanları qiymətləndirir, “yaşıl enerji” layihələrinin gerçəkləşməsində fəal mövqe nümayiş etdirir, “yaşıl ixrac” kabelinin müəllifinə çevrilir. Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji”nin ötürülməsinə dair sazişin imzalanması və “Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin əsasının qoyulmasında da əsas təşəbbüskar ölkə Azərbaycandır.

Prezident İlham Əliyevin vurğuladığı kimi “Biz Avropaya digər enerji körpüsünü salmağa başlayırıq. Ölkəmiz Avropanın mühüm elektrik enerjisi, əsasən, “yaşıl enerji” təchizatçısına çevrilməyi planlaşdırır. Bu, bizim üçün misilsiz bir şansdır ki, ən yüksək liqaya daxil oluruq. Biz təkcə təşkilati baxımdan işlər görmürük, mahiyyət baxımından da təşəbbüslər irəli sürürük. Biz inkişaf etmiş ölkələrlə fəal şəkildə işləyirik. Biz Qlobal Cənub və Qlobal Şimal arasında körpülər qururuq”.

Göründüyü kimi Azərbaycan COP29 sammitinə daha məsuliyyətlə və layiqıli səviyyədə hazırlaşır. Bunu bir neçə gün əvvəl ölkəmizdə sammit öncəsi vəziyyətlə tanış olan BMT Baş katibinin müavini Əminə Ceyn Məhəmməd də bəyan edərək bildirdi ki, Azərbaycanın məsuliyyətli ölkə kimi üzərinə götürdüyü öhdəlikləri layiqincə yerinə yetirərək beynəlxalq iqlim çağırışları ilə bağlı ümumi razılaşmaların əldə olunmasına töhfə verir, nümunəvi modellərini təqdim edir. Bu, hələ ilkin qiymətdir, Azərbaycanın COP hərəkatında yaratdığı əsil yenilikləri isə dünya birliyi dünya birliyi noyabrda Bakıda şahid olacaq.

Samir VƏLİYEV

Milli Məclisin deputatı


Müəllif: Teleqraf.com
Seçilən
76
5
teleqraf.com

6Mənbələr