AZ

Ətraf mühit, sosial və korporativ idarəetmə üzrə milli standart qəbul olunub

"Bakı KOB evi"ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı ilə yeni qəbul edilmiş ekoloji, sosial və korporativ idarəetmə (ESG) üzrə milli standarta dair brifinq keçirilib.

seher.media xəbər verir ki, bu barədə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) baş direktoru İlham Bayramov və KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov ESG üzrə milli standartın məzmunu və biznes üçün faydası barədə media nümayəndələrinə ətraflı məlumat veriblər. Qeyd olunub ki, ESG üzrə milli standart KOBİA-nın təşəbbüsü ilə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) tövsiyələrinə əsasən hazırlanıb və bu yaxınlarda Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən qəbul olunub. "AZS IWA 48:2024 "Ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinin tətbiqi üzrə çərçivə" dövlət standartı müvafiq sahədə qəbul olunmuş ilk təcrübələrdən hesab edilir. Yeni dövlət standartı müəssisə və təşkilatlarda ESG prinsiplərini tətbiq etməklə müasir biznes mühitində dayanıqlı inkişafı dəstəkləmək və sosial məsuliyyəti təşviq etmək üçün çərçivə təqdim edir.

Beynəlxalq təcrübəyə əsaslanaraq hazırlanmış standartın məqsədi müəssisə və təşkilatlara ESG strategiyalarını formalaşdırmaqda və həyata keçirməkdə kömək etməkdir. Bu standartın tətbiqi dövlət və özəl sektorda dayanıqlı inkişafı dəstəkləməklə yanaşı, müştəri məmnuniyyətini artırmaq, riskləri azaltmaq və sosial məsuliyyətin artırılması baxımından müsbət təsir göstərəcək. Standartın tətbiqi könüllü xarakter daşıyır.

Bizneslərin ESG prinsiplərinə riayət etməsi biznes proseslərinin optimallaşmasına, istehsal xərclərinin azaldılmasına, rəqabət qabiliyyətinin yüksəldilməsinə, ixrac potensialının artırılmasına və xüsusilə, xarici investisiyaların cəlb edilməsinə imkan verir. İnvestorlar sərmayə ilə bağlı qərarlar verən zaman ESG prinsiplərinin tətbiq olunmasına üstünlük verirlər. Bu baxımdan, yəni standart ESG prinsiplərinin biznes proseslərində necə tətbiq edilə biləcəyi barədə biznesləri istiqamətləndirəcək və onlara hansı addımlar atmalı olduğunu göstərəcək.

Brifinqdə, həmçinin, ESG prinsiplərinin Azərbaycanda tətbiqi istiqamətində görülmüş işlər barədə də məlumat verilib. Bildirilib ki, ölkəmizdə ESG-nin daha geniş təşviqi, bu sahədə dövlət və özəl sektorun səylərinin birləşdirilməsi və konseptual baxışın formalaşdırılaraq həyata keçirilməsi məqsədilə 2022-ci ildə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın "Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət" işçi qrupunun tərkibində ESG üzrə altqrupu yaradılıb. Altqrupa KOBİA rəhbərlik edir. Altqrupun tərkibinə dövlət, özəl və ictimai sektoru təmsil edən 30-a yaxın qurum və təşkilatın nümayəndələri daxildir. Ötən dövrdə ESG sahəsində sistemli fəaliyyətin təmin edilməsi məqsədilə ölkəmizdə ortamüddətli dövr üçün Strateji Baxış sənədi formalaşdırılıb, ESG prinsiplərinin tətbiqinin stimullaşdırılması və təşviqi üzrə yol xəritələri təsdiq edilib. Bu yol xəritələri çərçivəsində ESG sahəsində ölkədə mövcud vəziyyət təhlil edilib, sorğu həyata keçirilib və beynəlxalq təcrübə öyrənilib. Bununla yanaşı, ESG-nin ayrı-ayrı elementləri ilə əlaqəli olan normativ hüquqi çərçivələr, mövcud olan və yeni tətbiq edilən norma və qaydalar nəzərdən keçirilib. Vurğulanıb ki, 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və COP29 kimi nüfuzlu tədbirin ölkəmizdə keçirilməsi ərəfəsində yeni qəbul olunmuş dövlət standartı ölkəmizdə ESG prinsiplərinin tətbiqinin genişləndirilməsinə mühüm təkan verəcəkdir.

Sonda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Seçilən
17
10
seher.media

10Mənbələr