AZ

“Şuşanı gördüm, elə bil oğlumu gördüm”- Şəhid Rəşad Mikayılzadənin atası...

Image

İlham Mikayılzadə: “Oğlum 2020-ci il noyabrın 9-da Şuşada öz komandirini xilas edərkən snayperə tuş gəlib şəhid olub”

Elə gün yoxdur ki, yollarını gözləməsinlər. Bəzən  Tanrıdan möcüzə umub deyir ki, ilahi, möcüzə göstər, balamın üzünü bircə dəfə görüm, ona toxunum, saçına sığal çəkim, qoxlayım, oxşayım. Əllərini qeyri-ixtiyari havaya uzadırlar, elə güman edirlər ki, əlləri balalarına toxunacaq, xəyallardan ayılanda ümidləri çilik-çilik olur şəhid ata-analarının. 

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Rəşad İlham oğlu Mikayılzadənin valideynləri də tez-tez oğullarını soraqlayırlar. Vətən uğrunda şəhid olan oğulların valideynlərinin arzusu bir-birinə bənzəyir...

“Ən böyük arzum o idi ki, oğlumun şəhid olduğu Şuşanı görüm, ziyarət edim”

Şəhid Rəşad Mikayılzadənin atası İlham Mikayılzadə ilə oktyabrın 31-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük bir zəhmətlə, fədakarlıqla, məsuliyyətlə ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Şuşa şəhərində təqdimat tədbiri  çərçivəsində yaradıcılıq ezamiyyətində olarkən həmsöhbət olduq. 

Vətən müharibəsi şəhidi Rəşad Mikayılzadə 30 sentyabr 1995-ci ildə  Bakıda doğulub. İbtidai təhsilini Bakı şəhəri Nəsimi rayonu 240 nömrəli tam orta məktəbdə alıb, 5-ci sinifdən Sabunçu rayon 311 nömrəli məktəbdə oxuyub, 2013-cü həmin məktəbin məzunu olub. 2017-ci ildə isə Rəşad Sumqayıt Dövlət Universitetini bitirib. Ali təhsilini bitirdikdən sonra Qazaxda həqiqi hərbi xidmət edib və həqiqi hərbi xidmətinin başa çatmasına bir neçə ay qalmış Vətən müharibəsi başlayıb. Rəşad Mikayılzadə müharibədə iştirak etmək, torpaqlarımızın azadlığı mücadiləsinə qoşulmaq istədiyini bildirib. Lakin ailənin yeganə övladı olduğu üçün komandiri onu  müharibəyə getmək fikrindən daşındırmaq istəyib, deyib ki, ailənin tək övladısan, atan-anan gözlərini sənə dikib, sən onların yeganə ümid yerisən, sən müharibəyə getmə. Amma komandirin  israrına baxmayaraq, Rəşad könüllü olaraq Vətən müharibəsinə gedib. Beləliklə, sentyabrının 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində könüllü əsgər kimi iştirak edib. Füzulinin, Şuşanın, Hadrutun,  Xocavəndin azad olunması uğrunda gedən döyüşlərdə cəngavər kimi vuruşub. Könüllü əsgər Rəşad Mikayılzadə 9 noyabr 2020-ci ildə Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə komandirini xilas edərkən snayperdən açılan atəş nəticəsində şəhid olub. 
2015-ci ildə Azərbaycanda keçirilən I Avropa Oyunlarının könüllüsü olub, xidmətinə görə Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən mükafatlandırılıb. 

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mikayılzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. Həmçinin Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirərkən cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mikayılzadə ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Mikayılzadə ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib. 

Füzuli, Hadrut, Şuşa və başqa ərazilərimizin azad edilməsi uğrunda böyük şücaətlə döyüşən oğullarımızın arasında 25 yaşlı Rəşad Mikayılzadənin də olmasını ata qürurla vurğulasa da, amma gözündəki kədər, səsindəki qəhər, çöhrəsini bürüyən qüssə, nisgil gözümdən yayınmır, danışdıqca sanki səsi də ağlayır şəhid atasının.  

“Rəşad şəhid olanda 25 yaşı vardı. Vətən Müharibəsinə könüllü əsgər kimi qatılmışdı. Oğlum 2020-ci il noyabrın 9-da Şuşada öz komandirini xilas edərkən snayperə tuş gəlib şəhid olub. Məhz həmin gün də Şuşa işğaldan azad olundu. Rəşad bizim yeganə övladımız idi. Nə bacısı, nə qardaşı vardı. Rəşad ali təhsilli idi, Sumqayıt Dövlət Universitetini bitirmişdi. Əslimiz Lerik rayonundandır. Amma Bakının Yasamal rayonunda yaşayırdıq. Əsgərliyə də Yasamal “voyenkomatından” getmişdi”. 

Ata deyir ki, oğlunun qanının tökldüyü, balasının uğrunda canını fəda etdiyi Şuşanı görmək, bu yerləri ziyarət etmək ən böyük arzusu olub. “Şuşaya gəlməyi çox istəyirdim. Ən böyük arzum o idi ki, oğlumun şəhid olduğu Şuşanı görüm, ziyarət edim. Bir vaxtılar bu torpağa balamın və mənim balam kimi neçə-neçə oğulların ayaqları dəyib, onlar Şuşanı azad ediblər, düşmənin izini-tozunu bu torpaqdan siliblər.  Şuşanı gördüm, elə bil oğlumu yenidən gördüm. Bu torpaqda balam şəhid olub axı. Hissələrimi ifadə etmirəm. Övlad itkisi çox ağırdır. Özü də yeganə övladını itirmək daha dəhşətlidir. Mən bir az dözürəm, anası heç dözə bilmir, hey soraqlayır, hey gözləyir, hey ağlayır. Bircə təsəllim odur ki, oğlum Vətən uğrunda şəhid olub. Bizim oğullarımız bu torpaq və üçrəngli bayraq uğrunda canlarından keçdilər. Biz onların sayəsində bu azad torpaqlarda rahat yaşayırıq. 

İlk dəfədir ki, Şuşaya gəlirəm, gəlməyi çox istəyirdim. 2021-ci ildən gəlməyə can atırdım, amma gələ bilmirdim. İndi gəlib çıxdıq.Yoldaşım gələ bilmədi”. 

Rəşadın anası Nailə xanım da Şuşanı görmək istəyib, amma müəyyən səbəblərdən gələ bilməyib. Rəşadla bağlı çox arzularının yarımçıq, nakam qaldığını bildirən İlham Mikayılzadə deyir ki, oğluna nə nişan, nə də toy edə biliblər. “Bütün arzularımız yarımçıq qaldı. Deyirdik ki, sağ-salamat əsgərlikdən gəlsin evləndirək, toyunu görək. Amma qismət olmadı. Çox yaxşı uşaq idi. Əməli təmiz, niyyəti pak idi. O, pis vərdişlərdən uzaq idi. Hətta əsgərlikdə orucunu tutub, namazını qılırdı. Özümüz seyid-peyğəmbər övladıyıq...Yeganə övladımız da Vətən uğrunda canını fəda etdi”-deyə İ.Mikayılzadə bildirdi. 

İ.Mikayılzadə Şuşa səsfərinə və şəhidlərimizin adlarının kitablaşdırılmasına görə Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya və kollektivə öz təşəkkürünü bildirdi. Qeyd etdi ki, Xatirə Kitabının gördüyü bu iş misilsizdir və bu kitablarda şəhid oğulların xatirələri əbədiləşdirilir. 

Ata deyir ki, Rəşad  şəhid olandan bir neçə il sonra Tanrı onlara bir qız övladı bəxş edib: “6 aylıqdır. Allahın verdiyi paydır. Qızımızın adı Ayladır. Ayla Rəşadlı. Qardaşının adını soyad kimi verdik. Qoy qardaşının adını soyadında yaşatsın...”

 Qeyd edək ki,  Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının böyük bir zəhmətlə, fədakarlıqla, məsuliyyətlə ərsəyə gətirdiyi “44 gün – Tarixi zəfər” adlı kitabın III cildinin Şuşa şəhərində təqdimatında övladları Şuşanın azadlığı uğrunda şəhid olan bir qrup valideyn də iştirak edirdi. 

İradə SARIYEVA






Seçilən
64
baki-xeber.com

1Mənbələr